Medianews.az
Məşhur pivə zavodunun sahibi polisə aparıldı
1,157 baxış

Məşhur pivə zavodunun sahibi polisə aparıldı

62745_res_01 Azərbaycanda iş adamı tərəfindən aldadıldığını iddia edən təmir-tikinti mütəxəssisi aznews.az-a şikayət məktubu ünvanlayıb. Şikayətçi Paşa Əliyev bildirib ki, “Aysberq” Pivə İstehsalat Müəssisəsinin təsisçisi Qasım Muradov iş müqabilində ona çatacaq pulu mənimsəyərək, bu günə qədər verməyib. Usta deyib ki, Q. Muradov Xaçmaz şəhərində şəxsi evinin tikintisini ona həvalə edib. Evin inşasının smetası isə 98 min manat məbləğində dəyərləndirilib və razılaşma da bu şəkildə olub: “Mən 6 işçi ilə Xaçmazda Qasım Muradovun evini inşa etdik. Dediyim məbləğə uyğun da tikinti materialları, usta və fəhlə xərci ödənildi. Qasım Muradov isə həmin 98 min manatı mənə hissə-hissə verdi. Ötən ilin noyabrınadək bu məbləğin 90 min manatı ödənilsə də, qalan 8 min manatı ödəməkdən imtina edir. Bunun üçün Xaçmaza dəfələrlə getsək də, bizə çatacaq 8 min manatı ala bilmirik”. Paşa Əliyev Q. Muradovla bağlı sahibkarın pasport qeydiyyatında olduğu Nərimanov rayonu üzrə polis idarəsinə şikayət etdiyini də söyləyib: “Nərimanov Rayon Polis İdarəsi məsələyə baxmadı. Onlar dedilər ki, hadisə ilə əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edilə bilər. Çünki hadisə həmin rayonda baş verib. Bundan başqa Qasım Muradov polisə getməkdən boyun da qaçırıb. Pulumuz verilməsə, yaxın günlərdə Xaçmaz Rayon Polis Şöbəsinə şikayət etmək fikrindəyik. Məsələyə orada da baxılmazsa, prokurorluq orqanlarına şikayət edəcəyik”. Sahibkar Qasım Muradov isə sayta açıqlamasında iddiaları qəbul etməyib: “Mənim ona borcum qalmayıb. Araşdırsaq görərik ki, əslində Paşa Əliyev mənə borcludur”. Q. Muradov əlavə edib ki, Paşa Əliyevin şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinə aparılıb: “Orda da bu haqda məlumat vermişəm və onun qaldırdığı iddianın əsassız olduğunu demişəm”. Qeyd: Araşdırma zamanı məlum olub ki, böyük şirkətə sahib olan Q. Muradovun müəssisələrində çalışan usta və fəhlələr tərəfindən hüquq-mühafizə orqanlarına bu tipli şikayətlər dəfələrlə olub.

Bizə qoşulun