Bu qarlı-çovğunlu gündə baş nazirin sorağını eşitmək əsl hadisə sayılmalıdır bəlkə də. Mən də Musavat.com-da “Artur Rasizadə dəyişiklik etdi – QƏRAR” başlığını və baş nazirin fotosunu görən kimi ürəyimdən yüz fikir keçdi. Ən birinci düşündüm ki, yəqin hökumətimizin başçısı istirahət gününə haram qataraq əhalini ən azı son 48 saatda narahat edən məsələlərə müdaxilə edib.
Allahdan gizlin deyil, bəndədən nə gizlədək ki. Şənbə və bazar günləri ölkə əhalisi nə yediyini, nə içdiyini bilib. Bir tərəfdən manatın ölüm xəbəri, o biri tərəfdən qar-çovğun səbəbindən ölkənin hər yerindən qara (qaranlıq) xəbərlərin gəlməsi adamları dilxor edib.
Deyək ki, milli valyutamızın məzənnəsinin aşağı düşməsi qaçılmaz idi. Əslində bu, çoxdan gözlənilirdi və hətta tez-tez jurnalistlər iqtisadçılardan “niyə Azərbaycan manatı sərbəst buraxılmır” sualına cavab istəyirdilər. Əgər bir ölkə ki, təkcə bir ayda valyutasını sabit saxlamaq üçün 2 milyard xərcləyir, onun sabitliyinin daha nə faydası var? Söhbət milyardlardan gedir. Nefti çıxar, sat, qazancını apar manatın yolunda xərclə, daha nə oldu? Bu gedişlə 2015-in sonuna qədər Azərbaycanın illik büdcəsi qədər vəsait xərclənməliydi manat naminə.
Üstəlik, Azərbaycan milli pulunu sabit saxlamaqla fırtınalı dənizin ortasında qərar tutmuş sabitlik adasına bənzəyirdi, bütün qonşularda milli valyutalar dəyərdən düşdüyü halda sona qədər pulumuzu sabit saxlaya bilməzdik. Lakin bu qərar bir gecədə də verilməməliydi, Azərbaycan insanının ürəyini üzməyə, sadə vətəndaşdan tutmuş istehsalçılara, bankirlərə qədər hər kəzə zərbə vurulacağı nəzərə alınmalıydı. Fakt budur ki, bizdə məhz belə dar məqamlarda sui-istifadə halları çoxalıb.
Hər yerdən eyni məzmunlu xəbərlər gəlir. Marketlərdəki malı anbarlarda gizləyən kim, dükan-bazarın qapısını bağlayıb “hələ görək nə olur” deyən kim, hətta çörəyin qiymətini də qaldıran kim. Elə topdansatış mərkəzləri var ki, nisyə mal verdikləri ticarətçilərə manatın kursuna uyğun şəkildə əlavə faiz alacaqları barədə xəbərdarlıq ediblər. Yəni qiymət qalxacaqsa da, bundan sonra baş verəcək. Bizim bir çox işbazlar artıq keçən günlərə görə haqq istəyirlər. Bu mənada Artur Rəsizadənin kabinetin fövqəladə toplantısını keçirib konkret tapşırıqlar verməsi, əhaliyə müraciət etməsi lazım idi. Düzdür, bir neçə il əvvəl Artur müəllimdən qiymətlərin qalxması barədə soruşulanda xiyar yeməməyi məsləhət görmüşdü. Ancaq hər halda hökumətin başında dayanan şəxsdən xalq müvafiq addımlar gözləməkdə haqlıdır.
