Diktatorlar psixoloji tipaj kimi ekspertlər üçün böyük maraq kəsb edir. Xüsusən, diktatorların intim həyatı, qadınlarla münasibəti onların düşüncəsini, daxili aləmini dərk etmək üçün önəmlidir. Bu mənada fransız tarixçisi Diana Dükrenin “Diktatorların qadınları” kitabı böyük maraq kəsb edir. Müəllifin fikrincə, diktatorlar tabeliyindəki insanlarla amansız və qəddar davrandıqları kimi, öz həyat yoldaşlarına, məşuqələrinə qarşı da qəddar olublar. Təsadüfi deyil ki, bu qadınların əksəriyyəti depressiyadan, ağır psixoloji problemlərdən əziyyət çəkiblər. Hətta onların bəziləri, məsələn, Hitlerin Yeva Braundan öncə sevgi münasibətlərində olduğu yaxın qohumu Angelika Raubla və İosif Stalinin 2-ci həyat yoldaşı Nadejda Alliluyeva intihar edərək həyatlarına son qoyublar. Diktatorların xanımlarına qarşı xoş, isti münasibət göstərməməsi, bəzən çox kobud davranmaları, onlara çoxsaylı məşuqələri ilə xəyanət etmələri, eyni zamanda öz xanımlarının sadiqliyinə şübhə ilə yanaşmaları onları depressiyaya və intihara sürükləyən əsas səbəblər idi.
Modern.az saytı diktatorların şəxsi həyatı ilə bağlı silsilə yazıları davam etdirir. Bu dəfə dünya proletariatının lideri, mahiyyət etibarilə diktator olmuş Vladimir İliç Leninin şəxsi həyatına nəzər salınacaq.
XX əsr dünya tarixini ən məşhur simalarından biri olan Lenin kompromissiz inqilabçı və dünyada ilk sosialist ölkəsinin banisi kimi tarixdə qalıb. Kommunizmin dərin bilicisi və nəzəriyyəçisi olan Lenin barədə Sovet İttifaqında böyük elmi əsərlər yazılırdı. Lakin bu əsərlər onun inqilabçı fəaliyyətini daha çox işıqlandırırdı və şəxsi həyatına çox az yer verirdi. Lenin insani qüsurları olmayan dahi və yalnız işçi sinfinin kapitalist zülmündən xilas olmasını düşünən inqilabçı kimi mübaliğəli şəkildə təsvir olunurdu.
Son illər Qərb araşdırmaçıları Vladimir Ulyanovun (Lenin) şəxsi həyatı ilə bağlı maraqlı faktlar aşkarlayıblar və onun zəngin intim həyatının olması qənaətinə gəliblər.
Leninin şəxsi həyatından bəhs edərkən ilk növbədə onun həyat yoldaşı, bütün ömrü boyu onun həm siyasi, həm də şəxsi həyatındakı tərəfdaşı Nadejda Konstantinovna Krupskaya yada düşür.
Onlar ilk dəfə 1894-cü ildə Sankt-Peterburqda tanış olublar. O zamanlar 24 yaşı olan Vladimir Ulyanov şəhərdə gizli fəaliyyət göstərən sosialist dərnəklərindən birində Nadejda Krupskaya ilə tanış olub. Maraqlıdır ki, Lenin ilk vaxtlar Krupskaya ilə deyil, onun rəfiqəsi Appolinariya Yakubova ilə tanış olub. Lakin 1895-ci ildə Lenin inqilabçı fəaliyyətinə görə həbs olunduqdan sonra onun Yakubova ilə münasibətləri soyuyub. Belə ki, dünya proletariatı liderinin təklifini Appolinariya Yakubova rədd edib. Bundan sonra onlar bir daha görüşmürlər. Appolinariya Yakubova 1913-cü ildə vərəm xəstəliyindən vəfat edib.
Vladimir Leninin sevgisini rədd edən rəfiqəsindən sonra səhnəyə Nadejda Krupskaya çıxır. O, Vladimir İliçdən 1 yaş böyük olsa da, kifayət qədər cəlbedici xarici görünüşə malik idi. Lakin bir neçə ildən sonra sağlamlığında yaranan problem onun gözəlliyinə ciddi xələl gətirəcəkdi. Rəfiqəsinin qəbul etmədiyi evlilik təklifini Nadejda Krupskaya qəbul edir. O, 1898-ci ilin yayında Şuşensk quberniyasında həbs cəzası çəkən Leninlə kilsə nikahına daxil olur. Evlilikdən sonra o, inqilabçı ərinin yanına köçür və həbs müddətinin bitməsinə qədər onlar birlikdə yaşayırlar.
