Hitler Almaniyasının SSRİ-yə hücumundan 73 il keçdi. Bir anlıq xəyallar məni uşaq çağlarıma, gecəli-gündüzlü arxa cəbhədə zülm-zillət çəkən qocalara qulaq asdığım günlərə apardı. “Nemes” gülləsindən əli parçalanan, ayağında gəzdirdiyi qəlpənin ağrısından ölənədək ufuldayaraq gəzən ana babamı, bu günlərdə dünyasını dəyişən ata babamın müharibəyə gedib-qayıtmayan başıpapaqlı doğmaları haqqında dediyi ürək parçalayan sözlərini yada saldım…
Bu qələbə həm də Azərbaycanın, onun 600 min döyüşçüsünün, neftinin, əhalisinin fədakarlığının sayəsində qazanılmışdı. Baxmayaraq ki, rus imperiyası 21 il öncə Azərbaycan dövlətini süquta yetirmiş, ardınca bu məmləkətin on minlərlə aydınını, xalqın qaymaqlarını gedər-gəlməzə göndərmişdi. Stalin repressiyasının ən böyük zərbələrini dadmış xalq sonradan Stalin uğrunda böyük mücadilə vermişdi. Bu mənada Moskvada, Qızıl Meydanda keçirilən qələbə paradında 300 min şəhid vermiş Azərbaycanın öz payı var idi…
Əvəzində isə üstündən on illər keçəndən sonra Stalinin davamçısı olan rus hökmdarları yenidən Azərbaycana qənim kəsildi. İndi də Putin diş qıcayır… Vaxtilə silaha sarılaraq sovetləri Hitler Almaniyasından qoruyan insanlar Bakıda, Qarabağda, Xocalıda elə rus əsgər və zabitlərinin gülləsinə tuş gəldilər. Görəsən, Qarabağda həlak olanların, Ermənistandakı, Xankəndindəki rus bazasının qətlə yetirdikləri içərisində nə qədər Böyük Vətən Müharibəsi veteranı olub?
Deyirlər qaçqın və məcburi köçkünlərimizin sayı 1 milyon 200 min nəfərə çatıb. Bu, Ermənistanın real əhalisinin az qala yarısı (Qarabağdakı ermənilərdən isə on dəfə çox) deməkdir. Amma ağrılı bir fakt da var ki, qarabağlılar, ağsaqqallı-ağbirçəkli gözlərini bu dünyaya yumanda Qarabağdan nigaran köçürlər dünyadan.
Yəqin ki, amerikalı, rusiyalı, ya fransalı həmsədrlər, Avropanın hansısa təşkilatı bu arqumenti eşitsə, ən azı ürəyində gülümsəyib üstündən keçər. Çünki vizasız gediş-gəliş şəraitində yaşayan avropalı, amerikalı üçün sərhəd anlayışı nisbi olduğu kimi onların əksəriyyəti üçün harda ölməyin də elə bir mənası yoxdur – bizlərdən fərqli olaraq. Azərbaycanlılar əbəs yerə “ölməyə vətən yaxşı” demirlər ki…
Son illər babam qış aylarında Bakıda oğullarının yanında qalırdı. Yazın nəfəsi duyulan kimi ürəyi kənd üçün atlanırdı. Əsas arqumenti də bu olurdu: “Bala, birdən ölərəm, qalaram burda”. Babam yalnız kəndə gedəndən az sonra dünyasını dəyişdi və arzusuna uyğun olaraq öz doğulduğu torpaqda dəfn olundu, ömür-gün yoldaşının yanında. Görün Qarabağdan, Qərbi Azərbaycandan bizim nə qədər insanımız var ki, arzusu ürəyində dünyadan köç edib, edir, edəcək? Mənim aləmimdə bir fəlakətli tale də budur.
İllər öncə kimsə demişdi ki, çadırlarda 150 min qarabağlı dünyasını dəyişib, əksəriyyəti də Qarabağın yolunu-izini yaddaşında yaşadan insanlar, Qarabağın canlı tarixi, hadisələrin şahidi olanlar. Ondan sonra gedənlərimiz nə qədər olub hələ. Dopdolu tarix… Hələ Qarabağın xiffəti səbəbindən ömrü qısalanlar, ürəyi partlayanlar…
Adamlar bu illər ərzində Qarabağı gedib orda ölmək üçün arzuladılar, murazı gözündə qalanlar çox oldu, lap çox. Bir dəfə Qulu Məhərrəmli danışırdı ki, rəhmətlik anası hərdən “bala, durun gedək kəndə” deyərmiş. Ananın Zəngilanda düşmən tapdağında qalan Bablıda dəfn olunmaq istəyi elə ürəyində qaldı…Ancaq beləsi birdimi, ikidimi?
O gün Xalid Kazımlı ilə bu mövzuda danışanda “yaxşı ki, kəndimizin qəbiristanlığı bizdədir” dedi. Elə ağrılı duruma düşmüşük ki, qəbiristanlığın bizdə olmasına da “yaxşı ki” deyirik. Bu da bir təsəllidir, doğmaların son arzusunu yerinə yetirmək imkanı baxımından. Bir çoxları dünyasını dəyişən yaxınlarını aparıb Qarabağa yaxın yerdə dəfn etməyi üstün tutur, günün birində torpaqların qaytarılacağı inamı ilə…
Nə Ermənistana yardım ayıran Amerika, nə “müharibə istisnadır” deyən NATO, nə də Avropa nə dediyimizi başa düşməyəcək. Babam Qarabağı görməsə də, hər zaman onu xəbər alırdı. Təzə xəbər gözləyirdi. Eşitməyəndə isə məşhur misalı xatırladırdı: “Bala, məsələ var deyərlər kiş-kişlə donuz darıdan çıxmaz”…
Bu sətirləri yazanda bir xəbər gəldi: ermənilər Ağdamda taxıl biçininə başlayıb. Dədə Qorqud elə bil o sözü bunlar üçün deyibmiş… Ermənilər torpaqlarımızı həm bizdən qoruyur, həm də əkib-becərir. Sarsıdıcı mənzərədir. İndi Ağdamda ölmək istəyən ağsaqqal nə çəkir görəsən..? 26 iyun paradından sonra o ağsaqqalı intizardan qurtarmaq da olardı…