Ötən həftə yazdığım bir yazıda qeyd etmişdim ki, üç azərbaycanlını kosmosa göndərsək, küsülü qayıdıb gələrlər və yenidən göndərmək istəsək, biri mütləq deyər ki, filankəs gedirsə, mən getmirəm.
Bu, bizim xalq olaraq milli həmrəyliyimizin göstəricisi kimi hesab oluna bilərdi, amma bu məsələdə də həmrəylik yoxdur. Bu fikrə etiraz edənlər də var, razılaşanlar da, bitərəf qalanlar da. Bax, bu bizik: mazutun rənginə münasibətdə də mütləq fikir haçalanması olmalıdır.
Siz siyasətdən danışan üç azərbaycanlını çox-çox və tez-tez görə bilərsiniz. Biri mütləq iqtidaryanlıdır, biri müxalifətçidir, digəri bitərəfdir. İqtidaryanlı müəllim deyir ki, bizdən başqa hamı vətən xainidir, müxalifətçi (hələ bu ölkədə müxalifətçi də ən azı üç cürdür – destruktiv, konstruktiv, neytral) buyurur ki, hamınız talançı və yalançısınız, bitərəf deyir, boş-boş şeylərdir, əsas məsələ alver edib pul qazanmaqdır.
Düşünmək olar ki, Qarabağ məsələsi başqadır, burada hamımız həmrəy ola bilərik. Amma yox, burda da üç azərbaycanlı var. Biri deyəcək, Qarabağ münaqişəsinin açarı Rusiyadadır, var gücümüzlə Moskvaya girərək, bu məsələni həll edə bilərik, ikinci azərbaycanlı deyəcək, yox, Qərblə, Avropa ilə anlaşaraq, bu münaqişəni xeyrimizə çözməliyik, üçüncü azərbaycanlı isə bildirəcək ki, Rusiya da, Amerika da özü üçündür, silahlanıb gedib torpağımızı almalıyıq.
Demokratiya və insan haqları məsələsində də üç azərbaycanlının mövqeyi ən azı üç yerə haçalanmalıdır. Birinci deyəcək, demokratiya və insan haqlarına riayət olmadan ölkədə inkişaf, rifah, ədalət ola bilməz. İkinci deyəcək, demokratiya bizim üçün deyil, biz qılınc müsəlmanıyıq, gərək başımızın üstündə həmişə yumruq-qapaz olsun. Üçüncü deyəcək, hamısı boş şeydir, mənə dəyməyən qurd yüz il yaşasın, mən salim olum, cümlə cahan batsa da, batsın.
Qonşu dövlətlərə münasibətdə üç azərbaycanlı öz fikirlərini bu cür açıqlaya bilərlər. Biirnci: “Nicat yerimiz qardaş Türkiyədir, bizi 1918-ci ildə türklər xilas edib. Hepimiz türküz”. İkinci: “Alə, net e, rus olmasa biz universitet, metro, qəzet-kitab görə bilərdik? Buralara mədəniyyəti ruslar gətirib. Fso”. Üçüncü: “İran olmasa, dinimiz, imanımız əldən gedərdi. İranla daha da qardaşlaşıb vəhdətdə olandan sonra hər işimiz düzələcək, inşallah”.
Üç azərbaycanlı futbol azarkeşini təsəvvürünüzə gətirin. Biri “Real” (Madird) azarkeşidirsə, biri mütləq “Barselona” fanatıdır, üçüncü “Atletiko”nu dəstəkləyir (sinəsində “Land of Fire – Azerbaijan” yazıldığına görə). Başqa bir azarkeş üçlük İtaliyada “Milan”, “Yuventus”, “Roma” arasında bölünüb. “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş”ın tərəfdarı olan üç azərbaycanlı İstanbuldakı həmtaylarından da fanatdırlar.
Sizcə, ədəbiyyat həvəskarı olan üç azərbaycanlının fikirləri hətta dühalara münasibətdə eyni ola bilərmi? Əsla. Biri Tolstoyu daha böyük hesab edəcək, biri Drayzeri, o biri Dostoyevskini. Müasir ədəbiyyata gəlincə, biri deyəcək, Markesdən başqa yalandır, o biri deyəcək, Orxan Pamuk hamıdan ötədir, digəri deyəcək, xeyr, Paolo Koelyo hamısından üstündür.
Üç azərbaycanlı yerli musiqidən danışanda belə danışırlar: “Varsa da, yoxsa da Alim Qasımov” (bu şirvanlıdır); “Qışqırmağa oxumaq deyirsiz? Baloğlanın səsindəki şirinlik heç kəsdə yoxdur” (bu da cənubludur); “Qarabağ məktəbi deyilən bir şey var. Gətirək Cabiri, Firuzu, hətta Manafı, mikrofonsuz oxusunlar, onlar da mikrofonla, görək hansının səsi bərk çıxır” (bu da qarabağlıdır).
Üç azərbaycanlı eyni mərəzə yoluxublarsa, biri şəfa üçün İrana gedəcək, biri Türkiyəyə, o biri Almaniyaya.
Bəlkə “üç azərbaycanlı” ifadəsi böyük çıxır, götürək, üç şirvanlını, üç naxçıvanlını, üç qarabağlını, görək nədəsə, heç olmasa, bir şeydə həmrəy olacaqlarmı? Heç cür. Əksini sübut edənə mükafat düşür.
Baxın, bu gün 31 dekabrdır. Üç azərbaycanlının biri Milli Həmrəylik günü olduğunu dilinə gətirmədən Yeni il bayramı edir, biri yeni təqvim ilinin dəyişməsinə məhəl qoymadan həmrəylik gününü qeyd edir, üçüncüsü isə nə yeni il, nə də həmrəylik bayramı hayında deyil, dini təqvimə baxır ki, görsün, hansısa dini bayram varmı…