Əslində Tehran rejiminin böyük azərbaycanlı doktor Cavad Heyətə bu cür münasibəti gözlənilən idi. Onun Təbrizdə dəfninə icazə verməməklə İran hakimiyyəti Azərbaycan türkünə yanaşmasını ortaya qoydu. Bu, sanki Tehranın qisası idi, axı Cavad Heyət ömrünün ahıl vaxtlarında Bakıya pənah gətirmişdi, müstəqil Azərbaycanın prezidenti tərəfindən bağışlanmış mənzildə ömür sürürdü, ara-bir Tehrana gedib-gəlsə də…
Budur, “Varlıq” Dərgisinin yazarı Əlirza Sərrafi, doktorun qızı Maral xanım, məşhur türkoloqun yaxınlarından olan Rza Heyət onun Təbrizdə dəfni üçün xeyli çalışdıqlarını açıqlayıb. İlkin razılıq alınıb. Ancaq daha sonra İranın Azərbaycandakı səfirliyi məşhur alimin Təbrizə köçürülməsinin mümkün olmadığını mərhumun ailəsinə bildiriblər. Görünən budur ki, İran hakimiyyəti inqilab beşiyi Təbrizdə nisbi sakitliyin pozulmasını istəməyib. Axı, son illər Güneydə ən böyük aksiyalar elə dəfn törənlərində, anıt mərasimlərində baş tutub.
Tehran rejimi Azərbaycan türklərinin hansısa bəhanə ilə bir araya gəlməsini heç arzulamır. Hətta doktor Heyətin də çox sevdiyi Təbrizin “Traktor” futbol taqımının oyunlarına azarkeşlik edənlərin “Azərbaycan” hayqırtıları da hakimiyyətin yuxusuna daim haram qatır. Bu mənada İran hakimiyyəti ağrımayan başına dəsmal bağlamaq istəmədi…
İran rejimi hətta bu ölkənin vətəndaşı olan şəxsə belə Təbriz torpağını qıymadı, istəyinə uyğun şəkildə Şairlər Məqbərəsində dəfninə izn vermədi. Hansı ki, dünyada ilk dəfə açıq ürək əməliyyatının müəllifi olan doktor Heyət yarım əsrdən çox həkimlik fəaliyyəti ilə İranın adına da az faydalar gətirməmişdi. Qiymətləndirmədilər. Bakıda fars milliyyətindən olan birisi dünyasını dəyişsə, bu cür davranmazdılar.
Hər halda, nə yaxşı müstəqil Azərbaycan dövləti var və Bakı bu böyük insana sahib çıxdı, onun dəfni dövlət səviyyəsində həyata keçirildi. İran prezidenti səviyyəsində nekroloqa rast gəlməsək də, Azərbaycan prezidenti Cavad Heyətin ölümü ilə bağlı başsağlığını bildirdi, rəsmi şəxslərin iştirakı ilə vida törəni keçirildi. Bakı 50 milyonluq azərbaycanın paytaxtı olduğunu bir daha isbatladı türk düşmənlərinin mövqeyinə rəğmən.
Cavad Heyət o şəxslərdən idi ki, 90-cı illərdə Dəmirələ və Rəfsəncaniyə müraciətlə açıq məktub yazaraq onları Qarabağla bağlı Azərbaycanın dərdlərinə biganə qalmamağa çağırmışdı. Mənimlə söhbətində əminliklə demişdi ki, Qarabağ savaşı başlasa, güneyli döyüşçüləri də yanınızda bilin.
****
O böyük insanla üz-üzə oturub söhbətləşməyimdən qürur duyuram. Yadımdadır, ilk dəfə müsahibələrdən yayındığını bildiyim üçün ona zəng edib özümü ürək xəstəsi kimi təqdim etmişdim. Qəbul günümdə prezident İlham Əliyevlə görüşdən qayıtmışdı. Xeyli söhbətləşdik, ürəyimi yoxladı, resept yazdı, sonra mətləbə keçdim, uğurlu bir müsahibə alındı. İmzası ilə bağışladığı “Varlıq” dərgisini, türkçülüklə bağlı kitabını, səs yazısını sevə-sevə saxlayıram.
Telefon söhbətimizsə çox olurdu. Hər dəfə zəng edib bayramlar münasibətilə onu təbrik etmək istəyəndə dəstəyi özü qaldırar və şirin Təbriz ləhcəsi ilə “əlo” deyə cavab verərdi. Növbəti görüşümüz də onun mənzilində baş tutmuşdu və bu insanın köksündə nə qədər böyük Azərbaycan sevgisi daşıdığının bir daha şahidi olmuşdum. Belə bir ürək sahibinə Tehran şübhəsiz ki, Təbrizdə məzarlıq qıymazdı. 40 milyonluq Azərbaycan türkünü Urmu gölünü qurutmaqla, hərəkatçılarını həbsə atmaqla, dilini kəsməklə susduran, uşaqlarına ana dilində təhsil hüququnu belə tanımayan rejim böyük bir türk kişisinin məzarının ziyarətgahlar sırasına daxil edilməsini istəməzdi. İstəmədi də. Beləcə Cavad Heyət Seyid Cəfər Pişəvərinin uyuduğu Bakıda torpağa tapşırıldı.
“Çox istərdim sən gedib Bakıda oxuyasan. Ancaq neyləməli ki, indi ora dəmir pərdə arxasındadır. Bəlkə qismət oldu, nə vaxtsa dəmir pərdələr aradan qaldırıldı, gedib Bakını da görə bildin…” Bu sözləri atası Mirzəli kişi Cavad Heyətə hələ 40-cı illərdə demişdi. Cavad doktor Bakını ilk dəfə yalnız 1971-ci ildə ziyarət edə bildi. Gözlərini də elə Bakıda əbədi yumdu.
Yaşar Qarayevin “İki tayın ağsaqqalı”, Bəxtiyar Vahabzadənin “Mənəviyyat fədaisi” adlandırdığı böyük əfsanə. Ruhun şad olacaq inşallah, bütün yollar Savalana, Təbrizə, Xoya, Səlmasa…aparanda. Bakının Ankaradakı əmanətini – Məhəmməd Əmini ziyarət edən yerdə doktorun fotosunu yəqin çoxları görüb. Cavad Heyət özü də Təbrizin Bakıdakı əmanəti oldu. Özü də növbəti əmanəti…