Yazırlar, məşhur falçı tutulub. Şəklinə baxıram, ilk dəfədir görürəm. Amma bu, onun ölkədə məşhur olmadığına dəlalət etməz. Çünki falçılara müraciət etməyən və onların iştirak etdiyi televiziya verilişlərinə baxmayan adam onları tanımaz. Bu cür falçılar isə, deyilənə görə, teleulduz olublarmış.
Bu, bir Azərbaycan paradoksudur: yüz minlərlə tamaşaçı bu cür səfeh, şit, ziyanlı verilişləri əsəbi şəkildə pisləyə-pisləyə, baxırlar. Bəyənmirlər, amma hər gün də tamaşa edirlər və imtina edə bilmirlər.
Deyirlər, “Həzrət Sabir” adıyla tanınan falçı da televiziyada ekspertlik edirmiş, xəlayiq onu ekrandan tanıyırmış və bu minvalla onun müştərilərinin sayı-hesabı yoxmuş. O da “qulluq mövqeyindən, insanların etibarından sui-istifadə edib”.
Birdəfəlik bilmək lazımdır, əgər bir kəs ortaya çıxıb özünə ekstrasens, maq, falçı, parapsixoloq deyirsə, artıq fırıldaqçıdır, dələduzdur, türkün sözü, ihbar edin, gəlib tutsunlar.
Amma elə şey ola bilərmi? Xeyr. Bizim camaat onkologiya professorunun yanından çıxıb cummalıdır parapsixoloqun yanına ki, o, öz mistik qüvvələri ilə ağır xəstəni sağaltsın.
Bu coğrafiyanın adamlarının xasiyyətidir, elmi, texnologiyanı qoyub, möcüzələrə, cinlərə-filana inanarlar. Hətta o fövqəlbəşər qüvvələrin, qeyri-elmi möcüzələrin mövcudluğuna şəkk edən adamlara xəbərdarlıq da edərlər: “Şəkk eləmə, ağzın əyilər”; “Filankəs də gülürdü, başına daş düşdü” və s.
Bu səbəbdəndir ki, müasir şeyx nəsrullahların qəbulunda basabasdır, hamısının da köməkçiləri – şeyx əhmədləri var.
Rəhmətlik Mirzə Çəlil 100 il əvvəl bu cahillik və xurafat haqqında yazanda, əlbəttə, bilmirdi ki, biz 100 ildən sonra da bu gündə olacağıq. Bilsəydi, bəlkə də özünə əziyyət verib yazmazdı. Bax, indi mən bu cəhalət barədə yazıram, amma əminən ki, 100 ildən sonra, 2115-ci ildə bizim camaat o zamanlara qədər ixtisas və peşə adı dəyişmiş falçı-fırıldaqçıların qəbulunda oturub mədəd umacaq.
Elm nə qədər yeni-yeni texnologiya kəşf edir, xeyri olmur. Müasir insan elmi-texniki tərəqqinin sayəsində Bakıdakı evində oturub Amerikadakı əzizi ilə görüntülü şəkildə danışa bilir, ancaq yenə də elmə yox, xurafata meyllənir. Səhiyyədə insanı müayinə etmək üçün yüz cür avadanlıq kəşf edilib, amma bizimkilər heç bir tibbi təhsili olmayan mollaların ərəb dilində yazdığı duaların kəramətinə güvənirlər.
Maşallah olmasın, bəzi telekanallar da xüsusi verilişlər vasitəsilə insanları mistik dünyaya cəlb edirlər. Heç elmi-texniki nailiyyətlətlərə həsr olunan verilişə rast gəlməzsən, eyzən cindən, faldan, magiyadan, haldan danışırlar.
Öncəgörənlərin fırıldağı tamam başqadır. Onlar yüz cür proqnozlar verirlər, gəlir, biri doğru çıxır, o saat media başlayır: “Filankəs filan vaxtı bunu demişdi”.
Məsələn, srağagün saytlardan biri yazıb ki, Moskvada yaşayan ekstrasens Zirəddin Rzayev Səudiyyə kralının ölümünü öncədən demişdi. Heç demə, məşhur ekstrasens keçən il deyibmiş ki, 2015-ci ildə dövlət başçılarından biri öləcək. Konkret deməyib ha, “dövlət başçılarından biri” deyib.
Burda nə var ki? Dünyada 200 dövlət var, ən azı 100-nün başçısının bir ayağı burda, biri də gordadır, əlbəttə, öləcəklər. Məsələn, bunu yazın bir yerə, mən də belə bir proqnoz verirəm: Yaxın vaxtlarda Zimbabvenin prezidenti Robert Muqabe öləcək.
Təyyarə, gəmi, qatar qəzalarını proqnozlaşdırmağa nə var? Hər il yeddi-səkkiz dənəsi olur, bu il də olacaq, gələn il də. Zəlzələlər, sunamilər, torpaq sürüşmələri, qasırğalar da onun kimi.
Hətta mən elə bu ayın içində Pakistanda məscid partladılacağını görürəm. Gününü də deyə bilərəm – hadisə cümə günü yerli vaxtla saat 10 radələrində olacaq; Bağdadda bazarda, yarmarkada törədiləcək terror aktını da görürəm – təxminən 40 adam həlak olacaq; Avropa ölkələrində hakimiyyət dəyişiklikləri olacaq, hakimiyyətə müxalifətçilər gələcək; Çində kömür mədənində qəza olacaq; Banqladeşdə qaçqınları daşıyan bərə batacaq və sair və ilaxır.
Belə proqnozlar vermək üçün föqəltəbii istedada, vergiyə malik olmaq lazım deyil, dünyanın siyasi gündəmini izləmək, qəzet, sayt oxumaq kifayətdir.
Falçılardan mədəd uman xalqım, onlara inanmayın, onlar hətta öz sabahlarını görə bilmirlər. Görsəydilər, qollarına vurulacaq qandalları görərdilər.