Şimal təhlükəsi barədə daha bir xəbərdarlıq gəldi. Gürcüstanın keçmiş baş naziri Tengiz Siqua deyib ki, Dağlıq Qarabağda yenidən müharibə başlasa, Rusiya mütləq Cənubi Qafqazda ən böyük hərbi bazası olan Gümrüyə hərbi texnikanı daşımaq üçün quru yolu açmaq istiqamətində hərəkətə keçəcək. Bu, həm də Azərbaycana qəsd planıdır.
Moskva bayrağını Qafqaza sancmaq üçün Azərbaycanı ram etməyin ilkin şərt olduğunu yaxşı anlayır. Şimaldan açıq müdaxilə ağ olardı, ona görə də “daha məntiqli arqument” tapmaq lazımdır. Bakını ram etmək üçün yetər ki, onun “qan damarları” ələ keçirilsin…
Bu planın detalları barədə də kifayət qədər inandırıcı xəbərlər də var. Moskva Dağıstandan… Borçalıya girməklə Ermənistana dəhliz açmaq niyyətindədir. Son illərdə 25 minə yaxın əlavə qüvvəni əbəs yerə Dağıstana yerləşdirməyiblər ki. Üstəlik, Moskva Dağıstanla Gürcüstan arasında çəkilən Avar – Kaxetiya yolu boyunca yaşayan gürcü əhaliyə Rusiya pasportları paylamağa başlayıb. Əsasən ermənilər yaşayan Axalkalakidə də eyni proses gedir Erməni yeparxiyasının nümayəndəsi, yepiskop Mirzəxanyan isə Tiflisə müraciətlə 450-dək qədim gürcü kilsəsinin erməni yeparxiyasının sərəncamına verilməsini tələb edib. Qarabağ hadisələrinə bənzəyir…
***
Təkcə bu da deyil. Moskvanın emissarları azərbaycanlıların kompakt yaşadığı Borçalı bölgəsinin əhalisinin də şirnikləndirici vədlərlə Rusiyaya köçünü təşkil edir. Bu barədə kifayət qədər mötəbər mənbədən gələn məlumata görə, Rusiya xüsusilə də gənc azərbaycanlıları güzəştli torpaq və iş yeri vədi ilə dədə-baba yurdlarını tərk etməyə həvəsləndirir.
Başqa və daha dəhşətli fakt: Rusiyanın emissarları və onlarla hansısa şərtlərin müqabilində işbirliyində olan Gürcüstan vətəndaşları Borçalı türklərinin say artımının qarşısını almaqdan ötrü xain bir layihəyə start veriblər. Belə ki, özlərini vətəndaş cəmiyyətinin nümayəndələri adlandıran, əsasən qadınlardan ibarət olan bu şəxslər azərbaycanlı ailələrlə görüşərək onlara xüsusi həblər paylayırlar. Mənbəmiz deyir ki, pulsuz paylanılan bu həblər qadınlarda sonsuzluq yaradır və ya uşaq artımının qarşısını alır. İddialara görə, bu, son illərdə Borçalıdan axının qarşısının alınmasına bədxahlardan verilən cavabdır. Bu çirkin oyunda Gürcüstandakı bəzi dairələrin, o cümlədən ermənilərin də maraqlı olduğu və bu kimi layihələrə imkan tanıdığı da verilən xəbərlər arasındadır.
Azərbaycan hakimiyyəti Gürcüstan azərbaycanlılarının gəliş-gediş qaydalarını sərtləşdirəndə bir çox dairələr bunu yanlış addım kimi dəyərləndirmişdi. Ancaq mənbəmiz deyir ki, rəsmi Bakı bu kimi təhlükəli planlardan hələ xeyli qabaqcadan xəbərdar olduğu üçün qınaqlar qarşısında qalsa da, faktiki olaraq Borçalı camaatının axınının qarşısını almağa xidmət edən qanunu qəbul edib. Ancaq Rusiyanın son planları təhlükənin miqyasının genişləndiyini göstərir. Güman ki, Azərbaycan prezidentinin iştirakı ilə 15 yanvarda Ankarada keçiriləcək Strateji Əməkdaşlıq Təşkilatının 4-cü iclasında Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Qars dəmiryolu və digər nəhəng layihələrə, Azərbaycanın Türkiyəyə, Avropaya çıxışına, həmçinin Gürcüstan azərbaycanlılarının taleyinə təhlükə yaradan şimal təhlükəsini neytrallaşdırmaq yolları da diqqətdən kənarda qalmayacaq.
