Dövlət başçısı ötən ay harın məmurlara sərt xəbərdarlıq edəndən sonra deputat Hadı Rəcəbli “prezident xalqın ürəyindən tikan çıxardı” demişdi. Ölkə rəhbərinin Münhendə düşmənə ünvanlı “erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var ki, orda ölür” deməsindən sonra həmin tikan söhbətini xatırladım…
Əslində düşmənin ağzınlığının, Ağdamda hərbi təlimlər keçirəcək qədər həyasızlığının qarşısında “torpağıma gəlmə, ölmə” arqumenti beynəlxalq tribunadan səslənməsi çox uğurlu bir gedişdir və bu, çoxdan olmalıydı. Azərbaycanın istinad edəcəyi beynəlxalq sənədlər də var, BMT sənədlərindən tutmuş Avropa Parlamentinin işğal olunmuş ərazilərə Ermənistanın əsgər göndərməməsinə çağırış əks olunan qətnaməsinədək…
Almaniya xəbərdarlığından sonra təbii ki, işğalçı ölkənin Qarabağa əsgər göndərilməsini dayandıracağını düşünmürük. Hər halda düşmən həddini aşmağa ehtiyat edəcək. Ermənistanın bəzi saytlarına baxdım. İlham Əliyevin erməni cəmiyyətinə ünvanlı fikirlərini, düşmən əsgərinin nədən məhv edildiyi barədə dediklərini yaymayıblar. İstəmirlər ki, bədbəxt günə qoyduqları sadə ermənilər bu fikirləri oxuyub rejimə qarşı nifrətlə silahlansın. Deməli, Münhendə atəş hədəfə dəyib.
Əslində prezident bu bəyanatı ilə silahlı qüvvələrimizə torpaqlarımızdakı hər bir erməni əsgərinə qarşı amansız olmağı əmr etmiş olub. Təbii ki, indiki geopolitik vəziyyət ən son qərarı verməklə bağlı tərəddüdlər yaradır. Bununla belə, indiki situasiya üçün görülməli olan işlər var. Etiraf edək ki, biz kül halında üzərimizə düşəni etmirik, ya da etmək istəmirik. Ali Baş Komandanı sözünü dedi. Gəlin görək biz cəmiyyət olaraq Qarabağ üçün gündəlik fəaliyyətimizdə nə edirik, Şuşa türməsində ölüm ayağında olanlarımız üçün heç olmasa dualar edirikmi?
Elementar məsələlərdə ləng tərpənirik. Məsələn, iki həftədir Serj Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün təşkil olunmuş petisiyada cəmi 42 min səs verilib. 50 milyon olmağımızla fəxr edirik, ancaq yarım aydır tələb olunan 100 min imzanı toplaya bilməmişik. Demirik ki, imza toplanan kimi Sərkisyanı tutub qoduqluğa basacaqlar. Amma bu da düşmənlə mübarizənin bir hissəsidir. Nədən olmasın? Bu fakt göstərir ki, biz Qarabağı ermənilərdən çox istəmirik hələ də.
İndiyə qədər 10-dan artıq ölkə Xocalını soyqırım aktı kimi tanıyıb. Lakin hələ də Xocalı ilə bağlı məhkəmə qurulmayıb, Xocalı soyqırımında iştirak edən erməni qatilləri barədə qiyabi də olsa, hökm çıxarılıb Haaqa Tribunasına göndərilməyib. Xocalı abidəsi Şəhidlər Xiyabanına köçürülsün, Xocalı soyqırımı muzeyi yaradılsın, abidənin ziyarəti dövlət protokoluna salınsın dedik, bu da baş vermədi. Düşmən saxta şousu ilə dünyanın diqqətini cəlb edir, biz müasir dövrün faciələrini təqdim etməkdə gecikirik.
Dünyada xeyli milyarderlərimiz var, maşallah sayını da itirmişdik. Bir-iki istisna ilə onlar Qarabağ üçün nə ediblər və indi nə edirlər? Bəlkə “Milyarderlər İttifaqı” Qarabağın Azərbaycana qaytarılması üçün ortaya böyük layihələr qoyub? Bizim bəzi varlılar şakiralara, lopezlərə pul xərcləyir. Erməni milyarderlər isə Kəlbəcərə ikinci yol çəkilməsinə, Zəngilanda, Qubadlıda ermənilərin məskunlaşması üçün yeni qəsəbələrin tikintisinə xərc çəkir. Bircə faktı deyək: adı “Forbes”in siyahısına düşən beş erməni milyarderdən biri, 5 mlrd dolların sahibi olan 93 yaşlı Kerkor Kerkoryan “Arsax” fonduna milyonlarla dollar pul ayırıb…
Fevralın 1-nə qədər Silahlı Qüvvələrə Yardım Fonduna 60 904 961 manat, 211 791 dollar, 593 avro vəsait toplanıb. Görəsən İsveçrə bankında 3,8 milyonu olan 21 nəfərdən kimsə bu fonda 1 sent yatırıbmı..?
