Azərbaycanla Türkiyənin növbəti dəfə qol-boyun olması üçün gözəl fürsət yaranıb. Doğrudur, iki qardaş ölkənin müttəfiqliyinin dünyada ikinci nümunəsini tapmaq çətindir – necə ki, baş nazir Əhməd Davudoğlu da haqlı olaraq “dünyada bir-birinə yaraşan başqa cüt bayraq yoxdur” deyib. Ancaq nədən bu müttəfiqliyin, bu qardaşlığın davamı gəlməsin, zaman-zaman araya girməyə çalışan xainlərə növbəti dərs verilməsin?
Bunun üçün ən gözəl fürsətdir Çanaqqala zəfərinin 100 illiyinin birgə qeyd olunması. Osmanlı Türkiyəsi üçün həyati əhəmiyyət kəsb edən bu savaşın zəfərlə başa çatması həm də Azərbaycanın xilasına apardı. Əgər o zaman Osmanlı ordusu yadellilərin üzərində zəfər çalmasaydı, Azərbaycanın sonrakı qurtuluşu da mümkünsüz olacaqdı. Məğlub ordu başqa məmləkətin xilasına gedə bilməzdi təbii ki.
O zaman nə yaxşı ki, türk ordusu Çanaqqala zəfərini qazandı və Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycanın yardımına yetişdi. Odur ki, Çanaqqala zəfəri həm də bizim zəfərimizdir, tarixdəki azsaylı qələbə günlərimizdən biridir. Bu mənada Çanaqqala uğrunda şərəfli savaşda canlarından keçənləri hörmətlə anmaq, onların ruhunu şad edən qalibiyyətin sevincini türkiyəli qardaşlarımızla bərabər yaşamaq həm də bizim haqqımızdır.
Bununla bağlı Türkiyədən də ciddi mesajlar, dəvətlər var. Elə Türkiyə prezidenti cənab Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevi hələ bir neçə ay əvvəldən Çanaqqala törənlərinə qatılmaq üçün şəxsən dəvət etməsi bunun sübutudur. Azərbaycan birinci şəxs səviyyəsində bu tədbirdə iştirakı Çanaqqala qalibiyyətinə dövlətin verdiyi önəmin təzahürüdür. Üstəlik, Azərbaycandan böyük nümayəndə heyəti Türkiyədə olacaq həmin günlərdə.
Ancaq Azərbaycanın özündə də görüləsi işlər var. Bununla bağlı deputat Fazil Mustafa çox gözəl təşəbbüslə çıxış edib. Fazil bəy aprelin 24-də yalançı “erməni soyqırımı”na cavab olaraq Türkiyədə olduğu kimi, Azərbaycanda da Çanaqqala zəfərinin 100 illiyinin dövlət səviyyəsində keçirilməsini təklif edib. Türkiyənin Bakıdakı səfirliyinin mətbuat katibi Hamid Karadeniz buna “nə gözəl, Allah razı olsun” reaksiyasını verib. Bakı bu addımı atsa, Türkiyədə böyük məmnunluq yaşanacaq. Türkiyə və Azərbaycana münasibətdə dünyanın ikiyə bölündüyü bir zamanda “bir millət iki dövlət”in vahid mövqedən çıxış etməsi yalnız millətimiz və dövlətimiz üçün faydalı olar.
Sovet dövründə “Qələbə günü” adlandırılan 9 mayın qeyd olunmasına sözümüz yox. Bir müharibədə ki, 300 min nəfər itirmişik, onun üstündən sükutla keçməyimiz mümkün deyil. Ancaq Çanaqqala da bizim qələbə günümüzdür – Antanta dövlətlərinin Osmanlı imperiyasını yenmək projesində iştirakımızın zəfər günüdür. Dövləti, ordusu olmayan Azərbaycan türkləri bu savaşa qatılıb qardaşlıq borcunu yerinə yetiriblər.
Çanaqqala savaşında şəhid olanların ailə üzvləri barədə məlumat yoxdur, ancaq bu gün hər birimiz Çanaqqala döyüşləri qurbanlarının doğmalarıyıq. Üstəlik, Azərbaycan şəhidlərinə sayğı əlaməti olaraq Çanaqqalada xatirə lövhəsi də qoyulub, Türkiyə dövləti də bunu rəsmən bəyan edir.
Çanaqqalada Osmanlı dövləti 45 974 şəhid verib, 174 min 634 isə yaralı olub. Ölən və yaralananların içərisində min nəfərdən artıq (bəzi mənbələrə görə, 3 min nəfərə yaxın) Azərbaycan əsgəri də olub. Odur ki, Çanaqqala zəfərinin Azərbaycanda da dövlət səviyyəsində qeyd olunması Türkiyə və Azərbaycanın birliyi naminə gözəl bir təşəbbüsün əsası qoyular.
Aprelin 5-də ilk dəfədir Bakıya gəlmiş Ənvər Paşanın nəvəsi Osman Mayatepeklə şəxsi həyatımda böyük bir hadisə hesab etdiyim görüş və söhbətim oldu. Parlament Jurnalistlər Birliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı baş tutan səfərin son günü şans yarandı ki, həmkarım Aqil Camalın avrtomobili ilə hava limanına doğru uzanan yolda həmsöhbət olaq. İnşallah müsahibəni “Yeni Müsavat”ın növbəti sayında oxuyacaqsınız…
Görüşdüyü hər kəsdən sevgi gördü Osman bəy. Ənvər Paşanın göndərdiyi, kiçik qardaşı Nuru Paşanın kiçik qardaşı Nuru Paşanın rəhbərlik etdiyi ordunun xilas hücumu olmasaydı, yəqin ki, biz başqa tale yaşayacaqdıq, Ənvər Paşanın 65 yaşlı nəvəsi də babasının bu qərarına görə çox məmnun idi, babasına görə qürurluydu. Bakının xilasından da, Çanaqqala qələbəsindən də qürurla danışdı. Babası kimi ayağı düşərli olar İnşallah, günün birində Şuşanın azad edilməsini də Bakı və Ankara birgə bayram edər!