Dünyada ikili standartlar hər yeni nümunədə ortaya çıxır. Paris terroruna münasibətdə bir daha bunu gördük. Baxmayaraq ki, terrordan ən çox əziyyət çəkən elə müsəlmanlar və İslam aləmidir, ancaq yenə də qınanan müsəlman dünyasıdır. 21-ci əsrin zəka sahibləri hələ də anlamaq istəmirlər ki, terrorun dini və milliyyəti yoxdur, kimliyindən, ölkəsindən asılı olmayaraq lənətlənməli, məhvinə qərar verilməlidir.
Paris terrorunu lənətləmək baxımından azərbaycanlıların səsi deyəsən, hətta Fransanın “bacısı” olan ermənilərlə müqayisədə daha aydın eşidildi, buna Fransanın Bakıdakı səfirliyi də şahidlik edər. Ermənilər terrorla nəfəs alır axı, onu pisləməyə cürət etmirlər. Bir əsrdir dünyanı təhdid edən ASALA elə Fransanın özündə Cümhuriyyət qurucularımızdan olan Topçubaşovu ailəliklə məhv etməyibmi? Bu terror hörgütü onlarla türk diplomatlarını aradan götürəndə də ciddi təpki olmayıb. Əksinə, Türkiyəyə saxta “soyqırım”ı tanımaq üçün təzyiqləri ilbəil artırıb. Hətta Fransa erməni “soyqırımı”nı inkar edənlərə cəza qanununu qəbul etdi, haqlı ilə haqsıza fərq qoymadı. Və nəticədə təəssüf ki, o gözəl Paris indi özü terrorun qurbanı olub.
Qoy Avropa görsün ki, Azərbaycan kimi ölkələr indiyədək terrordan nələr çəkib. Azərbaycanın 4 mindən artıq vətəndaşı erməni işğalı nəticəsində itkindir, hətta onların bir çoxunun Ağdərədəki mis mədənlərində qul kimi işlədildiyi barədə məlumatlar var. 12 vətəndaşının ölümündən sarsılan Fransa heç olmasa Azərbaycanın itirdiyi jurnalistləri də xatırlasın bu günlərdə. Heç olmasa qətlə yetirilməsinin 24-cü ildönümü elə bu günlərdə tamam olan jurnalist Salatın Əsgərovanı… Gərək idi ki, bu illərdə erməni terroruna laqeyd qalmayaydılar. Terrorçunun hansı ünvanda yuva salması gərək əhəmiyyət kəsb etməsin, dərhal məhv edilsin, metastaz verməməsi üçün…
Rusiyanın mövqeyi bəlli. Üçüncü həmsədr ölkə Amerikanın da Qarabağ məsələsinə münasibəti heyrət doğurur. Krım, Donetsk, yaxud Abxaziya separatçılarının isə Qərbə yolu birdəfəlik qapadılıb. Qarabağ separatçılarının lideri Bako Saakyana isə viza verilir, ona Vaşinqtonda marafon təşkil etmək imkanı yaradılır. Avropa İttifaqı, habelə ABŞ Rusiya ilə birləşdiyinə görə Krıma qarşı sərt sanksiyalar tətbiq edib. Yarımadaya investisiya yatırımları qoymaqdan tutmuş ticarət və xidmət sahələrinə məhdudyyətlərə qədər çoxşaxəli bir qərar ortadadır. Ancaq 1991-ci ildən azərbaycanlıların üzünə qapadılan Xankəndi şəhərində yuva salmış separatçı erməni rejiminə həmin bu Qərb aşkar qucaq açır, ABŞ Konqresi hər il milyonlarla radım ayırır, hətta Ağdam səmasında uçan Ermənistan helikopterini, düşmən diversantlarını məhv edən Azərbaycana təzyiqlər göstərilir. Bu, nə yanaşmadır belə? Problem yalnız bizim müsəlman olmağımızla bağlıdırmı, konkret cavabı yoxdur.
Təbii ki, bu mərhələdə bizim də dövlət və millət olaraq üzərimizə düşəni etməyimiz tələb olunur. Beynəlxalq aləmdə fəal olmaqla yanaşı, daxildə də atmalı olduğumuz addımlar var. Azərbaycan yalnız neft-qazına görə yox, bütün parametrləri ilə dünya üçün cəlbedici ölkəyə çevrilməlidir ki, onun haqqını tanımaqdan özgə çıxış yolu qalmasın. Odur ki, azadlıqlar, siyasi məhbuslarla bağlı Qərbin əlində dəstəvuz olan məsələlərin aradan qaldırması gərəkdir. Düzdür, Milli Məclisin sədr müavini Bahar Muradova deyir ki, bu məsələlər aradan qaldırılsa da, Qərb dünyası yeni bəhanələr tapacaq. Ancaq olsun, biz üzərimizə düşəni edək, sonra səsimizi daha da ucaldaq, Qərbi arqumentsiz qoyaq, sonra gцrək nə deyəcəklər.
ABŞ senatoru Con Makkeyn ölkəsini Ukraynaya silah verməyə çağırıb. Makkeyn “Rusiya Krımı geri qaytarmalı və Ukraynanın şərqindən rədd olmalıdır” deyib. Ancaq “erməni terrorçuları və separatçıları Qarabağdan rədd olub getməlidir” deyən yoxdur. İstəyirik ki, bir gün bu tələbi də eşidək. Ancaq sadəcə arzudur…
Çox istərdim ki, günün birində ABŞ Dövlət Departamenti rəsmi Bakının qarşısına… “Dağlıq Qarabağı və ətraf əraziləri işğaldan azad et” tələbini qoysun. Anlayıram, gülməli görünə bilər. Ancaq normalda ən azı ABŞ regiondakı təhlükəni minimuma endirmək, özünün Azərbaycandakı və ümumən bölgədəki maraqlarını xilas etmək naminə bunu etməlidir. O halda Azərbaycan hakimiyyətinin indiki kimi anti-Qərb mövqeyində olacağına şəxsən mən inanmıram. ABŞ Bakının özünə münasbətini dəyişmək istəyirsə, Qarabağla bağlı bir test eləsin…