Müğənni Məryəm Şabanovanın başına maraqlı hadisə gəlib.
Axşam.az-ın məlumatına görə, o, bu gün səhər rastlaşdığı olay barədə “Facebook” səhifəsində yazıb. M.Şabanova bir qadının iki kişi tərəfindən qaçırılmasının şahidi olduğunu deyib: “Səhər yuxudan oyananda başıma nələrin gələcəyini bilmirdim. Oğlumu məktəbdən gətirməyə getmişdim. Yarım saat tez çatdım. Avtomobilimdə oturub telefonumla oynayırdım. Birdən gözüm qarşıdan gələn maşına sataşdı. İçəridən qadın qışqırtısı gəlirdi. Sürücü avtomobili dayandırdı və qapıya yaxınlaşdı. Arxada daha bir oğlan oturmuşdu. Təxminən 30 yaşlarında olan sürücü arxa qapıdan çıxmaq istəyən qızı itələyərək içəri salmağa çalışırdı. Digər oğlan qızın üzünü əli ilə örtmüşdü. Sürücü qızı içəri salıb yerinə oturdu. Mən o dəqiqə avtomobilimi işə saldım və onların arxasıyca getdim. Tez-tez siqnala basaraq onları dayandırmağa çalışdım. Nəhayət, önlərini kəsə bildim. Qızın qışqırtısı kəsilmirdi. Sürücü pəncərədən başını çıxararaq,“Xanım o, dəlidir fikir verməyin”, dedi. Mən də cavabında “Dəliləri xəstəxanada sağaldırlar, maşında qaçırmırlar” söylədim. Yaxşı ki, bizim xalqımız belə hadisələrə biganə yanaşmır. Ətrafımıza çoxlu insan toplaşdı. Oğlan etiraf etdi ki, qız onun dostunun sevgilisidir. Sadəcə, araları dəyib. Xahiş etdi ki, polisə xəbər verməyək. Mən də bildirdim ki, “Artıq üzünüzü də gördük, avtomobilinizi də tanıdıq, qızın başına bir iş gəlsə, sizdən biləcəm”. Bunu anama danışdım, mənim normal olmadığımı söylədi. Məncə belə hadisələrə qarşı biganə qalmaq olmaz. Bəlkə o qızın başına bir iş gələcəkdi...”.