Əslində o, ən uzağı bu gün buraxılmalı, yaxud məhkəmə müddətində həbsi ev dustaqlığı ilə əvəzlənməli idi. Fəqət, Bakı Apelyasiya Məhkəməsinin hakimi Qədim Babayev (gəlin, bu ad-soyadı yadda saxlayaq, çünki o, böyük ehtimalla tarixə düşəcək – pis və ya yaxşı işarə ilə) Lamiyə Quliyevanın vəkilinin vəsatətlərini təmin etmədi, proses daha bir həftə – fevralın 20-dək ertələndi…
Bir həftəyə nə dəyişəcək görəsən – hər şey gün kimi aydın ikən? Cəmiyyət, azad media, toplumun vicdanlı kəsimi, ictimai rəy öz hökmünü artıq veribsə, apelyasiya daha nəyi götür-qoy edir görəsən? Daha nə qədər uzanmalıdır bu ədalətsizlik və allahsızlıq?
Yəni Lamiyə və körpəsinin əvəzində müttəhimlər kürsündə oturmalı olanlar, türmənin çoxdan qəribsədiyi anti-Lamiyəçi gizli-açıq qüvvələr, potensial cinayətkarlar və cinayəti israrla himayə edənlər gerçəkdənmi bunca güclüdürlər? Onlar hətta hakimiyyətin iradəsi əleyhinə getməyə də cürətlənirlərsə, ona güc gəlirlərsə, daha sözümüz yoxdur…
Hərçənd, var. Birinci ona görə ki, vaxtı uzatmaqla məlum məkrli qüvvələr, Azərbaycanın ictimai fikrini barmağına sarıyanlar ölkənin cinayət-prosessual tarixinə, məhkəmə-hüquq adına ən qalmaqallı, rüsvayçı bir dosye kimi düşəcək “Lamiyə işi”nin əsas fiqurantına – Lamiyənin özünə qarşı sonuncu iyrəncliyə də əl ata bilərlər. Lamiyə və uşağı içəridə qaldıqca onların həyatına təhlükə də sovuşmayacaq – bunu vurğulamaq istəyirik ən əvvəl.
Sadə səbəbə: hər şeyə, dedi-qodulara və iftiralara, yaramaz və ağlasığmaz versiyalara məhz Lamiyə məhkəmədəki canlı şəkildə verəcəyi ifadə ilə nöqtə qoyula bilər. Məhz onun detallı ifadəsindən sonra Penitensiar Xidmətin “sperma nağılı” da gedəcək öz işinin dalınca – aidiyyəti cavabdeh şəxslərin kəllələri ilə birgə…
Yetər ki, Lamiyə heç nədən çəkinmədən əlahəzrət həqiqətin necə olduğunu desin, daha həmin qüvvələrin qorxusundan dilinə yalan gətirməsin, əks halda, onun özü gülünc vəziyyət düşəcək, körpəsi ilə birgə başı üstündən təhlükə azalmayacaq. Unutmasın ki, bu, indi həm də ictimai əhəmiyyətli, prinsipial məsələdir.
Ən əsası, yalnız gerçəyi söyləmək onun və azyaşlı övladının azadlığını, xilasını, təhlükəsizliyini təmin edə bilər. Özünün, körpəsinin əleyhinə gedib sonuncu şansını qaçırmasın…
Başqa yandan, həqiqəti 80 faizindən çoxunu onsuz da hamı bilir. Yerdə qalan 20 faizini isə illərdir haqsızlığa və iztirablara tuş edilənin özü tamamlamalıdır. Bu, həm də allahsız şəkildə ömürlük həbs almış başqa bir bəxtsiz cavanın – Vüqar Əliyevin azadlığa çıxması üçün vacibdir.
Üstəlik, Lamiyə və Vüqarın günahsız qohum-əqrəbasına da əsassız yerə olmazın əzab vermiş Aslan Aslanov başda olmaqla firon məmurların, onların hüquq-mühafizə orqanlarındakı himayədarlarının, o sırada hakim-müstəntiqlərin, prokuror-polis əməkdaşlarının, türmə işçilərinin gec də olsa cəzalanması üçün lazımdır.
Ən ümdəsi, ictimai ibrət və belə halların bir daha təkrarlanmaması üçün gərəkdir!..
Azdır? Bəlkə ondan sonra Azərbaycandakı məhkəmə-hüquq sisteminə, Azərbaycanın məhkəmə hakiminə, Azərbaycan iqtidarının ədalətinə bir misqal inam yaransın…
****
Danış, Lamiyə! Ancaq düzünü de, gerçəyi söylə! İslanmışın yağışdan nə qorxusu ki? Əlini lap Qurani-Kərimə basaraq danış. Çünki bu işdə yalan söyləmək Aslan Aslanovun günahlarından da betər olacaq.
Odur ki, həm də Allahından qorxaraq danış, yeni günahlara vəsilə və müəllif olma!