***
Ötən il Gürcüstanda olduğumuz zaman Yuxarı Saral və Aşağı Saral kəndlərinin arasındakı əraziyə, Sadaxlıya gedən yolun sağ-soluna Suriyadan gələn iş adamları köçürüldüyü barədə məlumat almışdıq. Elə ermənilərin ixtiyarına verilən 80 ha torpağın ortasını kəsən yolla getmişdik Sadaxlıya. Guya ermənilər burada “dəvəquşu yetişdirilməsi üçün fermer təsərrüfatı yaradıb”. Bu 5 ildə ərazidə dəvəquşu yox, İrəvan ermənilərinin sayı artıb. Məqsəd birdir: fürsət düşən kimi ermənilər Sadaxlının dəhliz yolunu bağlayıb azərbaycanlı əhalini bölgədən qovmaq istəyirlər. Elə Marneulinin Saralı kəndi ilə Qırmızı körpü istiqamətində erməni qəsəbəsinin salınması da bu məqsədə xidmət edir. O zaman bizə demişdilər ki, Qırmızı Körpüyə nəzarəti ələ keçirmək planı var. Rusiya Dağıstandan Ermənistana quru yolu açmaq istəsə, Borçalının Azərbaycanla əlaqəsi kəsiləcək, azərbaycanlılar blokadaya düşəcək… Yoxsa 7 kəndi birləşdirən, 14 min əhalisi olan Sadaxlıya gedən yolun sağ-solunda ermənilər nədən məskunlaşdırılırdı ki?
Gümrü olayları Ermənistanda hətta rus-erməni qarşıdurmasının da hər an baş verə biləcəyini ortaya çıxartdı. Artıq ermənilər Rusiya bayrağını ayaqlar altına atıb “Putin, çıx get” deyirlər. Deməli, Rusiyanın Ermənistanla quru yola həmişəkindən daha çox ehtiyacı olacaq. Bu yol isə ya Azərbaycandan, ya da azərbaycanlıların yaşadığı Gürcüstandan keçməlidir. Hər iki halda zərbə bizə dəyəcək. Nə yazıq ki, ermənilər Gürcüstanda da Rusiyanın əlində alətə çevrilib. Elə dünən erməni ekspertlərdən biri Rusiyanın Ermənistanı ilhaq edəcəyini demişdi. İlhaq üçün iki yoldan biri qət edilməlidir. Üstəlik, Rusiya Avrasiya Birliyinin üzvü olan Ermənistanla sərhədinin olmamasını sinirə bilməz. Hələ ki, başı böhrana qarışıb.
Real təhlükələrin qarşılığında Gürcüstan hökuməti yuxulu adam təsiri bağışlayır. Rusiyanın Ermənistandakı hərbçiləri Gürcüstan sərhədlərinin içərilərinə doğru bir neçə km irəliləyib və elə Borçalı torpaqlarında kazarmalar tikiblər! Bundan ciddi təhlükə ola bilərmi?! Ancaq Tiflis susur. Həmdə təkcə susmur, Gürcüstan-Azərbaycan dostluğundan özgə niyyəti olmayan Akif Nağının, Zəlimxan Məmmədlinin Borçalıya gedən yolunu qapamağı daha üstün tutur, rus və erməni emissarların, həmçinin Təkəlidə ermənilərlə sülh bazarlığına gedən “xalq diplomatiyası” təmsilçilərinin üzünə isə qapılarını taybatay açır… Camaatımıza da pulsuz həb paylanmasına göz yumur. Genefondumuza zərbəyə şahidlik edir. Azərbaycanlıların say artımı onların nəyinə gərəkdir ki..?