(Hekayə)
Rüstəm müəllim elmlər doktoru, professor idi. Uzun illər idi ki, Tibb Universitetində dərs deyirdi. Minlərlə həkim yetişdirmişdi bu illər ərzində. Hamı təcrübəli alim, gözəl mütəxəssis və ən başlıcası təmiz bir insan kimi tanıyırdı onu. Elə tələbələri də uzun illərdi ikiotaqlı sadə bir mənzildə yaşayan, əyin-başı həmişə səliqəli olsa da təzə olmayan bu adamı daha çox gözütoxluğuna, haram tikə yemədiyinə görə sevirdilər. Heç kim onun təmənna ilə nəsə bir iş gördüyünü xatırlamırdı. Hətta güzəştə gedib qiymət yazdığı zəif tələbələr belə nəinki rüşvət, heç cəsarət edib ona rayondan nəsə bir sovqat da gətirə bilməzdilər. Belə şeyləri özünə təhqir sayardı. Hamı bilirdi ki, vaxtı ilə belə təkliflərə, tapşırıqlara görə kimlərisə imtahandan qovub. Belə yaşamışdı ömrünü Rüstəm müəllim. Artıq xeyli yaşlaşmışdı. Səhhəti sözünə baxmırdı. Universitetə də çətinliklə gedib gəlirdi. Amma yenə də dərslərini deyirdi. Savadına, təcrübəsinə və şəxsiyyətinə olan hörmətə görə onu təqaüdə göndərmirdilər. Həm də bilirdilər ki, ömrü boyu maaşla dolanan bu adama işləmədən yaşamaq çətin olacaq. Özü də dava-dərmana ehtiyacı olduğu bu vaxtlarda…
Ürəyindən müalicə olunurdu Rüstəm müəllim. Dərsdən sonra bütün günü evdə oturar, vaxtlı vaxtında dərmanlarını içər, bir az kitab oxuyar, bir az da nəvəsi ilə başını qatardı…
Bir gün səhər universitetə getmək üçün əynini geyinəndə nəvəsi gəlib dayanır onun qarşısında. Əlində də bir azdan Rüstəm müəllimin içməli olduğu kapsul:
– Baba, bunun içi boşdu.
Rüstəm müəllim nimdaş pencəyinin o biri qolunu da geyinir, nəvəsinin ovcundan iki hissəyə ayrılmış kapsulu götürüb baxır. Əvvəl uşağa acıqlanır. Sonra hirslə həyat yoldaşına səslənir:
– Sənə neçə dəfə demişəm bu uşağı qoyma mənim dərmanlarıma toxunsun. Bax gör neyləyib. Açıb boşaldıb dərmanın içini.
Xanımı sakitcə gəlib kişiyə heç nə demədən nəvəsinin qolundan tutaraq otaqdan çıxardır. Rüstəm müəllim narazı halda gəlib süfrəyə oturur. Qutudan başqa bir kapsul çıxardıb su ilə içir. Sonra qutunu cibinə qoyub evdən çıxır. Yollarda tıxac yarandığından avtobus dayanacağında xeyli gözləməli olur. Bekarçılıqdan dərman qutusunu cibindən çıxardıb üzərindəki qeydləri oxuyur. Nəvəsinin xətrinə dəydiyini xatırlayıb pis olur. Amma sonra dərmanın qiymətini düşünüb hərəkətinə haqq qazandırırmış kimi özünə təsəlli verir:
– Axı mən neyləyim. Bahadı dərman. Hər gələn birini zay eləsə, gərək gedib yenisini alam. Ona da maaş imkan vermir…
Birdən ağlına nə gəlirsə qutunu açıb içindən bir kapsul götürür. İçərisindəki qarışığı külək dağıtmasın deyə kapsulun bir birinə geyindirilmiş hissələrini ehmallıca ayırıb baxır. Sonra onları pencəyinin cibinə qoyub təəccüblə başqa kapsul götürür qutudan. Sonra üçüncüsünü…
Kapsulların üçünün də içi boş çıxır.
Yazıq uşaqda günah yox imiş – düşünür Rüstəm müəllim. Çaşmış halda indicə qarşısında dayanan avtobusa baxır. Əvvəl minmək istəyir. Sonra geri çəkilir. Sürücü ona tənə ilə başını yırğalayıb sürür avtobusu. Fikirli-fikirli bir müddət dayanacaqda oturub qalır professor. Sonra qalxıb üç tin o yanda olan aptekə gedir. Dərmanı aldığı aptekə.
Dərman satan qız onu gülər üzlə qarşılayır. Amma əhvalatı biləndə rəngi dəyişir. “Gözləyin zəhmət olmasa” – deyib, tələsik kiməsə zəng edir. Arxa otağa keçib astadan nəsə danışır. Sonra qayıdıb Rüstəm müəllimə deyir ki, gözləyin, indi müdirimiz gəlir…
Çox keçmir ki, aptekin qarşısında qara bir CİP dayanır. Maşından cavan, boynuyoğun bir oğlan düşüb içəri girir. Qız başı ilə ona Rüstəm müəllimi göstərir. Oğlan yaxınlaşıb tələsik salam verir. Sonra onun qoluna girib bayıra çıxardır. “Ağsaqqal, heç mən də bilmirəm bu necə olub, siz də çox səsə salmayın, həyatdır, hər şey olur” – deyib, heç kimin görməyəcəyi ehtiyatla Rüstəm müəllimin cibinə üzərində aptekin adı yazılmış dərman torbasında nəsə basır:
– Yaxşı yol, ağsaqqal. Gedin, özünüzdən də muğayat olun. Nə qulluğunuz olsa, mən hazır…
Oğlan bunu deyib Rüstəm müəllimə danışmağa imkan vermədən, heç nə olmayıbmış kimi qayıdıb aptekə girir. Professor nə baş verdiyini anlamağa çalışır, amma anlaya bilməyib oradan uzaqlaşır. Bir qədər getdikdən sonra yolunun üstündəki parkda oturur. Oğlanın onunla rəftarını, tay-tuşu kimi əlini kürəyinə vurub yola salmasını xatırlayıb özünə bu cür münasibətin səbəbini anlamağa çalışır. Sonra əlini cibinə salıb torbanı çıxardır. Elə bilir içindəki dərmandır. Amma yox. Torbada pul olur. Beş yüz manat. Ortadan səliqə ilə qatlanmış beş dənə yüzlük. Rüstəm müəllim pulları görəndə elə oturacaqdaca çevrilib arxaya baxır. Aptek olan istiqamətə. Sonra yenə pullara baxıb fikrə gedir…
Saatına baxır. Dərsin başlamasına hələ bir az var. “Tez getsəm, çata bilərəm” – düşünür. Pulları yenə aptek torbasına qoyub, ayağa qaxır. Küçəni keçib, vitrininə manekenlər düzülmüş mağazaya girir. Üç yüz manata özünə bir kostyum alır. Qalan iki yüz manata da yaxınlıqdakı super marketdən bazarlıq edib, evinə gedir…