Ermənilər “soyqırım” xəyallarının gerçəkləşməsi ilə bağlı Türkiyə və Azərbaycana 24 aprel sürprizi hazırladıqları bir zamanda özləri sürprizlə qarşılaşdılar. Bunu yazarkən yalnız Bakı və Ankaranın ən yüksək səviyyədə 24 apreldə Çanaqqala zəfərinin 100 illiyinin birgə keçirilməsini nəzərdə tutmuram.
Hərçənd ki, iki qardaş ölkə arasında belə bir razılaşmanın olması Türkiyə və Azərbaycan üçün faydalı olduğu qədər də erməni lobbisi üçün çox üzücü bir olay oldu. Əslində türk düşmənləri iki qardaşın arasını vurmaq üçün bu illərdə çeşidli planlar qurdular, sonuncusu sərhəd olayları idi, baş tutmadı, Türkiyə və Azərbaycan yenə bir yerdədir, kədərini bölüşdüyü kimi, zəfərini də birgə qutlayır.
Erməni mətbuatının bu günlərdə Qarabağ məsələsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı Ankaradakı bəyanatlara xüsusi yer verdi. Səbəbi var – düşmən pərtdir. Həm də ona görə ki, xoşbəxt gələcəklərini Moskva ilə müttəfiqlikdə, rus əsgərlərinin qoruması altında görsələr də, son günlər yanıldıqlarını ciddi şəkildə anlayıblar. Yanıldıqlarını deyən təkcə “azərbaycanlı südü əmən” Kamo Yepremyan deyil.
Xüsusilə də Gümrüdəki 102-ci hərbi bazanın əsgəri Valeri Permyakov faktiki Avetisyanlar ailəsini soyqırım edəndən sonra ermənilər “əsl düşmən kimdir” sualı üzərində baş sındırır. Deyirlər, ermənilər hələ bələkdəki körpənin qulağına “sənin düşmənin türkdür” pıçıldayır. Bəlkə də elə qanına qəltan edilən 2 yaşlı Asmik Avetisyanın da qulağına belə pıçıltılar olmuşdu. Ancaq erməni uşağını rus əsgər öldürdü. Ermənilər bunun fərqindədir. Yəqin pıçıltının mətnində bundan sonra dəyişiklik olacaq…
Ermənilər şok keçirdikləri kimi, Moskvada çoxları ağlına gətirməzdi ki, günün birində ermənilər Rusiya bayrağını İrəvanda, rus bazasının olduğu Gümrüdə ayaqlar altına ata, yandırmaq istəyələr…
Əlahəzrət haqq deyilən bir anlayış var. Rus imperiyası 110 il əvvəl böyük erməni-müsəlman davasını salanda da erməninin qara gözünə aşiq olmamışdılar. Sadəcə, ermənilər küll halında atanların müsəlman yox, kazaklar olduğunu anlaya bilmədi. Heç 25-26 il əvvəl Bakı və Sumqayıtdakı “erməni qırğını”, “erməni talanları”nı həyata keçirənlərin də azərbaycanlılar deyil, “Sovet KQB”sinin olduğunu qəbul etmədilər. Budur, indi reallığı qəbul edən ermənilər az da olsa, var.
Çox yaxşı ki, bu arada Azərbaycan həqiqətləri də dilə gətirilir. Nümunələr göz önündə: rusiyalı siyasi analitik Oleq Kuznetsov: “Ermənilər Dağlıq Qarabağ münaqişəsi zamanı dinc əhaliyə qarşı tətbiq etdiyi zorakılıq bumeranqını bu gün Gümrüdə geri aldı. Ermənistan Xocalı sakinlərinin qatillərini Azərbaycana təslim etmədikcə, Permyakovun təhvil verilməsini tələb etməyə heç bir haqqı yoxdur”.
Putinin ideoloqu Aleksandr Duqin: “Ermənistan nəinki müstəqil şəkildə geniş seçimlər etməyə malikdir, ümumiyyətlə müstəqil heç bir seçim hüququ yoxdur”.
Rusiyanın “Exo Moskva” radiostansiyasının şərhçisi Yuliya Latınina isə “Ermənistanın Rusiyanın arxasınca it quyruğu kimi süründüyünü” deyib. “Ermənistan bizdən heç cür yaxa qurtara bilməz. Çünki balaca və yoxsul Ermənistanın yanında qüdrətli və varlı Azərbaycan var”.
Sonradan öz fikirlərindən imtina edən Modest Kolerov isə belə yazıb: “Tarixi sənədlərdən göründüyü kimi, İrəvanın sadəcə 500 yaşı var və o, 1918-ci ildə məhz Rusiyanın köməkliyi ilə Ermənistanın paytaxtı olub. Buna qədər isə həmin ərazi İrəvan xanlığının mərkəzi idi. Tarix isə hələ də heç bir erməni imperiyası tanımır və əgər 1918-ci ilə qədər Qafqazda erməni dövləti olubsa, o zaman onun hara itməsindən tarixçilər indiyə qədər baş çıxara bilmir”.
Ermənistanda Rusiyaya nifrət o qədər güclənib ki, hətta vəkil Tamara Yayloyan Permyakovu müdafiə etməkdən imtina edib. Hansı ki, Xankəndindəki qondarma məhkəmədə kəlbəcərli girovlara “vəkil” də tutmuşdular. Bu proseslərin Rusiya-Ermənistan müharibəsinə aparıb çıxaracağı düşüncəsində də deyiləm. Amma hər halda dərin bir çat yarandı və 2015 planları quran ermənilərin başı özlərinə qarışıb. Ermənilərin əsas müttəfiqi Fransa ilə bərabər Rusiya da öz hayındadır.
Ən ideal variant ermənilərin Azərbaycan və Türkiyədən əfv diləməsi olardı. Gümrüdəki rus buxovundan azad olmaları, normal ölkəyə çevrilmələri üçün bu, onlara daha çox lazımdır. Zamanın doğrudan da ermənilərin ziyanına işləməsi Permyakovun silaha əl atması ilə bir daha təsdiqləndi.