Bu haylar adlarına uyğun şəkildə hay-küy salmaqda mahirdirlər. Necə ki, ötən həftə şivən qoparıb Azərbaycan ordusunun kəşfiyyat-diversiya qrupunun Kəlbəcər rayonuna daxil olduğunu və Ermənistanın Vardenis (Göyçə) mahalından olan 14 yaşlı yeniyetmə çobanı əsir götürdüyünü iddia edirdilər. Hansı ki, Azərbaycan tərəfi “düşmən təxribatıdır” deyib üstündən keçməyi daha məqbul saymışdı…
Qəribəsi odur ki, ardınca erməni yeniyetmənin azərbaycanlılar tərəfindən əsir götürülməsini elə Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovanisyan “dezinformasiya” adlandırdı. Ancaq düşmən sonradan həyasızcasına iddia etdi ki, Azərbaycanın iki kəşfiyyatçısı Kəlbəcərə daxil olarkən (?!-E.P.) aşkarlanıb və onlardan biri qaçıb. Sonda da ortaya çıxan bir həqiqət oldu ki, oğurlayıb “kəşfiyyatçı-diversant” kimi təqdim etdikləri Tərtər rayonunun Qapanlı kənd sakini Şahbaz Quliyevdir.
Bakının reaksiyası adekvat olmadı. Hansı ki, Azərbaycanın BMT tərəfindən tanınan sərhədlərini, xəritəsini düşmənin və onun havadarlarının gözünə soxmaq lazım idi. İşğalçı ölkənin qarşısına bu arqumenti qoymaq gərəkdir ki, sənin Kəlbəcərdə nə ölümün var ki, orda hansı azərbaycanlının nə etməsindən narahat da olasan? 1993-cü ilin aprelində BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edərək Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcərdən çıxarılmasını tələb edən qətnamə qəbul etmişdi. Üstündən 21 il keçəndən sonra Ermənistan Azərbaycan vətəndaşının öz dədə-baba yurduna baş çəkməsini “diversiya-kəşfiyyat” əməli kimi təqdim edib bizi günahkar çıxarmağa çalışır.
Azərbaycan Müdafiə Nazirliyinin son informasiya müharibəsinə, daha doğrusu düşmənin şərləmə kampaniyasına reaksiyası da adekvat sayıla bilməz. Yalınız təkziblə kifayətlənib ordumuzun rəhbərliyi “orduda Şahbaz Quliyev adlı hərbçi xidmət etmir” deyərək. Biz də bildik ki, o, sadə bir “KamAZ” sürücüsüdür. Ancaq axı o, Azərbaycan vətəndaşıdır, elə isə bu, nə soyuq münasibət, nə laqeydlik?
Əslində Azərbaycan tərəf bəyan etməli idi ki, Şahbaz Quliyev orduda xidmət etməsə də, onun Azərbaycanın sərhədləri daxilində müstəqil hərəkət etmək, qanuni çərçivədə fəaliyyət göstərmək hüququ var və bu hüququ tapdadığına görə məsuliyyəti Ermənistan, onun rəhbərliyi, işğalçı ordusu daşıyır. Avropa Birliyi Ermənistan ordusunun işğal altındakı ərazilərdən dərhal çıxarılmasını tələb edən qətnamə qəbul edib. Bu sənədi düşmənin gözünə soxmaq gərəkdir ki, ay şərəfsiz, dünya sənin Kəlbəcərdən cəhənnəm olub getməni tələb edir, sən mənim vətəndaşımı yurdunda tutursan?!
Düzdür, faktla bağlı Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə müraciət edilib, ancaq bununla kifayətlənmək olmaz. Bir neçə il öncə bir əsgərini azad etməkdən ötrü Livana qarşı müharibə elan edən İsrail kimi davrana bilmiriksə, heç olmasa diplomatik sahədə düşmənin üzərinə hücuma keçməliyik. Axı Azərbaycan vətəndaşının düşmən əsirliyində qaldığı hər gün onun həyatına təhlükədir. Keçmiş nazir İsgəndər Həmisdov da sadə vətəndaşının azadlığı üçün haqlı olaraq dövləti təcili tədbirlər görməyə çağırıb. Vaxt uzansa, düşmən əsirdən istədiyi sözü qopara biləcək, damarına kerosin yeritməklə…
XİN-in mətbuat katibi Elman Abdullayev “Jurnalistlərimiz erməni mətbuatına istinadən yayılan məlumatlarda çox ehtiyatlı olmalıdır” deyib. Razıyam. Amma qəzetdən oxuyuruq ki, Azərbaycan ordusu erməni hücumunun qarşısını qətiyyətlə alıb, hətta post başçısı gizir Namiq Şıxəliyev də bu haqda danışıb. Niyə bu kimi faktlar dünyaya rəsmi qaydada yayılmır ki, erməni də fürsətdən istifadə edir?
Bu gün təkcə informasiya savaşı getmir, həm də gerçək savaş gedir. Hərə öz müharibəsini aparır: Poroşenko bir gündə 1000 terrorçunu məhv etdi, İraq İŞİD-lə savaşdadır, Fələstin İsraillə Qəzza mücadiləsində. Azərbaycan da situasiyanı doğru-düzgün dəyərləndirib hərəkətə keçməlidir. Heç olmasa Şahbazı azad etmək uğrunda. Qardaşı deyib ki, vaxtaşırı Şahbazın ürəyi atlanar, Kəlbəcərə gedib orda çəkilişlər edərmiş. Mən də iki il öncə bu çəkilişlərdən birinə baxmışdım. Azərbaycan bayrağını başının üstünə qaldırıb yana-yana danışırdı iki fədakar həmvətənimiz. İndi onlardan biri əsirlikdədir, digərinin öldürüldüyü iddia olunur. Kəlbəcəri çəkib bizə gətirən(lər)imiz düşmən əlinə keçib ey… Belə çıxır ki, ermənilər bizimkilərin sonuncu ümidini, Kəlbəcəri gizli ziyarət etmək istəyini də dəfn etmək istəyir. Nə edək, susaq, razılaşaqmı..?