Bir də başını qaldırdı ki, yanında kimsə yoxdu. Əvvəl azca narahat oldu. Sonra – əşşi, cəhənnəmə getsinlər, gələrlər də – deyib, yenə qumun üstündəki tüpürcəyi ilə oynamaqda davam etdi. Yorulanda anladı ki, yox, deyəsən doğrudan yanında kimsə yoxdu və gələn də yoxdu. Ayağa qalxıb əlini gözünün üstünə günlük elədi. Ətrafa baxdı. Sapsarı səhralıq. Sapsarı günəş. Buludsuz, aydın səma səhrada nə qədər eybəcərdi – düşündü. Qum yenə arada ilğım göstərib adamı bir anlıq da olsa ümidləndirir. Amma səmada yalnız ümidsizlik var. Günəş…
Heç kim gələnə oxşamırdı. Özü getməyə başladı. Getdi, getdi, getdi, çölün ortasında dik dayanmış böyük bir güzgüyə rast gəldi. Yaxınlaşıb özünə baxdı. Gördü ki, özü də yoxdur. Yəni kimsəni gətirəcək qədər yoxdur. Qalmayıb. Güzgüdə it gördü. Çevrilib baxdı. İt yox idi. Güzgüyə baxdı. İt var idi. Kiməsə oxşayırdı bu it. Nə qədər fikirləşdi yadına sala bilmədi. Amma çox yaxın adama oxşayırdı. Gözlərini yumub xatırlamağa çalışdı. Alınmadı. Yenə güzgüyə baxdı. Özü yox idi. Amma it var idi. Hə, indi anladı. İt onun özünə oxşayırdı. Amma indiki halına yox. Bir azdan düşəcəyi halına. Tutmağa adam axtarırdı bu it. Adamsa yox idi. Hamısını hürüb qaçırtmışdı. Hərəni bir tərəfə.
Özündən özünə qalan eybəcər bir itsifət idi. İçi rəngdə. Yaxınlaşıb üzünü güzgüyə dayadı. İt iylədi onun sifətini. Ürpənib geri çəkildi…
Dili-dodağı qurumuşdu. Su heç yerdə yox idi. Qumun üstündə qoyub gəldiyi tüpürcəyini xatırladı. Kaş onu tüpürməyəydim – düşündü. Yandırdı onu ağzının quma qarışmış bir çimdik suyu. Həm də indiyə qədər elədiyi naqisliklərdən betər yandırdı. Heç vaxt haqq-nahaq tüpürdüyünü yalamadığı üçün bu hala düşmüş adamın indi ürəyindən qayıdıb bir az əvvəl palçığa dönmüş bir çimdik qumu tapıb yalamaq keçdi. Amma günəş bu səhrada fərqinə varmayıb geridə buraxdığın hər şeyi, hətta zamanı belə anındaca qurudub quma çevirirdi…