Avropa Komissiyasının (AK) prezidenti Jose Manuel Barrozunun Bakı səfəri çox qaranlıqlara işıq saldı. Azərbaycan hakimiyyəti dünya düzəninin dəyişdiyi, qlobal siyasət qazanının qaynadığı, Rusiyanın az qala bəşəriyyətə meydan oxuduğu bu həssas dönəmdə Avropa ailəsinin üzvü olmaq istəyini ən yüksək səviyyədə bəyan etdi.
Prezident İlham Əliyevin “Ümidvaram ki, sizin səfərinizdən sonra bu əməkdaşlıq daha da genişlənəcək, daha çox sahələri əhatə edəcək və inkişaf edəcək” deməsi bunun təsdiqi sayıla bilər. Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən rəsmi Bakı Avropa İttifaqı ilə əlaqələri prioritet saydığı, əməkdaşlığın genişlənəcəyi anonsunu verirsə, deməli, artıq ox yaydan çıxıb, geri dönüş imkanı yoxdur.
Azərbaycanı özünün “Yeni SSRİ” layihəsində görmək istəyən, hətta öz elçisini bura göndərən Kreml şübhəsiz ki, avropalı qonağın Bakıdan razı getməsini arzulamazdı. Ancaq cənab Barrozunun dedikləri onun Azərbaycan səfərindən, keçirdiyi görüşlərdən məmnunluğunun ifadəsi idi. Səngəçal Neft Terminalında olmaqla xüsusi mesajını çatdıran qonaq Bakıda Azərbaycanla Avropa Birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq sazişinin protokolunun da imzalanmasına nail oldu. Bu saziş həm də addım-addım Avropaya doğru getmək, həmin sürətlə də Rusiyadan uzaqlaşmaqdır.
Düzdür, 27 iyunda Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyi ilə assosiasiya sazişini imzalayacaq. Azərbaycan isə bu layihədən kənarda qalacaq. Bəlkə də risk etmək olardı. Ancaq Yuşşenko və Saakaşvilinin prezidentliyi dövründə Gürcüstanla Ukraynanın Avropa Birliyinə üzv olmaq istiqamətində davamlı çalışmalarının məntiqi nəticəsi hər kəsə bəllidir. Avropanın ləng davranışının qarşılığında Rusiyanın ildırımsürətli hücumu hər iki ölkənin ərazilərinin ilhaqına gətirib çıxartdı. Bu gün də kimsə təminat verə bilməz ki, rəsmi Bakı Avropa Birliyi ilə assosiasiya sazişini imzalayan saatlarda rus qoşunu bir hoqqa çıxartmayacaq. Bəs, o zaman bizi kim xilas edəcək? Gerçəklik budur ki, Rusiyanın əli çox uzundur, bölgədə onun iradəsinə zidd addım atılan kimi hətta köləsi Ermənistanı da qarışdırmaq, parlamentini gülləboran etməkdən çəkinmir…
Borrozonun ardınca Rusiya XİN başçısı Lavrov və baş nazirin müavini Roqozin Bakıya gəlir. Olsun. Azərbaycan uğrunda mübarizə gedir. Bu, həm də Rusiyanı neytrallaşdırmağın bir variantıdır, onlar da gəlsin, sözlərini desinlər, eşidək. Yaxşı hal odur ki, Avropa ilə mühüm saziş imzalandığı halda Rusiya ilə bu saziş – söhbət Gömrük İttifaqına qoşulmaqla bağlı sənəddən gedir – imzalanmayacaq. Bu mənada 23-24 iyunda Qəbələdə 5-ci Azərbaycan – Rusiya Regionlararası Forumunun keçirilməsinin də zərəri yoxdur.
Düzdür, Barrozu Bakı səfərində müxalifətlə görüşmədi və demokratik düşərgədə ona münasibət heç də birmənalı deyil. Amma hər halda AK prezidenti mesajını da verdi :”Azərbaycanda sabitlik və inkişafın təmin olunmasının ən yaxşı üsulu demokratiyadır” deməklə, islahatlara çağırış etməklə. Hakimiyyətə ünvanladığı digər mesajı da diqqət çəkdi. O, qeyd edib ki, Avropa Birliyi Azərbaycanın ən böyük ticarət tərəfdaşlarındandır, Azərbaycanın ticarət dövriyyəsinin 42 faizi Avropa Birliyinin üzərinə düşür. Ölkənin ticarət dövriyyəsinin az qala yarısını təşkil edən bazardan üz çevirməyin nə qədər böyük fəsadlara yol aça biləcəyini dost da bilir, düşmən də.
O mənada əminliklə demək olar ki, “hakimiyyətin ”nə Avropa, nə Gömrük İttifaqı” bəyanatı sadəcə ölkəni təhlükələrdən sığortalamağa yönəlib və Azərbaycanın seçimi yalnız və yalnız Avropa yoludur, bunun əksi uçurum, fəlakət, müstəqilliyə son deməkdir.
Barrozonun Azərbaycan səfərinin “çox uğurlu alındığını” deməsi, ardınca da “ümid edirəm ki, tərəflər yeni sənəd üzərində yaxın vaxtlarda işi başa çatdıracaq və mən İlham Əliyevi Brüsseldə qarşılaya biləcəyəm, mühüm razılaşmanı imzalaya biləcəyik” bəyanatını verməsi heç də təsadüfi deyil. Avropa Azərbaycandan çox şey tələb eləmir, sadəcə ölkə daxilində islahatlara gedilməsi, azadlıqların tanınması, neqativlərin aradan qaldırılmasını arzulayır. Özü üçün deyil, Azərbaycan vətəndaşları naminə. Azərbaycan naminə hətta hakimiyyət üçün riskli olsa belə, bəzi addımları atmaq lazımdır. Bir halda ki, istiqamətimiz Avropayadır, nədən yolumuzu kəsən bu neqativlərə son verilməsin? Bu gün həbsdə yatan Tofiq Yaqublu, Yadigar Sadıqov, İlqar Məmmədov… da Avropa tərəfdarıdır. Bəlkə elə birlikdə gedək..?