Bəs digərləri….
Azərbaycanda azad mətbuatın nəfəsi hələ ki gəlir. Və nə yaxşı ki, gəlir. Ölkəni dünya çapında üzüağ edən, ona çağdaşlıq xassəsi verən azsaylı atributlardan biri də elə budur – məhdud imkanlarda, fövqəladə şərtlər altında da olsa, “dördüncü hakimiyyət”in mövcudluğu, onun tam sıradan çıxmaması, ayaqda durmağı bacarması. Buna indi həm də başqa bir rakursdan sevinmək lazım gəlir.
Doğru, ölkədə de-fakto hakimiyyətin konstitusiya ilə nəzərdə tutulan üç müstəqil qanadından əslində yalnız biri qalıb – məhkəmə hakimiyyəti də, qanunverici hakimiyyət də bizdə çoxdan Ali icra hakimiyyətinə tabe durumdadır. Amma etiraf edək ki, azad medianın balaca bir qalası da öz nominal müstəqilliyini qoruyub saxlamaqdadır.
Hansı qüvvənin və amillərin hesabına – bu, artıq ayrı yazının mövzusudur, amma bu qala var olmaqda, xalqın, toplumun mənafeyinə işləməkdədir. Deməli, hələ hər şey itirilməyib. Deməli, “köz” hələ qalır. Bu da olmasaydı, Azərbaycan sözsüz ki, totalitar rejimli dövlətlərin sırasına yuvarlanar, Şimali Koreyadan, Türkmənistandan heç nə ilə fərqlənməzdi. Amma şükür ki, fərqlənirik.
Bunun bir təzahürü də “Lamiyə və Vüqar işi”ində özünü göstərdi. Məhz bu iki talesiz gəncin, onların yaxınlarının çöldə və türmədə başına gələnlərin azad media sayəsində ictimailəşməsi nəticəsində problem öz kulminasiyasına sürətlə yaxınlaşır və mümkündür ki, hətta bu həftə ədalətin hüquqi formada təntənəsini görək. Hər halda, Baş Prokurorluğunun yaydığı son açıqlama buna böyük inam yaradır.
Azərbaycandakı idarəetmənin özəlliklərini ciddiyə alsaq, belə də yazmaq olar ki, artıq ən yüksək instansiyalarda da problemin fərqindədirlər və “düyməyə” kifayət qədər yüksək səviyyədə basılıb – yaxşı mənada əlbəttə ki. Bu xüsusda günahkarların həbsi anonsunun verilməsi də diqqət çəkir. Yəni işdə adı hallanan dustaqlarla azadlıqdakıların yerləri dəyişə də bilər…
Şübhəsiz ki, konkret halda hüquqi ədalətin gec də olsa bərqərar edilməsi, Azərbaycanda özünü orta əsrlərin müstəbidləri kimi aparıb insanlara layiq olmadığı ağır cəzalar verdirənlərin, linç etdirənlərin gec də olsa istintaqa cəlb edilməsi hakimiyyətin imicinə işləyəcək. Ancaq bir iş var ki, azad media bu məsələnin üstünə getməsəydi, onu ictimailəşdirməsəydi, kim bilir, Lamiyə və keçmiş nişanlısı hələ neçə il zindanda çürüməli olacaqdılar – bu, onlar üçün əsl “xilas kəməri” oldu.
İstənilən halda, baş verənlərdən hasil olan mühüm sonuclardan biri odur ki, cəmiyyətdəki, siyasi sistemdəki ən qorxunc və qapalı problemlərə tərtəmiz güzgü tutan, onların üstünə getməyi bacaran “dördüncü hakimiyyət”in varlığında ən birinci elə hakimiyyətin özü maraqlı olmalıdır. “Dördüncü hakimiyyət” daha çox “birinci hakimiyyət”ə, prezidentə lazımdır ki, ölkədəki real durumdan vaxtında hali ola bilsin, tərif və mədhiyyə selində haqq səsləri və tələbləri onunçün eşidilməz qalmasın və bununla da daha böyük faciələrə zəmin yaranmasın. Axı haqsızlıq, harınlıq zamanında adekvat hüquqi qiymətini almayanda həndəsi silsilə üzrə növbəti haqsızlıqlara yol açır, bədbəxtliklər gətirir.
Azərbaycanda isə onların sayı-hesabı itib. Lamiyə Quliyeva, Vüqar Əliyev bu mənada özlərini gec də olsa, bəxti gətirmiş saya bilərlər. Gör indi içəridə mətbuatın bixəbər qaldığı nə qədər başqa binəva, günahsız var. Eləcə də əsassız yerə zindana salınmış siyasi-vicdan, hicab məhbusları. Keşkə, onların məsələsində də azad medianın, “dördüncü hakimiyyət”in səsi eşidiləydi.
Bu mənada Lamiyə və Vüqar həm də sistemin qurbanlarıdır. Əgər ölkədə hökumətlər, hakimiyyətlər vaxtlı-vaxtında, seçki yolu ilə dəyişsəydi, hakimiyyət qolları, o sırada məhkəmələr müstəqil olsaydı, Aslan Aslanov kimilər və onların himayədarlarının cinayətləri, qudurğanlıqları, habelə bu işə qol qoymuş müstəntiq-hakimlərin cinayətləri də vaxtında üzə çıxar, indi içəridə iki günahsız gənc yox, onların özləri olardı. Namusu tapdalanmış Lamiyə isə uzaqbaşı, bir neçə illik şərti iş alardı, çünki artıq hamı bildi ki, günah öləndə olub…