Yaxud bayram tətilində itirdiyimiz pullar
Növbəti bayram tətili və…Azərbaycan minimum yüz minlərlə, bəlkə də milyonlarla manat pul itirdi bu günlərdə. Söhbət dünya güclərinin ssenarisi ilə ucuzlaşan neft itkilərindən getmir, bu itkilərin qarşısını almaq gücündə deyilik onsuz da. Söhbət Azərbaycan vətəndaşlarının tətil günlərində ölkə sərhədlərindən kənara axışmasından, xaricdə xərclədiyi pullardan gedir.
Təbii ki, sərhədlərin qapadılmasının tərəfdarı deyiləm, hər kəsin ürəyi istədiyi ünvanda istirahət etmək hüququna hörmətlə yanaşmaq lazımdır. Bir çox insanlar üçün Azərbaycanın işğalda olmayan ərazilərinin az qala hər bucağı adiləşib deyə, istirahətini uzaq ölkələrdə keçirməyə üstünlük verir. Pul sarıdan da korluq çəkmirlər yəqin ki. Ancaq bu da var ki, orta statistik azərbaycanlıların əksəriyyəti ölkə xaricinə həm də ona görə üz tutur ki, Azərbaycanda qiymətlər əl yandırır. Adamlar düşünür ki, hansısa rayondakı istirahət mərkəzində hətta səhər yeməyi xaric bir günlük qalmaq üçün 50-60 manat xərcləməkdənsə, elə bir az da borc-xərc edib Türkiyəyə gedər, həmin pula Gürcüstanda ürəyi istəyən kimi istirahət edər. Elə bu səbəbdəndir ki, yeni ilin ilk günlərdin də Bakıda rastlaşmayan azərbaycanlılar Tiflisdə üz-üzə gəldilər, adamlarımız bir ucdan Gürcüstana axışdı. Hər kəsin gedişi pul axını deməkdir. Elə ona görəydi ki, əksər rayonlarımızda qonaq-qara qıtlığı açıq görünürdü. Gözünü “yaxşı pul tutacağı” bayrama dikən bir çox obyekt sahibləri də bayram ovqatında deyildi.
2015-ci ildə onsuz da büdcəsi kəsirlə qəbul olunan ölkəmiz üçün bu pulların qədrini bilməsi gərəkdir. Sizi inandırım ki, bunun üçün çox şey tələb olunmur. Şəxsən mən bir neçə günlük tətil günlərində bir daha əmin oldum ki, Allah Azərbaycana çox şeylər bəxş edib, sərvətimiz təkcə neft-qaz deyil ki, ondan asılı olaq, dövlətimizin və millətimizin, bu günümüzü və gələcəyimizin taleyini yerin təkindəki sərvətlərə bağlayaq. Üzərində gəzdiyi torpağın üzərində də kifayət qədər sərvətlərə malikdir bu millət. Bakıdan üz tutursan Şamaxıya sarı, ətrafda kifayət qədər göz oxşayan ünvanlar var. Ağsu aşırımı özü bir möcüzədir. İsmayıllı meşələri, Qəbələ dağları adama “gəl-gəl” deyir. Şəkidə hansı tinə burulursan, tarixdir. Hələ “Marxal” kimi füsunkar ünvanlarını demirəm. Qaxın İlisu, Sarıbaş kimi adla deyilən cənnət guşələri də eləcə. Zaqatala, Balakən tərəflərə üz tutanda da adamı bir-birindən gözəl ünvanlar qarşılayır…
İnsafən əvvəlki illər deyil, bölgələr xeyli abadlaşıb. Döşənən küçələrdən tutmuş, qədim ornamentlərlə bəzədilmiş tikililərə qədər çox şey adamda xoş təəssürat yaradır. Adam hər daşa-qayaya söykənib şəkil çəkdirmək istəyir, ürəkaçan mənzərələr kifayət qədərdir. Belə gözəllikləri qoyub nədən başqa ölkələrə üz tuturuq?
