Adam hərdən düşünür ki, sanki birilərinin məqsədi sürətlə bu ölkəni həm onun vətəndaşlarının, həm də xaricilərin gözündən salmaqdır. Daha nələrdə ifrata getmirlər? Qədim İçərişəhərin əsrlərdən qalma daş döşəməsini söküb müasir daş örtüklər döşəməklə, yaxud tarixi binaların üstünü qaşıyıb ağartmaqla müasir dünyaya inteqrasiya etdiklərini düşünənlər kaş ki, bir gün bunun kökündən yanlış olduğunu biləydilər…
Gömrük ölkənin qapısıdır, orda üzləşdiyin münasibət daxil olduğun ölkə haqqında təsəvvürlərin formalaşmasında açar rolunu oynayır. Gərək Azərbaycana gələn və ya burdan gedən şəxsə ölkənin “alaqapı”sında – gömrüyündə elə münasibət göstərilsin ki, o, bir daha bu ölkəyə dönmək istəsin, şairin “cənnət görmək istəyən Azərbaycana gəlsin” sözlərini eşidəndə ən azı ironiyalı təbəssüm nümayiş etdirməsin.
Baş redaktorumuz Rauf Arifoğlunun Bakı aeroportunda üzləşdiyi situasiya barədə feysbuk statusu əslində ciddi bir problemə işıq salıb. “Gömrükçülər ovçu kimi marığa yatıb…Başqa harada var, təyyarədən düşənləri (əşyalarını və həm də özlərini) yoxlayıb şəhərə buraxmaq? Bəzilərini iki dəfə aparatdan keçirib, sonra da əl detektoru ilə diqqətlə yoxlayırlar. Bakı da təyyarədi?”.
Bu statusun sonunda sadəcə “şərsiz” yazmaq da olardı. Çünki iqtidardakıların sevdiyi ifadə ilə desək, analoqu olmayan hadisədir. Xarici ölkədə hərtərəfli, özü də “ovçu kimi marığa yatanlar” tərəfindən yox, normal, mədəni formada yoxlanandan sonra təyyarəyə minirsən, Bakıya eniş edib yenidən kəmərini çıxarır, ayaqqabılarına kimi soyunursan…Bu, nə deməkdir? Allah eləməmiş, kiminsə terror niyyəti olsa, elə bunu təyyarədə həyata keçirər, daha niyə özünü tələyə salsın. Yaxud ölkəyə hansısa təhlükə yaratmaq istəyən şəxs daha ayaqqabısında bomba daşımaq ki…
Mümkündür ki, kimlərsə ölkəyə qızıl-zinət əşyaları, yaxud brilyant daşınmasından ehtiyatlanır, axı hər şey monopoliyadadır. Ancaq bununla bağlı yoxlamaları da normal şəkildə, insanı incitmədən, onun heysiyyatına toxunmadan, məxfi formada həyata keçirmək mümkündür. Müasir texnikanın bu qədər inkişaf etdiyi dövrdə nəsə axtarmaq üçün mütləqmi ayaqqabını soyundurub camaatın corablarının rənginə baxmaq lazımdır? Axı biz inkişaf etmiş ölkəyik, kosmosa ikinci peykimizi göndərməyə hazırlaşırıq, ölkənin girişində bu cür davranmağımız bizi tanımağa gələn əcnəbiləri xəyal qırıqlığına uğradır.
Bayaq Rauf Arifoğlunun statusunun əslində şərhə ehtiyac olmadığını qeyd etmişdim. Ancaq şərhlər bölümündə İsa Yaşar Tezelin qeydlərini görüncə, düzü, pərt oldum. Azərbaycan Kültür Dərnəyinin başqan yardımçısı olan İsa bəy az öncə Müsavatın qurultayında iştirak etmək üçün başqan Cəmil Ünalla bərabər Bakıya gəlmiş, “Yeni Müsavat”ı da ziyarət etmişdi. Köksündə böyük Azərbaycan sevdasını daşıyan bir insanı hava limanından incik yola salmaq yumşaq desək, günahdır. İsa Yaşar Azərbaycanla Türkiyəyə fərq qoymur, bu ölkələri eyni dərəcədə sevir, insanları, elə o gömrük işçiləri ilə bərabər. Elə isə bu, nə münasibət? Baxın, Bakıdan geri dönərkən İsa bəy əl çantasındakı “Azərbaycanın 1000 mahnısı” adlı kitaba görə sorğu-suala məruz qalıb. Niyə? Səbəb nəymiş? Bu kitabla bağlı suallar verəndə utanmayıblarmı? Sonra da deyirik erməni diasporu belə güclüdür, ermənilər daha çox təbliğ olunur…Sonra da deyirik “Sarı gəlin” erməni mahnısı kimi təqdim olunub. Sən Azərbaycan mahnılarını təbliğ edən kitabın Türkiyəyə aparılmasına belə maneə olursansa, bu mahnıların bizə məxsus olduğundan əlbəttə, dünya xəbər tuta bilməyəcək.
Guya ki, Azərbaycanın təəssübünü çəkirlər, antikvar əşyaların xaricə aparılmasına imkan vermirlər. Novella Cəfəroğlunun bağışladığı, üstündə də etiketi olan qədəhi az qala “qaçaqmal” kimi təqdim edib müsadirə etmək istəyirmişlər. Onda İçəri Şəhərdəki antikvar dükanlarının da qapadılmasına göstəriş verilsin, əgər hədiyyə olunmasına icazə verilmirsə.
Ancaq gömrükdə baş verənlər prezidentin 4 il əvvəl (2010-cu il 6 aprel tarixli) imzaladığı 2010-2014-cü illərdə turizmin inkişafına dair dövlət proqramına qarşıdır. Həmin sənəddə milli sənətkarlıq və suvenir məhsullarının istehsalının təşviqi, xarici turistlər üçün milli mətbəx, incəsənət, sənətkarlıq və Azərbaycanın tarixi-mədəni abidələri haqqında məlumat toplusunun yaradılması və təbliği barədə konkret tapşırıqlar əksini tapmışdı. Azərbaycana gələn qonaq Bakıdan bir suvenir alırsa, bu, elə ölkəmizin xaricdə təbliğidir. Necə ki, Gürcüstana gedən ordan bir buynuz, ya xəncər gətirir, gərək gürcülər də buna qadağa qoysun ki, “buynuz antikvardır”.
Və…nəticə budur. İsa Yaşar Tezel özünə söz verib: “Qismət olsa, Bakıya yenidən gəlsəm, burdan bir çöp də almayacağam…” Heç yaxşı sonuc deyil. Azərbaycandan alınan hər bir əşya həm də vətəndaşlarımız üçün əlavə qazanc deməkdir. Ən böyük itkimiz odur ki, ölkəmizi normal qiyafədə tanıtmaq imkanını əldən veririk, kimlərinsə ambisiyalarının, yarıtmaz iş fəaliyyətinin nəticəsində. Hansı ki, milyonlar xərcləyərək sərgilər, müxtəlif simpoziumlar keçirməklə ölkəmizi təqdim etməyə çalışırıq. Azərbaycanı tanımağa gələni isə ölkənin giriş-çıxış qapısında peşman edirik. İsa Yaşar demişkən “heyf, çox heyf…”