Bölgələrdə gənclərimiz adətən iş tapa bilməyəndə çar-naçar üz tuturdular Bakı ətrafındakı daş karxanalarına. Ali təhsil ala, tikintidə çalışa, Rusiyaya gedə bilməyənlərin son ümid yeri idi bu dağlar. Nə əmək müqaviləsi, nə təhlükəsizlik qaydaları, nə Qızıldaş, Güzdək, ya da Lökbatanın boz dağlarının ciyərlərinə dolan toz-torpağına məhəl qoyan yox idi. Təki çörəkpulu çıxsın. 30 kiloluq daşın birini 3-4 qəpiyə (!) maşına yükləsələr də, ayrı əlac yox idi…
Amma indi vəziyyət fəlakətli həddədək ağırlaşıb. Neftin qiymətdən düşməsi daş karxanalarında da kütləvi işsizlik yaradıb. Bunu Lökbatanda olarkən söhbətləşdiyim gənc “karyer”çilər danışdılar. “Karxanaların 50 faizi bağlanıb, iş yoxdur, işlədiyimizin pulunu da ala bilmirik” – dedilər həmsöhbət olduğum gənclər. Hara getsinlər, kimdən şikayət etsinlər, nə rəsmi iş yerləri olub, nə əmək müqavilələri. Beləcə taleyin ümidinə qalıb bu insanlar. Böyük bir ordudan söhbət gedir…
Bu, neftin qiymətdən düşməsinin Azərbaycan insanına vurduğu ziyanın bir qismidir. Pul kütləsi azalıb, tikinti sektoru iflic olub və təbii olaraq daş alanların da sayı kəskin düşüb. Sentyabr ayında bölgələrdə 70-80 qəpiyə olan mişar daşı indi 40 qəpikdir, yenə alıcı qəhətə çıxıb. Taxta, armatur, başqa tikinti materiallarının da qiyməti kəskin aşağı düşüb. Məntiqlə gərək indi tikənlərin sayı çox olsun. Ancaq əksinədir. Deməli, satanlar da qazancdan olub, tikənlər də…
“Əgər lazımi addımlar atılmasa, arzuedilməz olaylar baş verə bilər” – deyib Mehman Əliyev. “Turan”ın direktoru o şəxslərdəndir ki, nikbin proqnozları ilə bəzən hətta avropalıları da heyrətləndirib. Ancaq görün ölkədə vəziyyət hansı həddədir ki, o da pessimistlərə qoşulub. Ancaq təkcə daş satan insanlarımızın durumu vəziyyət haqda rəy bildirmək üçün yetərli sayıla bilər. Belə faktlar isə çoxdur.
Bir tərəfdən də hökumət büdcəni yükdən qurtarmaq, neft gəlirlərinin azalmasının qarşısını almaq üçün əhalinin özünü yükləyir. 2015-ci il yanvarın 1-dən əmanətçilərin banklardakı əmanətlərinin qazanc hissəsindən vergi tutulmağa başlayıb.
Vergilər Nazirliyi də 3 il ərzində daşınmaz əmlak satan hüquqi və fiziki şəxslərdən əlavə dəyər (ƏDV) və gəlir vergilərini ödəməyi tələb edir. Çoxsaylı insanlar ev alqı-satqısı ilə məşğul olurdular, indi onlar da qan ağlayır.
Qəzetlərin biri yazır ki, bazar satıcıları son vaxtlar daha çox kartof satdıqlarını deyiblər. Kartof həm də sərfəlidir, kasıb yeməyidir, bəlkə ona görə. Vətəndaş az qazanırsa, təbii ki, daha ucuz qidalanmağa üstünlük verəcək. Ətin qiymətinin 1-2 manat ucuzlaşmasının da səbəbini alıcı qıtlığı ilə izah edirlər. Deməli, qida rasionunda ətin yerini kartof alıb? “Şərikli çörək” filmində Qırçı Məhəmmədin balaca şagirdi ilə kartofu duzlayıb şirin-şirin yediyi yadınızdadır?..
Xeyli gənclərimiz də oldu ki, zamanında Vətən uğrunda şəhid oldular. Neçə müddətdir onların yaxınları “qanpulu” aksiyası keçirir. Sonuncusu ötən cümə oldu. Adamları sakit dinləmək mümkün deyil. Ciyərparasını itirənlər neçə vaxtdır qapılarda, yollarda qalıb ki, “qanpulu”nu alsın. Ahıl kişiyə ümid vermək istədim, “oğul, mənim yaşım daha 80-ni keçib e, mən öləndən sonra o pulu neynirəm. İndi heç olmasa iynə-dərmana verərəm” dedi.
Haqlıdır. Deyək ki, neftin pulu təzə düşüb, böhrandır, pul yoxdur. Bəs əzizi illər öncə Vətən yolunda şəhid olanlara çatası 11 min manat niyə verilməyib? Qanun var, vətəndaş haqqını tələb edir, adamlar niyə “Azərsığorta”dan haqlarını ala bilmir?
“Mənə yaxın dostum danışdı ki, Azərbaycanın iki tanınmış ailəsinin övladları – tələbələr İngiltərədə mərc edib yarışa giriblər ki, hansı avtomobilin hava yastığı daha tez açılacaq. Avtomobillər ”Porşe” və “Mazeratti” olub. Birinin qiyməti 300000, o birininki 400000-dir”. Bu, yazıçı Çingiz Abdullayevin sözləridir.
Şəhid ailəsi 11 min manata görə qapıları kəsdirir – qanpulunu alsın deyə. Həmin məmur balaları isə yarım milyonluq avtomobillərlə şütüyür, mərcə girirlər… Bu gün xeyli gənclərimiz var ki, qulağı səsdədir, karxanalar iş üçün nə vaxt açılacaq deyə, soraqdadır… Gənclərimiz də var 400 minlik avtomobilinin hava yastığının dərdini çəkir… Çəkilməli dərd deyil. Sizcə, hansı?..