“Bakını Azərbaycandan ayırmaq istəyən kim olursa, Azərbaycanın həyatına qəsd etmişdir. Bakısız Azərbaycan təsəvvür olunamaz. Bakı tarixində, haləndə bir türk şəhəri və müsəlman şəhəridir… Türkiyə üçün İstanbul, Almaniya üçün Berlin, Rusiya üçün Moskva nə isə, Azərbaycan üçün Bakı ondan artıq olmasa da, odur”.
Böyük Məhəmməd Əmin Rəsulzadə bu sözləri hələ 1918-ci ilin avqustunda Bakı erməni-bolşevik işğalında olarkən yazırdı. O, Azərbaycanın və azərbaycanlıların taleyində Bakının nə qədər önəmli rol oynadığını çox yaxşı bilirdi. Həmçinin Bakıya yağlı tikə kimi baxan yadellilər də bu türk şəhərini qəsb etmək üçün çeşidli planlar qurmuşdu. İngilis alimi Hoppinks əbəs yerə demirdi ki, XX əsrin əvvəllərində Bakı bütün dünyanı isitməyə və işıqlandırmağa layiq olan yeganə şəhər idi…
Xüsusilə də I Dünya müharibəsinin sonlarından etibarən Bakının əhəmiyyəti xeyli artmışdı. Bircə səbəbə görə: o zaman dünya neftinin 50, Rusiya neftinin isə 85 faizi Bakının payına düşürdü. Bu səbəbdəniydi ki, Bakını ələ keçirmək üçün bir tərəfdən bolşeviklər, digər tərəfdən ingilislər hərəkətə keçmişdilər. Elə 1918-ci ilin payızında general Tomsonun rəhbərlik etdiyi ingilis qoşunlarını Bakıya gəlməyə vadar edən səbəb də neft idi. O neft ki, həm I, həm də II Dünya müharibələrində Almaniya da onu ələ keçirmək üçün çeşidli planlar qurdu. Xülasə, dünya gücləri Bakının sərvətinə vurulmuşdu.
O dövrdə Bakını heç bir təmənna güdmədən, sərvətinə, neftinə göz dikmədən xilas etmək üçün gələn tək bir ordu oldu – Qafqaz İslam Ordusu. Türk ordusu Azərbaycanı xilas etmək, qanıbir, dilibir, dinibir qardaşını erməni-rus tapdağından qurtarıb onun müstəqil yaşamasına meydan vermək niyyətilə şəhidlər verirdi. Bəlkə də tarixdə belə bir nümunə yoxdur. Bu, qardaşlığın, saf münasibətin ən bariz nümunəsiydi. Xilaskar statusu hər orduya nəsib olmur…
Taleyin işinə baxın, vaxtilə iki türk imperiyası zamanın gərdişindən, yoxsa kənar qüvvələrin təfriqə salmasından dolayı Çaldıranda üz-üzə gəlib özlərini zəif salmışdı. Ancaq 4 əsr sonra Azərbaycan və Türkiyə türkləri bir cəbhədə düşmənə qarşı savaşa qalxdı – əvvəl Sarıqamışda, Çanaqqalada, sonra da Bakıda, Şamaxıda, Qubada, Göyçayda…
Türk mehmetcikləri Bakını daşnaklardan təmizləmək naminə tərəddüd etmədən canlarını fəda edirdilər, necə ki, Azərbaycan türkləri Çanaqqalada Osmanlı torpağı uğrunda sinəsini yağı düşmənə sipər eləmişdi. Özü də Nuru Paşanın rəhbərlik etdiyi ordu birləşmələri Bakıya Təbrizdən gəlmişdi, Azərbaycanın güneyindəki qırğınların cavabını verəndən sonra. Ermənilər güneydə 200 mindən çox Azərbaycan türkünü qırmışdılar, şimalda qırğınlar davam edərkən orda da qardaşlarımızın qanı axıdılırdı.
Bütün dünyanın bu qırğınlara seyrçi qaldığı dönəmdə qəhrəman türk ordusu harayımıza çatdı. Müdafiə naziri Ənvər Paşa əmr etmişdi: Bakı 15 sentyabrda – Qurban Bayramı günündə azad edilməlidir ki, müsəlmanlar öz bayramlarını öz şəhərlərində keçirsin! Ruhu şad olsun o böyük insanın, Nuru Paşa başda olmaqla Azərbaycan uğrunda savaşan cəngəvərləri Azərbaycan Korpusu ilə birgə Bakını azad etdilər, müsəlman əhli qurbanını öz şəhərində kəsə bildi. Bu gün isə çoxlu qurbanlar bahasına qazanıldı…
Bir anlıq təsəvvür edin ki, türk ordusu gəlməz, yaxud gəlib də burda məğlub olması səbəbindən Bakını azad etməzdi. Necə ki, Məhəmməd Əmin açıq şəkildə yazırdı: “Bakı alınmasa, əlvida vətən!” Necə ki, avqustda türk ordusu Bakının 4 kilometrliyində ağır itki verəndə yerli əhali onlara müraciət etmişdi: “Ey türk əsgəri! Əgər sən bu şəhəri almasan, Bakıda sənin üçün hazırlanan süfrələr qonaqsız qalacaq, sənin üçün tikilən geyimi düşmənin geyinəcək, sənin üçün kəsilən qurbanlar düşmənə qalacaqdır” deyə. Təbii, Azərbaycan dövlətinin başı olan Bakı kəsilsəydi, bu dövlətdən söhbət belə gedə bilməzdi. Bolşeviklərin əlində nə çətin iş idi ki, Dərbənd, İrəvan kimi Bakını da ələ keçirmək? Bu şəhəri bizə qazandıran Türk ordusu oldu!
Hələ Ənvər Paşanın necə gözəl bir planı vardı: Osmanlı dövlətinin bir tərəfdən Naxçıvandan, digər tərəfdən də Qarakilsədən Azərbaycanla sərhədinin olmasına çalışırdı. Nəticədə Ermənistanın Gürcüstanla birbaşa əlaqəsi kəsilirdi və o, Osmanlı ilə Azərbaycan arasında bir ada kimi qalırdı. Təəssüf, gerçəkləşmədi. Azərbaycan uğrunda çalışan kişilərə min dəfə rəhmət olsun!
Bu təmənnasız xidmətin qarşılığında heç olmasa Ənvər Paşaya, Nuru Paşa Bakının ən hündür nöqtəsində bir abidə qoymaq gərəkdir. Lap Türk Şəhidliyində olsun. Amma olsun. Qarşıdan Bakının azadlığının 100 illiyi gəlir – bir əsrə bir abidə qoymaq çoxmu çətin işdir? Bu abidə, bizə lazımdır, onlara yox!
****
Bakının azad olunmasının 96-cı ildönümündə Türkiyə və Azərbaycanın silahlı qüvvələri tarixində ən böyük birgə hərbi təlimlərini keçirir. Təsadüfdürmü? Bu gün növbəti xilas gününə ehtiyac var: Qarabağın azad olunmasına. Şükür ki, iki türk ordusu yenə bir yerdədir, Turan Ordusu ideyası gerçəkləşmək üzrədir. İnşallah, sonda yenə də qalib gələcəyik, bir yerdə!!!