Ancaq baş nazirimizin qərarına baxdım. Demə, Artur müəllim “Nəzarət kitabçası” haqqında Əsasnamə”dəki dəyişiklikləri təsdiqləyibmiş. Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyinin sahibkarlıq subyektlərində yoxlamalarla bağlı səlahiyyəti ləğv edilib. Bununla da vergi orqanları “Yeni Müsavat”ın bir müddət əvvəl yazdığı kimi Vergilər Nazirliyinə müstəsna səlahiyyətlər verilmiş olub. Yəni daha yoxlamalar aparmaqda “hakimi-mütləq”dir bu qurum. Məgər ölkənin baş naziri sahibkarların vergi əməkdaşlarından etdiyi şikayətlərdən xəbərsizdirmi? Axı sahibkarlıq subyektləri ölkənin vergi ödəyiciləridir, onlara “qan uddurulması” barədə məlumatlara niyə biganədir?
Manatın inflyasiyası qaçılmazdır deyirsiniz, olsun. Ancaq ölkədə bahalaşmanın qarşısını inzibati tədbirlərlə almaq mümkün deyil. Necə ki, İqtisadiyyat Nazirliyi sahibkarları hədələyib. Ölkəboyu qiyməti endirməyin əsas yolu gömrük rüsumlarında güzəştlərin edilməsi, əlavə haqq istənilməsinə son veriməsi, iş adamlarına rəqabət imkanlarının yaradılmasıdır. Rusiya rublu manatdan fəlakətli durumdadır. Ancaq Moskvada banan bizdən iki dəfə ucuzdur. Niyə? Səbəbini illərdir yazırıq…Hökumət başçısı ölkədə monopoliyaya son qoyulması üçün hərəkətə keçərsə, əminəm ki, vəziyyət yaxşılığa doğru dəyişər, bu gərginlikdən əsər-əlamət qalmaq. Bu gün ölkədə psixoloji durum təhlükəli həddədir. Bir həftə əvvəl söhbət etdiyim YAP-çı deputat manatın sabitliyini inkişafımızın əsas faktoru adlandırırdı. Bu gün hakim partiyanın üzvləri də arqumentsiz, həm də çıxılmazda qalıb. Vəziyyətə təcili müdaxilə olunması gərəkdir.
Artur Rəsizadənin müdaxilə etməli olduğu başqa bir məsələ də var. Yağan qar ölkəboyu fəlakətli durum yaradıb. Nəinki ucqar rayonlarda, dağ kəndlərində, hətta Bakının özündə acınacaqlı vəziyyət hökm sürür. Azərbaycan paytaxtına il ərzində uzağı 1-2 dəfə qar yağırsa və onda da insanlar mənzillərində donursa, elektrik enerjisi saatlarla, hətta günlərlə kəsilirsə, buna məsuliyyət daşıyanlar nəhayət, cəzasını almalıdır. Hanı bəs hər ilin sonu keçirilən müşavirələrdə “qışa tam hazırıq” açıqlamaları, prezidentə verilən vədlər? Məntiqlə məmurlar elə ölkənin başçısını da aldadıblar. Elə Artur müəllimi də. Baş nazir dərhal fövqəladə iclas çağırıb cavabdehləri sıraya düzməli, onlardan izahat istəməliydi. Necə ki, anoloji vəziyyət başqa ölkələrdə yaşananda cavabdeh şəxslər dərhal hərəkətə keçir, xalqa izahat verir, əlavə sui-sitifadələrin baş verməsinin qarşısını alırlar. Hətta bu arada Siyavuş Novruzov da dedi ki, hökumət xalqa izahat verməlidir. Ancaq bizim məmurlar heç isti kabinetlərdən xalqa televiziya ilə müraciət etməyə, toplanıb şəkil çəkdirməyə də ehtiyac görmür. Bəlkə başları qarışıqdır, məsələn, manatı-dollara dəyişməyə…
Mən bu yazını ayaqlarım su içərisində yazıram. Elə redaksiyaya gəlib çıxa bilən həmkarlarımın əksəriyyəti bu gündədir. Yollarda göllər yaranıb, ayağını atırsan, dizə qədər suya düşürsən. Bunlar hələ paytaxt yollarıdır, Lerik-Lənkəran yolu deyil. İşıqsız, istiliksiz, yolsuz paytaxt…
Görəsən, heç olmasa Hacıbala müəllimin işığı yanırmı?