Nigar Bahadırqızı: “Kaş mənə də mobil telefonu qadağan edəydilər, yorulmuşam”
Gənc Tamaşaçılar Teatrının 26 yaşlı aktrisası Nigar Bahadırqızı teatr və kinoda ilk addımlarının səsi artıq eşidilmiş sənətçidir. Gerçək peşə həyatından kənarda, sosial şəbəkələrdə də fəallıq göstərərək o, xəyali həyatda da yetərincə tanınır.
Modern.az-ın müsahibi olan N. Bahadırqızı ilə söhbət də məhz “hörümçək toru” –internetlə başlayır.
– Sosial şəbəkədə aktiv olan bir neçə aktyor tanıyıram. Siz də tənbəllik etməyənlərdənsiniz. Face və twitter yeni aktyor nəsli üçün çoxmu vacibdir?
– Təkcə fb deyil, məncə, hazırda hər kəs asılı vəziyyətə düşüb: whatsapp, fb, instagram və s. Mən də telefondan asılı durumdayam. Məlumatlar-filan əldə etməkdən ötrü, amma artıq 3 gündür ki, əsəblərim sakitləşsin deyə tətildəyəm və telefonu bağlamışam. Doğrusu, elə bil nəsə çatışmır…
– Yəni virtual aləmsiz yaşamaq olmur, hə?!.. Siz Gənc Tamaşaçılar Teatrında bir sıra uşaq tamaşalarında rol almısınız. Sizcə, “hörümçək toru” hansı nağıl-tamaşaya uyğun gəlir?
– 7 ildir Gənc Tamaşaçılar Teatrında çalışıram. Həm uşaq, həm də böyük tamaşalarında rol almışam. Onların heç birində “hörümçək toru” yoxdur. Yalnız “Pəri Cadu” tamaşasında həqiqi hörümçək toru var, oda tamasaya uyğundur.
– Yəqin mənim kimi siz də müşahidə eləmisiniz. Küçə və meydanlarda, avtobus dayanacaqlarında, bir sözlə, hər yerdə yalnız zərif cins nümayəndələri mobil telefon və planşeti əldən buraxmır, əldən buraxmaq nədir, çantasına qoymağa belə ərinirlər. Sizcə, niyə? Yoxsa mənim xəbərim yoxdur, bu, yeni dəbdir?
– Bu, təkcə zərif cinsin nümayəndələrinə aid deyil, vallah elə oğlanlar var ki bir əlində bir əlində 2 telefon, planşet və ya tab, üstəlik, ev-maşın açarı avtobusa minirlər.
– Aktrisa həmkarınız Tünzalə Əliyeva (Toppuş bacı) mobil telefondan istifadə etmir. Əri ona bunu qadağan edib. Səhv etmirəmsə, heç sosial şəbəkələrdən də istifadə etmir. Gələcək əriniz və hazırkı nişanlınız Ersel Aktar bu qadağanı sizə tətbiq eləsə, seçim necə olacaq?
– Düzü, belə bir qadağa olmaz, amma olmasını istərdim, çünki o qədər yorulmuşam ki… dincəlmək istərdim və hər şeydən uzaqlaşmaq. Təbii ki, bir neçə aylıq, həmişəlik deyil. Çünki vətənimdən uzaq olacam, burda isə ailəm və dostlarım var. İstər-istəməz internetdən istifadə etmək məcburiyyətində olacağam.
– Nigar xanım, son 2 ildə bir neçə açıqlamanız diqqətimi çəkdi. Sadəcə başlıqlar: “Azərbaycanlı aktrisa nişanlısından niyə imtina edib”, “Nigar Bahadırqızı ərə getmək istəmir”, “Aktrisa Nigar Bahadırqızı nişanlısı, türk vətəndaşı olan Ersel Aktara eşq etirafı edib”… 2 il üçün çox sürətli dəyişiklik deyilmi? 180 dərəcə! Bilmək istədiyim budur, Azərbaycan qızları ağ atlı şahzadələr haqda “nağıllar”a hələ də inanır?
– Hər bir qızın arzuladığı şahzadə var. Uşaqlıqdan onu hər şeyin əlindən alıb yeni həyata, uzaqlara aparacaq… Universitet zamanımdan qarşıma məqsəd qoymuşdum ki, yalnız sənət… Bir neçə ilim sürətlə keçdi, işlərimə başım o qədər qarışdı ki qarşıma belə bir insanın çıxacağına inanmazdım. “Xoca” filmi də həyatıma çox önəmli şeylər əlavə etdi. Yəni o insanla tanış oldum. Ayrı-ayrı ölkələrdə yaşayan iki insan. Əvvəllər təkcə sənətimi sevirdim və “ailə həyatı qurmayacam” deyirdim, amma indi hər ikisini sevirəm. İnsanın yaşamaq üçün bir şeylərə inanması lazımdır!
– Frederik Beqbederin “Məhəbbət üç il yaşayır” əsərini yəqin ki oxumusunuz. Yazır ki, ağ atlı şahzadələrə inam uğursuz və evdə qartıyan qızları doğurur. Romanları ilə bərabər, həm xuliqanlığı və dava-dalaşa ilə məşhur olan bu fransız yazıçısı ilə üz-üzə gəlmək imkanı olsaydı, həmin aşağılayıcı sözlərinə görə bütün qadınların adından ona sillə vurardınızmı?