1900-cu ildən onlar Avropaya siyasi mühacirət edirlər. Orqanizmində olan bir çox xəstəliklər, o cümlədən zob xəstəliyindən əziyyət çəkən Nadejda Krupskaya bu problemlərə görə Vladimir Leninlə şəxsi həyatlarında xoşbəxt ola bilməyiblər. Bir çox ekspertin fikrincə, Lenin heç zaman ömür-gün yoldaşını sevməyib və onların bir yerdə olması sırf ideoloji yaxınlıq xarakteri daşıyıb.
Qeyd olunmalıdır ki, 1900-cu ildən başlayaraq Lenin qısa fasilərlə 1917-ci ilə qədər Avropa ölkələrində siyasi mühacir həyatı yaşayıb. Bu müddətdə o bir sıra Avropa şəhərlərində – London, Vyana, Paris, Sürix, Cenevrə, Praqa, Münhen, Kapri adası, Varşavada, Finlyandiyanın bir çox yerlərində yaşayıb. Britaniyalı tarixçi Helen Rapportun fikrincə, gələcək Sovet İttifaqının qurucusu Avropada “azad seks”in mərkəzi olan Parisdə fahişəxanalara tez-tez baş çəkirmiş. Xüsusən Fransa Milli Kitabxanasının yanında yerləşən bordel onun sevimli məkanıymış.
Ola bilsin ki, həyat yoldaşının xəstəliyi ilə bağlı intim həyatda problemlər yaşayan Lenin bunu kənarda qadınlarla qurduğu əlaqə hesabına kompensasiya etmək istəyib. Lakin belə təsadüfi münasibətlərin biri Lenin üçün uzunmüddətli sevgilisinin peyda olması ilə nəticələnir.
İnessa Armand və Vladimir Lenin
1909-cu ildə Karlı Marksın qızının dəfn mərasimində 39 yaşlı Vladimir Lenin 35 yaşlı fransız İnessa Armandla qarşılaşır. Tanışdıqları zaman artıq 5 uşaq anası olan Armand Lenini özünə məftun edə bilir. 1907-ci ildə ərinin ölümündən sonra dul qalan Armandla Lenin arasında gizli eşq macərası yaşanmağa başlayır. Vladimir İlyiç öz inqilabi enerjisi ilə fransız sevgilisini də yoluxdurur və İnessa inqilabi fəaliyyətə başlayır. Leninin tapşırığı ilə 1912-ci ildə gizli yolla Rusiyaya gəlir. Bu arada inqilabi fəaliyyətinə görə həbs olunur və 1913-cü ildə azadlığa buraxılır. Daha sonra Finlyandiyada və Fransada işçi sinif arasında təbliğat işləri ilə məşğul olur. 1917-ci ilin oktyabr inqilabından sonra Leninlə eyni qatarda İsveçrədən Peterburqa gəlir. Sovet Rusiyasında bir sıra önəmli postlarda təmsil olunur. Və Qırmızı Xaç Cəmiyyəti ilə əməkdaşlıq edir. O, 1918-ci ildə Fransada həbs olunan zaman Leninin Moskvadakı bütün fransız diplomatlarının güllələyəcəyi ilə bağlı hədəsindən sonra azad olunur.
İnessa Armand 1920-ci il sentyabrın 26-da 46 yaşında dünyasını dəyişir və Leninin göstərişi ilə Qırmızı Meydanda dəfn olunur.
Qeyd etmək lazımdır ki, Nadejda Krupskaya ərinin sevgi münasibətlərindən öncədən xəbərdar olub. Hətta rusiyalı tarixçilər Armandla Krupskayanın ən yaxın rəfiqə olduqlarını iddia edirlər.
Vladimir Lenin sevdiyi İnessa Armandla evlənmək istəsə də, inqilabi əhval-ruhiyyəyə xələl gətirməmək üçün Nadejda Krupskaya ilə nikahını sona qədər saxlayıb. Qeyd etmək lazımdır ki, Nadejda Krupskaya ərinin 1924-cü ilin yanvarındakı qəfil ölümündən sonra daha 15 il yaşayıb.. O 1939-cu il fevralın 27-də, 70 yaşında Moskvada vəfat edib.