Sanksiya kəlməsini ilk dəfə sovet vaxtı, uşaqlıda eşitmişəm. O vaxt adamları tutardılar (əsasən xırda-para cinayətlərə və sosialist əmlakını talan etməyə görə) və hər dəfə kimsə tutulanda deyirdilər: “Prokurorun sanksiyası ilə tutublar”.
Ona görə də hamıda belə bir təəssürat yaranmışdı ki, sanksiya deyilən şey çox pis mərətdir, onu verən kimi adamın bəxti qara gəlir.
Sonradan aydın oldu ki, bu terminin həm hüquqi mənası var, həm də siyasi. Son vaxtlar daha prokurorlar sanksiya vermirlər, əvəzində dövlətlər, şirkətlər bir-birinə sanksiya tətbiq edirlər.
Bu çox qlobal bir hərəkata çevrilib. Güclü dövlətlərin əksəriyyəti Rusiyaya, onun banklarına, şirkətlərinə, məmurlarına sanksiya tətbiq edir. Hər gün yeni-yeni sanksiya xəbərləri gəlir. Kimin Rusiya ilə nə cür haqq-hesabı varsa, əlaqəni kəsir, deyir, mən də sanksiyalara qoşuluram. Hətta elə Avropa ölkələri var ki, gedib Rusiyadan arvad almaq işinə də veto qoyublar. Qabaqlar çox alırmışlar, daha almayacaqlar.
Vəziyyət o həddə çatıb ki, yaxın ətrafından kimsə Putinin yanında “sanksiya” sözünü dilinə gətirsə, Vladimirıç onun üstünə qışqırar, “von otsuda, padles” deyər. Çünki adam yuxuya gedəndə son eşitdiyi söz “sanksiya” olur, səhəri isə “daha bir sanksiya” xəbəri ilə açılır. Doğma şəhəri Sankt-Peterburqun adını belə içində “sank” olduğuna görə görməz-eşitməz hala gəlib.
Durum o dərəcədə kritikdir. Allahın Avstraliyası bəyan edib ki, o da Rusiyaya sanksiya tətbiq edir, daha ona qoyun satmayacaq - nə dirisini, nə cəmdəyini. Belə götürəndə bu balaca sanksiya deyil, çox strateji sanksiyadır. Hərçənd Rusiya məcbur olacaq ki, ehtiyacını Monqolustandan, Türkmənistandan, bizdən qoyun almaqla ödəsin. Bizdə qoyun çoxdur. Özümüzə də çatır, lazım olsa Rusiyaya da sata bilərik. İntəhası, bizim qoyunların qiyməti bahadır, Avstraliyanın qoyunları kimi ucuz deyil.
Sanksiyalara dair xəbərlərdən biri də ondan ibarətdir ki, Avropa ölkələrinin aviaşirkətləri öz təyyarələrini Rusiya səmasından uçurtmayacalar. Həm ona görə ki, Rusiya Ukraynaya hücum eləyib, həm də ona görə ki, rus atıcılarının əli şordur, bir də görürsən, havada özləri demişkən, “ptiçka” görən kimi, BUK-la vurub salırlar, sonra da üzə dururlar ki, bu, bizi istəməyənlərin işidir.
İşin ən pis tərəfi odur ki, Rusiya aviaşirkətlərinin təyyarələri də Avropa ölkələrinin səması ilə uçmaq haqqını itirə bilərlər. Belə bir söhbət gedir.
Rus məmurların işi lap ağırdır. Onlar Avropada gəzməyə öyrəncəli adamlar idi, amma sanksiyaya məruz qalıblar deyə qoca qitənin qocaman şəhərlərinə gedə bilməyəcəklər, öz milyonlarını Avropa banklarına yerləşdirmək imkanından məhrum olacaqlar.
Oxumuş adamlar deyir, bu sanksiyalar yavaş-yavaş Rusiyanın dizinin bükülməsinə gətirib çıxaracaq. Dünən Obama da elə bir söz deyib. ABŞ prezidenti bildirib ki, sanksiyalar Rusiya iqtisadiyyatı üçün ağır yükə çevrilməkdədir və öz nəticələrini verəcək.
Qərb bu xüsusda nikbindir, inanır ki, ruslar bu xasiyyət və hərəkətlərinin üzündən dünya ilə düşmən olduqlarını, böyük zərərlər gördüklərini anlayınca, ziyanın yarısından qayıtmaq istəyəcəklər. Amma rusların bir zərbül-məsəli var, tərcüməsi təxminən belədir: “Rusiyanı məntiqlə anlamaq mümkün deyil”.
Yəni Rusiyanın müdrikləri heç vaxt ağıllı qərarlar qəbul etmirlər. Tutaq ki, gedib dayanıblar uçurumun qırağında. Gərək onlara deməyəsən ki, bir addım o tərəfdə uçurumdur, geri çəkil, yoxsa girdaba yuvarlanacasan. Dedinsə, məsələ bitdi, rusiyalı müdriklər mütləq irəli addım atacaqlar.
Tarixən belə olub. Ona görə də güman var ki, Rusiya dünya dövlətlərinin tətbiq etdiyi sanksiyalara qarşı sona qədər dirənəcək - iqtisadiyyatı çökənədək, diplomatları bütün ölkələrdən qovulana qədər...
Yaxşı ki, postsovet ölkələri Rusiyaya sanksiya tətbiq eləmir. Gürcülər Rusiyaya “vor-zakon” ixracını, ermənilər fırıldaqçı transferini, azərbaycanlılar “bazar alverçiləri” ezamını dayandırsalar, Kremlin dizi dəqiq yerə gələr. Hələ taciklər... Onlar da beynəlxalq sanksiyalara qoşulsalar, Moskva zibilin içində batar. Görək, kim süpürəcək küçələri...