Biz Qarabağ itkisini hələ doğru-dürüst təqdim edə bilmirik. Ölkənin paytaxtına gələn əcnəbi hardan bilsin ki, bu ölkənin 20 faizi işğaldadır, əgər şəhərin bir yerində bunu göstərən lövhələr yoxdursa? Qarabağ mövzusu televiziyalar üçün ən maraqsız mövzuya çevrilib. Kanallarda ər-arvad davalarına, kimlərinsə axtarılmasına saatlar ayrılır. Amma Qarabağda əsir və itkin düşmüş 4035 nəfərimizin axtarılması, onların müsibətinin xatırlanmasına həftədə 5 dəqiqə yer verilmir.
Azərbaycan prezidenti Münhendə çıxış edən gün Almaniyada 100 nəfər azərbaycanlı tapılmadı ki, çıxıb konfransın keçirildiyi məkanın qarşısında bir aksiya keçirtsin. Azərbaycan, onun hakimiyyəti əleyhinə demirəm. Əslində bu kimi aksiyalar dolayısı ilə anti-Azərbaycan mövqeli qüvvələrin də əlinə işləyir.
İki azərbaycanlı, Kəlbəcər sakinləri 8 aydır erməni terrorçularının əlində girovdur. Heç olmadısa onların şəkillərini qaldırıb elə beynəlxalq tədbirə qatılanların diqqətini cəlb etmək olardı. Erməninin Bakıda girovu olsaydı dinc oturardımı? Hansı ki, Almaniyada milyonlarla türk yaşayır, bir azca çalışmaq lazım idi ki, onlar “Həpimiz Dilqəmiz” deyib meydanlara axışsın. Niyə etmirik? Türkiyənin Türk İşçilər Partiyasının sədri Doğu Perinçək Avropa İnsan Haqları Məhkəməsində (AİHM) qondarma erməni soyqırımı ilə bağlı böyük bir prosesi başladıb. Nədən bir qrup laçınlının iddiasından sonra bizim Avropa Məhkəməsində Ermənistana qarşı iddialarımızın davamı gəlmir?
****
Niyə bizim müxalifət Azərbaycanı ələ salan həmsədr ölkələrin, Qərb təsisatlarının ofisi qarşısında bir Qarabağ aksiyası keçirmir, nədən ehtiyatlanır? Məncə, hakimiyyət bu sayaq aksiyalara “yox” deməzdi. Təbii ki, iqtidarın da ölkə daxilində görməli olduğu məsələlər var. Hakimiyyət ölkənin adına xələl gətirən bütün addımlardan imtina etməli, siyasi məhbusları azadlığa buraxmalı, siyasi və iqtisadi islahatlara getməlidir ki, bizim Qarabağa gedən yolumuzdakı “minalar” təmizlənsin. Beynəlxalq miqyasda daxilimizdəki problemlər, özümüzün öz ayağımızın altına düzdüyümüz “minalar” ölkəmizə və xalqımıza problem yaradır. Qarabağ naminə durumu dəyişmək gərəkdir.
Amma bir anlıq düşündüm ki, nəinki Almaniyada, axı heç Bakının özündə də Dilqəm Əsgərovla Şahbaz Quliyevi düz-əməlli müdafiə etməmişik. Hamımız yekə-yekə danışırıq, onların qəhrəmanlığından, qorxmadan öz dədə-baba yurdlarını, əzizlərinin qəbirlərini ziyarət etmələrindən bəhs edirik. Ancaq nə olsun? Nə zaman Dilqəmin doğma vətənində 100 nəfər gedib beynəlxalq təşkilatların, elə həmsədr ölkələrin səfirliklərinin qapısını kəsdirdi, onları hərəkətə keçməyə çağırdı? Akif Nağı və QAT-ın 5-10 fəalından, Dilqəmlə Şahbazın ailə üzvlərindən başqa ortaya kimsə çıxmadı. Bu, sadəcə ayıbdır. Bəlkə hakimiyyət yolu kəsdi?
****
Əsas devizimiz “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” olmasa, hələ uzun müddət qələbənin tamarzısı olacağıq. İkili standartlar hətta “Qarabağ”ın futbol oyununda da özünü göstərdi. Deməli, ümid yalnız özümüzədir…
12 fevralda iqtidarlı-müxalfətli bir araya gəlib münasibətləri yenidən başlamaq olar. Bütün ölkə üzrə Qarabağ Uğrunda Hərəkat yaratmalıyıq. İqtidar-müxalifət davasını sonraya saxlamaq gərək. Ukrayna faciəsi və acı nümunəsi göz önündə, orda indi düşərgələrarası yox, Vətən müharibəsi gedir. Elə ölkəni bu hala həm də düşərgələrin müharibəsi gətirdi…