– Yox (gülür). Amma mənim üçün Beqbederlə üzü-üzə gəlmək şərəf olardı. Yalnız bunu deyə bilərəm ki, heç kim planlı həyat sürə bilməz. Mən də etmədim. İndi də etmirəm.
– ABŞ-da aparılan bir araşdıra göstərir ki, bu ölkədə boşanmaların 32 faizinin baiskarı facebook-dur. Bu, zarafat deyil, hətta Amerikada da sosial şəbəkə ciddi sosial bəladırsa, face, twitter, odnoklasnik tipli ünsiyyət formaları vasitəsilə ailə qurmaq cəhdi göstərən azərbaycanlı qızların xoşbəxt olma faizi nə qədərdir?
– Əvvəllər oğlanlar qızları toy kasetlərindən seçirdilər. İndi ise fb və s.ə sosial şəbəkələrdən. Hər kəs fərqli düşünür, fərqli seçim edir. Azərbaycan xanımları gözəl, düşüncəli, ağıllı və hər zaman xoşbəxt olmağa layiqdirlər!
– Gələcək əriniz sizdən 16 yaş böyükdür. İndi həyatda az azərbaycanlı gözəl, yaraşıqlı qız tapılar k, üzrlü səbəb olmadan özündən yaşca böyük kişi ilə ailə qurmağa razılıq versin. Digər tərəfdən, psixoloqlar deyir ki, zərif cins arasında yalnız intellektuallar yaşca böyük, hətta evli kişilərə meyl edirlər. Bu fikirlə razısınız?
– Psixoloqların dedikləri ilə hər zaman razı olmuşam. Yaşıdlarım olan, hətta 30 yaşa yaxın olan əks cins nümayəndələrinin danışdıqlarını, düşündüklərini 16 saf-çürük etdim. O insana düşüncə, gözəl qəlb baxımından “hə” demişəm. Üstəlik, eyni bürcdənik – Buğa.
– İnşallah vətəndən uzaqda, yəni Türkiyədə olduqda sənətiniz burda “dəfn olunacaq”? Türkiyədə aktrisa karyerasını davam etdirmək şanslarınız var?
– Mən dəfn olunmadan sənətim dəfn oluna bilməz. Türk vətəndaşıyla nişanlanmasaydım belə, ora getmə şansım və sənətimi davam etmə imkanı var idi. Qismət belə gətirdi ki, həm ailəm, həm isim orda olacaq inşallah.
– Deyəsən, torbada pişik var. Yəni Türkiyə tərəfində bəri başdan hansısa əlaqələr, münasibətlər qura bilmisiniz?
– (gülür) Teatrlarla maraqlanmışam, çünki teatr olmadan yasaya bilmərəm. Son olaraq burda bir filmə çəkilmək istərdim. Bunu etmədən getmək istəmirəm…
– Yəqin bunu da bilirsiniz ki, Türkiyədə azəri sənətçilərə qıyqacı nəzərlə baxırlar. İstər kino-teatr, istərsə də musiqi industriyasında türk bazarına yadellinin girişi bəyənilmir. Buna hazırsınız?
– Nə olsun ki… sizcə məni doğma vətənimdə çoxmu bəyənən var? Hər halda alışmışam belə şeylərə…
– Ooo… gözlənilməz etiraf! Məleykə Əsədova da istər tamaşaçılar, istərsə də həmkarları tərəfindən bəyənilmir. Amma 31 yaşında əməkdar, 33 yaşında xalq artisti olub. Fikirləşirsiniz ki, Azərbaycanda heç bir aktrisa, o cümlədən siz bu “rekord”u təkrarlamaq gücündə deyilsiniz?
– Məleykə xanım səhv etmirəmsə, Əjdəha ili, Buğa burcudur. Bu xanımlar çox güclü olurlar, hətta bir çox kişilərdən güclü. İstədiyi hər bir şeyi əldə edir, bacarmadığı bir şey yoxdur. Çox istərdim ki, Məleykə xanımı bəyənməyənlər onunla üz-üzə çıxarkən bu sözləri üzünə desinlər. Özümə gəlincə, nəyə qadir olduğumu yaxşı bilirəm, istəsəm edərəm, amma istəmirəm…
http://s004.radikal.ru/i206/1407/1e/b15c993abd0a.jpg
http://s020.radikal.ru/i719/1407/ba/e88b1cf95bb0.jpg
http://s020.radikal.ru/i709/1407/f7/7d4dec91c306.jpg
http://s52.radikal.ru/i137/1407/fa/91c9ec093716.jpg
http://i058.radikal.ru/1407/de/ed70f7ae8baf.jpg
http://s43.radikal.ru/i101/1407/7a/26ec4d644982.jpg
http://s020.radikal.ru/i711/1407/79/f34d13c268b8.jpg
http://i058.radikal.ru/1407/9f/4f72ba2f34a2.jpg
http://s005.radikal.ru/i210/1407/bb/0da7571ec2ac.jpg
http://s019.radikal.ru/i624/1407/75/3b14659f8e73.jpg