Bu, bir faktdır ki, azad, demokratik ölkələrdə keçirilən rəy sorğuları avtoritar rejimli ölkələrdəki analoji sorğulardan köklü surətdə fərqlənir – ən əvvəl də doğru-dürüstlüyü və ictimai əhəmiyyət kəsb eləməsi ilə.
Əgər birinci tip ölkələrdə nəticələr gerçəyə yaxın olursa, antidemokratik rejimlərdə yekun nəticə həqiqətin təhrifi olmaqla yanaşı, imitasiya xarakteri daşıyır və bir qayda olaraq, son saxta seçkilərin nəticələrinin mini-formada təqdimatına, beyinlərə yeridilməsinə işləyir. Lap dəqiqi, həmin saxta seçkilərin nəticələrini xalqın “gözünə soxub” ona növbəti dəfə minnət qoymaq niyyəti güdür.
Bir ölkədə vətəndaşın seçici kimi səsi, iradəsi həlledici deyilsə, respondent kimi fikri necə önəmli ola bilər ki? Mümkün deyil. Əks təqdirdə avtoritar yox, demokratik ölkədən danışmalı olardıq. Elə isə yenə sual ortaya çıxır ki, belə “sorğulara” nə hacət, əgər primitiv həqiqət az qala uşağa da bəllidirsə və ən ümdəsi, belə “sorğu”lar aidiyyəti dövlət qurumlarına, yüksək çinli məmurlara özlərini yığışdırmaq üçün yaramırsa, xəbərdarlıq gücündə deyilsə?!
Məsələ də ondadır ki, antidemokratik rejimlərdəki sorğu “ənənəsi” hər şeydən öncə ölkə və onun başında duran hakim qüvvə haqda demokratiklik, çağdaşlıq, legitimlik görüntüsü yaratmağa hesablanıb. Guya xalq seçkidə göstərdiyi etimadı sorğu zamanı da ortaya qoymaqla iqtidardakı qüvvə üçün əldən gedir, ona etimad və rəğbət bəsləyir.
Təbii ki, ilğımdır. Bunu ən əvvəl ondan görmək olar ki, kamera qarşısında bir sürü iqtisadi-sosial problemdən danışan, məmur özbaşınalığı və korrupsiyadan cana doyduğunu deyən sıravi vətəndaş “bəs birinci şəxsə etimad bəsləyirsizmi” sualı verilən kimi başqalaşır və “əlbəttə ki” cavabını verir. Niyə?
Ona görə ki, qorxur. Bir məşhur aforizm var: “Nə səndən qorxan adamı, nə də sənin qorxduğun adamı sevə bilərsən”. Niyə? Çünki qorxu duyğusu ilə ülvi sevgi hissi tərs mütənasib anlayışlardır. Biri varsa, o biri ola bilməz – gecə-gündüz kimi, səmimiyyət və yaltaqlıq kimi, nadürüstlük və iman keyfiyyətləri kimi…
Son vaxtlar Rusiyada Putinin reytinqi ilə bağlı aparılan sorğuların guya Kreml başçısına etimadın yüksək olması rəyini yaratması da fiksiyadan savayı bir şey deyil və haqlı olaraq çoxdan Qərbdə mötəbər hesab edilmir.
Axı, necə ola bilər ki, qonşu ölkənin qanuni ərazisini zəbt etdiyi üçün sanksiyalarla üzləşən və nəticədə güzəranı ağırlaşan insanların işğalçı ölkənin rəhbərinə etimadı artsın? Və ya güzəran pisləşdikcə hakimiyyətə etimad azalmasın? Bu nə manyaklıqdı belə?
Kim inanar buna? Təbii ki, belə sorğulara ehtiyacı olan rəsmilərdən savayı heç kim. Məgər Liviyada da Qəzzafinin reytinqi dinc dövrdə, inqilabdan öncə kəllə-çarxa çıxmamışdımı?..
Bu günlərdə Rusiyada daha bir yalançı sorğu keçirilib. Bu dəfə ölkənin dost-düşmənlərini müəyyən eləmək üçün. Qəribədir, deyilmi? Bütün dünya ilə özünü düşmən edən bir dövlət öz düşməninin kim olduğunu “bilmək” istəyir. Zatən, məlum deyil ki?
Di gəl, “sorğu” iştirakçılarının biri qayıdıb deməyib ki, “Nəyi qoyub nə axtarırsınız, əgər biz Krımın ilhaqı ilə özümüz özümüzü dünyaya qarşı qoymuşuqsa, bu, nə dost axtarışıdır belə?”
Bunu heç kim dilə gətirməyib, çünki daxildəki qorxu-xof, qeyri-səmimilik, ölkədəki ağır psixoloji mühitin basqısı imkan verməyib. Yoxsa həmin adama da tanınmış musiqiçi Makareviç kimi dərhal “vətən xaini” damğası vurardılar…
***
Gələk indi özümüzə. Bizdə də hakimiyyətə etimad, dost-düşmən ölkələri müəyyən eləməklə bağlı vaxtaşırı bənzər sorğular olur. Amma çifayda? İnsan özü daxilən və ruhən azad deyilsə, kölədirsə, gerçəyi dilə gətirməkdən dəhşətli şəkildə qorxursa, qısası, ən böyük düşmən (Şeytan) elə onun öz içində oturubsa, başqa “düşmən” haqda verdiyi cavab hansı ictimai dəyər daşıya bilər? Ümumiyyətlə, kölə xislətlilərlə millət millət, dövlət isə güclü ola bilərmi?..
“Dininiz olmasa da, azad olun” – buyurub İmam Hüseyn (ə).