Düzdür, rayonların fərqi də öz sözünü deyir. Məsələn, Qəbələ rayonunun asfalt örtüyü ilə İsmayıllının yolunu müqayisə belə etmək olmaz. Yol yoldaşlarımdan biri hətta bu fərqi görüb “gərək rayonun da sahibi olsun” dedi. Ancaq ümumilikdə götürəndə bölgələrdə inkişaf sarıdan xeyli irəliləyiş var. Yəni büdcədən xərclənən, yaxud ölkə rəhbərinin sərəncamı ilə ayrılan pulların izini görmək mümkündür. Təəssüf doğuran budur ki, bölgələr insan amili sarıdan korluq çəkir. Çünki işsizlik rayon və kəndlərin əsas bəlasıdır. Təhsil ardınca paytaxta gedən gənclər də işsizlik bəlasından geri qayıtmamağa üstünlük verir.
Ancaq əgər Azərbaycanda turizm normal səviyyədə inkişaf etsəydi heç şübhəsiz ki, Bakıya axışanların, sayı indikindən xeyli az olardı. Turizmin inkişafı yeni iş yerlərinin açılması, yeni obyektlərin tikilməsi, insanların qazanmaq imkanın artması deməkdir. Axar.az saytı yazıb ki, Tiflisdə yaşayan gürcülərin əksəriyyəti yeni il axşamını iş başında keçirib. Həm də azərbaycanlılara görə. Mənzərəni dəqiq ifadə edən bir cümlə oxudum: “Azərbaycanlılar Tiflisi sözün əsl mənasında “işğal” etmişdilər”. Əslində necə olmalıydı? Gürcülər kasıb ölkələrini tərk edib bayram günlərində gecələr işıqları ilə göz qamaşdıran Bakımıza axışmalıydılar. Ancaq hətta Gürcüstana yaxın ərazilərdə, məsələn, Qaxda mən gürcü turistə rast gəlmədim.
Ancaq yeni il gecəsi Gürcüstan paytaxtında azı 5-6 min azərbaycanlı turist olub. Kasıb qonşu ölkənin vətəndaşı üçün ciddi rəqəmdir. Orta hesabla 500 manatdan hesablayaq…Hələ bu, bir günün statistikasıdır. Görün ilin 365 günü, yaz, yay tətillərində nə qədər pullar Azərbaycandan kənarda xərclənir, ölkəmizdə dövr eləmir. Turist axını olacaqsa, dövlət də qazanacaq, İsmayıllı yolunun üstündə təndir çörəyi bişirib satan kəndli də, Şəki halvasının növbəsinə duran da çox olacaq, Zaqatala balını soraqlayan da, bu yerlərin qoz-fındığını axtaran da. Yəni onda minlərlə azərbaycanlı Rusiyaya gözünü dikməyəcək. Turizm həm də mədəniyyətimizin, süfrəmizin təbliği deməkdir. Nədən biz yaxşı gürcü xəngəli yemək üçün Tiflisə gedirik, amma Qax sürhüllüsünü təbliğ etmək üçün turist cəlb edə bilmirik? Bəlkə erməninin sürhüllüyə də sahib çıxmasını gözləyirik?
Gərək Azərbaycan dövləti burda qazanılan pulların ölkə xaricində havaya sovrulmasına imkan verməsin. İnzibati yollarla yox, turizmin inkişafı üçün xüsusi layihələr həyata keçirməklə, turizm obyektlərində xidmət sahəsinin keyfiyyətini yüksəltməklə, bu obyektlərdəki talançılığa bəhanə verən amilləri aradan qaldırmaqla. Məsələn, mən hətta səhər yeməyi belə təklif etməyən bir obyektdə 2 nəfərlik kotecin nədən 50-60 manat olduğunu soruşanda obyekt sahibi elə ağlaşma qurdu ki, daha söz tapmadım. Bu adamlara işləmək, turistləri cəlb etmək üçün şans tanımaq lazımdır. Yekunda qazanan Azərbaycan olacaq. Heç olmasa 3-5 illiyinə onlara güzəştli vergi tətbiq olunmalıdır ki, Azərbaycan turizmi inkişaf eləsin. Əks təqdirdə soyğunçuluq baş alıb gedəcək, turizm sahəsində az maaşa işləyən yaxşı mütəxəssis tapılmayacaq, turizm sahəsini kadrlarla təmin etmək üçün universitet yaradılsa da…
P.S. Mən yalnız tətil günlərində üz tutduğum şimal-qərb marşrutundakı müşahidələrimi yazdım. Bu gözəl məmləkətin bütün bölgələrinin özünəməxsus gözəllikləri var. Yetər ki, o gözəllikləri təbliğ edək, özümüzə də, əcnəbiyə də…