Bilən bilir, bilməyən də bilsin ki, istər nəsrdə, istərsə də poeziyada satirik-yumoristik əsərlərə daha çox rəğbətli yanaşıram. Şair demişkən, özüm də “az-az uydururam yeri gələndə”. Hesab edirəm ki, siz də eləsiniz. Hamınız Mirzə Cəlili, Sabiri, Qaşeki, Əziz Nesini çox sevirsiniz.
Satira və satiriklərdən yazmağım təsadüfi deyil. Bu günlərdə ölkəmizin gözəl satira ustalarından birinin 55 yaşı tamam olub. Əslində onun yubileyi olmasa da, bu yazını yazacaqdım. Türkün sözü, dəng gəldi. O, günümüzün satirik yazarlarından Baba Pünhan, Mirzə Sakit, Heydər Oğuz, Əvəz Qurbanlı və digər qələm adamları kimi fitri istedad, gözəl təb yiyəsi olan Ramiz Qusarçaylıdır.
Ramiz bəy Qubada yaşayıb-yaradır. Şəxsi tanışlığımız yoxdur. Yəni üzbəsurət olmamışıq hələ. Bir dəfə sosial şəbəkədə qısa polemika aparmışıq, bir dəfə də telefonla danışmışıq. Vəssalam. Amma bir çoxları kimi, mən də şairin yaradıcılığını izləyir, şeirlərini oxuyuram. Oxuyuram və bəyənirəm. Birini lap çox bəyənəndə götürüb paylaşım-filan da edirəm.
Bu günlərdə şairin gözəl bir şeirini görmüş, oxumuş, bəyənmiş, həm sosial mediada (facebookda), həm də peşəkar mediada (musavat.com saytında) paylaşmışdım. Bu şeiri məndən başqa da 10-dan çox adam paylaşmışdı və 5 minə qədər oxucu oxumuşdu. Ramiz bəyin bu şeiri hələ uzun müddət oxunacaq, dildə-ağızda gəzəcək. Kim bilir, bəlkə bir zamanlar dərsliklərə də salınacaq. İndi o şeiri yenidən təqdim edim, sonra söhbətimizi qaldığı yerdən davam etdirərik. Necə deyərlər, bizimlə qalın.
“Bank” adlanan həmin şeir belədir:
Döngədə bank, dalanda bank, tində bank,
Tövlədə bank, fermada bank, hində bank,
İblisdə bank, şeytanda bank, cində bank,
Hərif satır, nökər satır, qul satır,-
Bu adamlar adamlara pul satır…
Faiz-faiz ucuzlaşır adamlar,
Sələm-sələm acizləşir adamlar,
Harınlaşır, quduzlaşır adamlar,
Yetim satır, talaq satır, dul satır,-
Bu adamlar adamlara pul satır…
Saray-saray əskinazlı oyunlar,
Qoltuqlara özü gəlir boyunlar,
At oynadır ortalıqda qoyunlar
Naxır satır, ilxı satır, çul satır,-
Bu adamlar adamlara pul satır…
Bir tələdi, bir ovçudu, bir ovdu,
Hər bir kişi öz evində girovdu,
Buz ürəklər, donuq gözlər…qırovdu
“Çərlə!” satır, “Sürün!” satır, “Öl!” satır,-
Bu adamlar adamlara pul satır.
“Qoltuqlara özü gəlir boyunlar” deyən şair haqlı deyilmi? Bu, günümüzün acı gerçəkliyidir. Zatən, satira buna görə üstündür və buna görə sevilir. O, həyatı necə var, elə göstərir, həqiqəti retuşlamır, fotoşopdan keçirmir.
Hamımız “Ortalıqda at oynadan qoyunlar”ı da görürük, adamlara pul satan adamları da, sələm-sələm acizləşənləri də, acizləşib körpüyə çıxanları da, harınlaşıb-quduzlaşanları da, quduzlaşıb adamların belindən 200 minlik maşınla keçənləri də.
Şair bunları yazıb, qoyub ki, gələcək nəsillərə əmanət qalsın, miras olsun. Qoy gələcəkdə bu yazıları oxuyanlar deməsinlər ki, babalarımız kef ediblər, biz əziyyət çəkirik.
Ramiz Qusarçaylının başqa gözəl şeirləri də var – bənzərsiz, şedevr şeirlərdir. Oxuduqca adam elə bilir, energetik içki içib. O, əsl şairdir, ustadlardan dərs alıb. Bildiyimə görə, Ramiz bəyə “Qusarçaylı” təxəllüsünü də uzun illər öncə ustad şair Osman Sarıvəlli verib – Qusar çayının kənarında böyüdüyünə görə.
Şair bu gün də o çayın kənarındadır və hələ də böyüyür. İndi o, 55 yaşına çatıb, sözü, şeirləri isə özündən 55 dəfə böyükdür. O, sözü ilmə-ilmə edib xalça toxuyan, sözü kərpic-kərpic hörüb bina tikən söz ustasıdır.
Var ol, şair.
Bir də gözün aydın, bank kreditlərinin faizləri azaldıldı, güman var ki, “adamlara pul satan adamlar”ın harınlaşması bir az yavaşlayacaq.