İlqar Rəsul
(Hekayə)
Həsən ölürdü. Canı ağzından çıxhaçıxda qonşu Əhməd gəldi ki, bəs maşın yenə işə düşmür, “sən allah, gəl gedək basaq xoddayaq”. Arada allahın adı var idi. Və nə Həsən getməyə bilərdi, nə də əzrayıl etiraz edə.
Həsən yerindən qalxdı. Əzrailə dedi ki, adama kömək lazımdı, gözlə, indi gəlirəm. Qonşuya qoşulub getdı maşını itələməyə.
Əhməd maşına oturub – itələ – dedi. Həsən də qollarını çırmayıb arxadan maşını itələməyə başladı. Yer palçıq, sürüşkən, maşın köhnə sovet istehsalı, təkərləri “keçəl”, Əhməd yekə və kök, Həsənsə arıq və bəstəboy adam. Həsən bilirdi ki, belə təbii və fiziki əngəllərə rəğmən bu maşını itələyib mühərrikini çalışdırmaq tək adam işi deyil. Ətrafda da başqa kimsə yox idi köməyə çağırmağa. Ona görə başını aşağı salıb ümidsiz halda sadəcə öz qonşuluq borcunu yerinə yetirirdi.
Mühərrikin uğultusu, təkərlərin altından üstünə sıçrayan palçıq və maşının arxasından çıxan tüstü ona əməlli başlı zülm edirdi. Bir tərəfdən də vaxt gedirdi. Allahın vaxtına da ki, nə o xilaf çıxmaq istəyərdi, nə də Əzrail. Bir də gördü Əzrail onunla yanaşı dayanıb maşını itələyir. Sevindi. Basdılar maşını bir xeyli. Amma xeyri olmadı. Gözlərinin içinədək palçığa bulaşmışdılar. Nəfəsləri kəsilirdi. Axırda Əzrail dayanıb nəfəsini dərdi:
– Bu nə axmaq iş imiş belə!
– Hə, bəs nə bilmişdin? – Əhməd də əlini maşından çəkib belini dikəldərək dilləndi – bu, can almaq deyil e, sənin üçün, sonunda gəlib beş dəqiqəyə alıb gedəsən. Həyatdı. Həyatın ortası.
Əzrail elə palçığın içindəcə yerə oturdu. Deyəsən əməllicə xarablamışdı halı. Nə qədər çalışsa da özünə gələ bilmirdi. Uzandı. Həsən Əzrailə yardım elədi. Ağzını onun ağzına dayayıb nəfəs verdi. Sürücü də maşından düşüb gəldi. Amma nahaq. Artıq gec idi. Əzrail can verirdi. Və bu canı alan yox idi…