Deyəsən axı, biz bir sıra hallarda erməni təbliğatına uduzuruq. Bəlkə də bilməyərəkdən tələyə düşürük. Başımız bir-birimizi didməyə qarışanda, günlərlə Qarabağı qaytarmağın yollarından deyil, bir qəzet yazarının ortaya milli mövqe ortaya qoymasında müəmmalar ovuna çıxıb “nöyütümüzü boşuna yandıranda”.
Kimin nə deməsindən, necə yozmasından asılı olmayaraq deməliyik ki, bizim əsas prioritet məsələmiz Qarabağın düşməndən azad olunması, bütün dünyada erməni təbliğatının ifşası olmalıdır. Erməni yardım dilənir ki, Qarabağın işğalına haqq qazandırsın, əcnəbiləri satın alsın. Bizim içimizdəki bəzilərsə demə qrantı Qarabağ həqiqətlərinin ört-basdır edilməsi layihəsində çərçivəsində alırmış…
Batumi Forumu həm də başqa həqiqətləri də ortaya çıxartdı. Məlum oldu ki, Azərbaycanın elə öz içində istənilən an istənilən bəhanə ilə öz soydaşının kürəyinə xəncər saplamağa hazır olan dəstələr, dəstəbaşıları var. Onların nəzərincə bu gün iqtidar Qarabağla bağlı ermənilərin hər hansı təfriqəsinə qarşı addım atırsa, o halda ən azı müşahidəçi statusunda durmalı, savaşın nəticəsini gözləməlisən.
Düzdür, əksər hallarda bu azarkeşlər ordusunun mərəzi üstüörtülü qalıb, özlərini vətənpərvər qiyafəsində təqdim etməyə çalışıblar. Ancaq son vaxtların bir neçə olayı, müsavatçı İkram İsrafilin toyuna YAP-çı deputat Aydın Mirzəzadənin getməsi, yaxud erməni və onların pərəstişkarlarının bəd niyyətlərinin Rauf Arifoğlunun Batumi reportajlarında ölkə ictimai rəyinə təqdim olunması maskaları tamamilə yırtıb-dağıtdı. Hələ də davam edirlər, təhqirlər yağdırırlar, “Yeni Müsavat”ı “hakimiyyətə işləməkdə” ittiham etməkdən yorulmurlar. Bu, nə münasibətdir, 20 faiz ərazisi işğalda olan ölkənin mətbuatından qan damır – qardaş qanı! Son günün bəzi qəzetlərini vərəqlədim, erməni haqqında bir kəlmə yoxdur, ancaq bir-birinə qarşı süngülü ittihamların sayı yox…
Batumi Forumunda Dağlıq Qarabağ ermənilərini Vətəndaş Forumuna üzv etmək istəyən düşmənlərimiz və onların yandaşları nə qədər pərt oldusa, Forumdan sonra Azərbaycan daxilində ifşa prosesində əsas rol oynayan “Yeni Müsavat”a eser-menşeviklərin hücumlarını müşahidə etmələri də şübhəsiz onlara böyük zövq verdi. Düşmənə belə şans tanıyanların üzləri ağ olsunmu deyək?! Belə çıxır ki, sabah Qarabağın işğaldan azad olunması əməliyyatlarında mühüm qələbələr qazanılsa, bu “qrantoid” dəstəsi, xalq diplomatiyası layihəsinə başını soxub ermənilərlə qucaqlaşan zatlar, sülh göyərçinləri qələbə xəbərini manşet edənləri də iqtidarın adamı sayıb şərləyəcək? Belələri ilə Vətən müharibəsinə başlamağın özü də deyəsən, risklidir axı…
****
Görünən budur ki, Azərbaycan dünyanın risk qrupuna daxil olan ölkələri sırasındadır. Politoloq Ərəstun Oruclunun dediyi kimi, İŞİD-ə qoşulanların xeyli bir hissəsini azərbaycanlılar təşkil edirsə, demək vəziyyət çox təhlükəlidir. Ani olaraq sabitliyin pozulması üçün tətiyi çəkə bilər xarici güclər.
Təbii ki, bu situasiyada hakimiyyətin üzərinə ciddi məsuliyyət yükü düşür. Daxildə vəziyyətin dəyişməsi üçün təcili tədbirlərə zərurət var. Bu gün Avropa institutlarını ən bayağı ifadələrlə aşağılayıb ürəkdən tikan çıxartmaq da çıxış yolu deyil. Bu gün imkan vermək olmaz ki, erməni və onun pərəstişkarı olanlar məhz “Azərbaycan vətəndaşlarının siyasi baxışlarla həbsə atılması”nı (!) əsas gətirib Azərbaycan dövlətinə qarşı kampaniya aparsın.
Ötən həftə parlamentdə Avropa Parlamentinin prezident M.Şultsu yaş yuyub quru sərdilər. Ancaq bu, çıxış yoludurmu? Avropalıları söyməyimiz erməni lobbisinin açıq-aşkar işinə yarayır. Erməni Avropa ilə körpülər qurur, biz olan-qalan körpüləri də dağıdırıq, sərt ritorika ilə. Bizim itirdiklərimizi, söydüklərimizi ermənilər qazanır, şübhəniz olmasın.
2015-ci il Avropa Olimpiya Oyunları ərəfəsində ölkəmizə diqqət daha da artacaq, Avrovizion zamanı olduğu kimi. İndiki situasiyada nə hakimiyyətin dirənişi, nə də müxalifətin Olimpiya Oyunlarını boykot çağırışı çıxış yolu deyil. Yol isə var – barış yolu. Təki yolumuzdakı partlamayan minalardan ehtiyatlı olaq. O minalar bizim Qarabağa yolumuzu da kəsir. Necə ki, Batumi olayından sonra bəzi minalar partladı. Sadəcə “Yeni Müsavat” minaaxtaran statusunda çıxış etdiyi üçün qəzəbə tuş gəldi…