Xədicə İsmayılla nə vaxtsa həmsöhbət olmağımı xatırlamıram. Üstəlik, bəzi hallarda bu xanım jurnalistin mövqeyini bölüşməmişəm. Ancaq açıqlanan ittihamla həbsini də qəbul edə bilmirəm.
Bəli, onun fəaliyyəti hakimiyyəti heç cür qane etmirdi. Bəlkə də hələ radionun yayım tezliyinin ləğvindən də qabaq. Azərbaycan reallığında “Azadlıq” Radiosunun xanım əməkdaşının saxlanması üçün kifayət qədər arqumentlər tapmaq olardı. Ancaq “siçan dərmanı” arqumenti ilə? Bax, bu, olmadı.
Xanım jurnalisti tutduran adamın intihar söhbətini eşidəndə gözümün qabağına ən sonuncu intihar olayları gəldi. Noyabrın sonlarında isə Lökbatanda 30 yaşı olan 3 uşaq anası yenə borc üstündə “bezdim daha” deyib özünü öldürmüşdüE Goranboyda məktəb direktoru Yolçu Məmişov ötən həftə elə sinifdəcə ov tüfəngindən (!) atəş açıb ürəyini param-parça eləmişdi – borclu olduğuna görə.
Azərbaycanda isə borcluların sayı çoxdur, lap çox. Qeyri-rəsmi məlumata görə, ölkənin siyahı üzrə 9,5 milyonluq əhalisinin 5 milyonundan çoxu, yəni 50 faizdən də artığı banklardan asılıdır. Bunlar bankdan asılı qalanlardır. Qohum-qardaşdan, müdirindən, qonşusundan, sələmçidən asılı olanların sayını üstünə gəlsək, faiz xeyli böyüyər. Elə buna görədir ki, asılı olanları günün birində asılı şəkildə tapırlar – ağacdan, çilçıraqdan, çarpayının dəmirindən. “Koroğlu” körpüsü də ehtiyat ünvandırEÖlkə əhalisinin böyük bir hissəsi intihara potensial namizədlərdir. Ancaq nadir hallarda intihara vadar edənlər cəza alıb. X.İsmayıl da istisna oldu.
****
Jurnalistin həbsi ilə Azərbaycana qarşı təzyiqlər artacaq ki, azalmayacaq. Qərblə münasibətlərdə kəskin küləklərin əsdiyi bir vaxtda ölkənin təcrid olunmasından, növbəti basqıların gəlməsindən qaçmaq lazımdır, nəinki özümüzə problem yaradan addımlar atmaq. Bəli, daha yaxşısı problemləri ölkə içində həll etmək idi. Nədən hansısa “conlar”, yaxud “psakilər” Azərbaycana “umac ovmağın fəlsəfəsini” öyrətməyə çalışsın? Ancaq görünən budur ki, ayrı yol seçilib. Qarşıdurma labüd görünür. Çox təəssüf, bizə heç gərək deyildi bu situasiya…
2015-in əvvəlləri ilə bağlı ümidlər böyük idi. Az öncə İşçi Qrupunun fəaliyyəti bərpa olunandan sonra geniş əfv olacağı söhbətləri çoxalmışdı. Az qala hamı günləri sayırdı; sadəlövhcəsinə Azərbaycanda yeni bir mərhələnin başlanacağı intizarında olanlar bu barədə nikbin proqnozları ilə bir çoxlarını, hətta avropalıları mat qoyub təəccübləndirən Mehman Əliyevin fikirlərinin çin çıxacağını gözləyirdi. Ancaq qəfildən jurnalistin qapısı döyüldü. Bəlkə də “qapısı bağlandı” yazsaq doğru alınar.
Özü də o ərəfədə ki, Avropa Parlamentinin ardınca ABŞ Dövlət Departamenti də Azərbaycana ünvanlı sanksiya hədəsini işə salıb. 12 dekabrda Azərbaycan müzakirəsi olacaq, keçmiş səfir Kozlariç, tanınmış diplomat Kramer məruzə edəcək. Jurnalistin həbsi isə Azərbaycana təzyiqin artmasına tərəfdar olanların işinə yarayır. Dünya gücləri ilə zarafat etmək təhlükəlidir. O boyda dövləti maliyyə sanksiyası ilə yumağa dönədriblər, 100 milyardını havaya sovurublar. Allah eləməmiş Neft Fondunda 50-cə milyardı olan Azərbaycana qarşı bunabənzər təzyiqlər olsa, halımızı təsəvvür edin.
Hakimiyyət nümayəndələri istənilən təzyiq arqumentlərinin qarşısında Qarabağ məsələsini qoyur. Haqlı da edir, etirazım yoxdur. Dünyanın ədalətsizliyinin məntiqi nəticəsidir həm də Qarabağın işğalda qalması, erməninin Ağdamda helikopter oynatması. Amma biz özümüz də gərək Qarabağ naminə bir çox məsələlərdə bir-birimizə güzəştə getməyi bacaraq.
Amerikanın yeni səfirinin gəldiyi bir ərəfədə münasibətlərin nizama salınacağı ümidi yaranmışdı. Amma bu ərəfədə ABŞ-ın “Peace Corps” (Sülh Korpusu) təşkilatının Azərbaycandaki fəaliyyətini dayandırmağa qərar verdi. ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan deyib ki, Azərbaycan hökuməti burada 11 ildir fəaliyyət göstərən təşkilatın bundan sonraki fəaliyyətinə ehtiyac görməyib. Səfirlik ötən həftə Bakıdakı antiamerikan bəyanatlara sükutla cavab vermişdi. Səsi çıxdı, “Biz təbii olaraq təəssüflənirik”-deyib Hoqan. Simvolik məna kəsb etsə də, hər halda indiki həssas məqamda Sülh Korpusunun gedişi sadə məsələyə bənzəmir. Adətən, sülhməramlıların tərk etdiyi ərazilərdə ciddi kataklizmlər yaşanır. Bu korpusun “siçan dərmanı” olayından sonra ABŞ-a dönməsi də təsadüfə bənzəmirEÜstəlik, ABŞ təcavüzkarlıqda ittiham olunmuşdu. Yəni daha sülhə yer qalmadı..?