Azərbaycan nümayəndə heyətinin AŞPA-da Rusiyaya qarşı qətnamə əleyhinə səs verməsi fərqli rəylər, bir az da siyasi ajiotaj yaratdı. Özü də təkcə Azərbaycanda yox, həm də onun dışında, məxsusən də bizə dost-müttəfiq sayılan Ukraynada.
Başa düşürük, rəsmi Bakı Strasburqda barıtı çox edib. Ancaq bineyi-qədimdən belədir: pisliklər daha tez yadda qalır və gec unudulur, nəinki yaxşı əməllər. Bu xüsusda xaxol qardaşlarımızın Azərbaycandan giley-güzarı əvvəlki, daha böyük yaxşılığımızın fonunda o qədər də ədalətli və məntiqli görünmür.
Birinci ona görə ki, BMT, ATƏT, digər mötəbər beynəlxalq təşkilatlarda Azərbaycan Ukraynanın ərazi bütövlüyünü təmənnasız, tərəddüdsüz-filansız və açıq şəkildə müdafiə edib ki, bu, qat-qat önəmli və mühüm dəyərdə olan mesajdır, nəinki Rusiyanın AŞ PA-da danışmaq haqqının əlindən alınması əleyhinə getmək.
Hər halda, AŞPA faktı Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə sayğısına hər hansı şəkildə xələl gətirmir, gətirə də bilməz. Yeri gəlmişkən, şəxsən bizim fikrimizcə, Azərbaycan Ermənistan kimi səsvermədə bitərəf də qala bilərdi. Dünya bununla dağılmaz, dost-müttəfiqlər də izafi şübhələrə qapılmazdılar…
Azərbaycan ötən il BMT-də Ukraynanın ərazi bütövlüyünü müdafiə eləməklə ən yüksək səviyyədə, kimsədən çəkinib-eləmədən Krımın işğalına qarşı çıxıb, faktiki surətdə Rusiyaya işğalçı deyib, bununla da dünya birliyinin, Qərbin yanında yer alıb. Axırıncı dəfə eyni mövqe prezident İlham Əliyev tərəfindən Davos forumunda səsləndirilib. Yırtıcı, üstəlik, yaralı yırtıcı ilə qonşu olan balaca ölkə – Azərbaycan üçün azdır? Yox, təbii ki.
İndi Azərbaycan AŞPA-da Rusiya əleyhinə, Ukrayna böhranı ilə bağlı qətnamə ilə müqayisədə az əhəmiyyətli bir sənədi dəstəkləməyib. Amma bu, Rusiyanı artıq işğalçı kimi tanımamaq anlamına gəlmir axı. Doğru, Azərbaycan Rusiyaya açıq şəkildə işğalçı deyə bilmir. Niyə? Ona görə ki, qorxur. İkili standart? İkili standart. Fəqət qorxunun, xofun doğurduğu ikili standart! Guya Rusiyadan onunla qonşu olmaq nəsibi yaşayan hansı ölkə qorxmur ki? Hətta Latviya, Litva, Estoniya NATO üzvü ola-ola ondan ehtiyatlanırsa, Azərbaycan özünü niyə oda atsın ki?
Gələk Qərbə. ABŞ və Avropa Gürcüstan və Ukraynanın bir parçasını ilhaq etdiyi üçün Rusiyanı neçə vaxtdır işğalçı adlandırır, sonuncuya sanksiyalar tətbiq edir, onu küncə sıxır, bəs Ermənistan? Qərb ona niyə işğalçı demir, onu cəzalandırmır? Ermənistandan, erməni lobbisindənmi qorxur? Əsla! İkili standart? İkili standart. Özü də xalisindən!
Belədə Bakını AŞPA-dakı səsverməyə görə qınayan Ukrayna səfirindən soruşmaq istəyirsən: narazılığı anladıq, Azərbaycan bitərəf də qala bilərdi, amma və lakin Ukraynanın özü Ermənistanı düz-əməlli işğalçı kimi tanıya bilirmi? Rəsmi Kiyev Azərbaycana, Qarabağa görə Ermənistanla (o Ermənistan ki, BMT-də Ukraynanın ərazi bütövlüyünü tanımayam 11 ölkədən biridir!) diplomatik münasibətləri kəsə bilərmi, Türkiyə kimi bunu bacararmı əgər rəsmi Bakı ondan rica eləsə?
Yaxud AŞPA-da Ermənistanın səs hüququndan məhrum edilməsi təklifi səsə qoyulsa, Kiyev Bakının yanında yer alarmı? Əlbəttə ki, yox. Necə ki, buna indiyədək getməyib, İrəvanla əlaqələri kəsməyib. İkili standart? Şübhəsiz. Amma qorxudan, xofdan qaynaqlanmayan, xalis ikili standart!
Demək, geosiyasət, milli maraqlar deyilən anlayış da var. Ayrı sözlə, Ukraynanın milli maraqları Azərbaycan, Azərbaycanın milli mənafeyi Ukrayna üçün prioritet ola bilməz. Hərənin öz milli təhlükəsizliyini ondan ötrü önəmli olmalı deyil? Azərbaycanın milli təhlükəsizliyi başlayan yerdə ikinci bir dövlətin milli maraqları artıq arxa plana keçir – bizə strateji dost-müttəfiq olsa belə.
Məsələ bu qədər bəsit. Zira, suverenliklə, milli təhlükəsizliklə alver olmur. Nə edəsən ki, dünyamız özü ikili standartlar dünyasıdır. Bununla belə, təkrarlamaq yerinə düşər: Azərbaycan nümayəndə heyətinin AŞPA səsverməsində bitərəf qalması da kifayət idi.
Toyuğun başını bıçaqla kəsmək mümkünsə, baltaya lüzum yox.