Ölkə xaricində olmaq adama ilk öncə geniş müqayisə imkanı verir. Elə mən də Qarabağ Azadlıq Təşkilatının dəstəyi ilə Gürcüstan və Türkiyədə olarkən yolboyu ətrafı acgözlüklə seyr edir və dərhal acı təəssüf hissi ilə sevgili vətənimizlə müqayisələr aparırdım. Müqayisə edib pərişan olurdum, “o əjdahadan bizdə niyə yoxdur” düşüncəsiylə…
İndiyə qədər Azərbaycanın yol təsərrüfatına nə az, nə çox düz 20 milyard dollar xərclənib, amma yollar bərbaddır ki, bərbaddır. Hansı ki, ölkə ərazisində cəmi 18 min km yol var və bu pul yollarımızı Avropa standartlarında təmir üçün yetərli idi. Amma hanı?..
Xocahəsən tərəfdən başlanan əzablı yol boyunca avtobusda yırğalanan sərnişinlərdən ən çox eşitdiyim “bəs hanı bunların İpək yolu” sualı oldu.
Düzdür, üzü Salyana doğru o yolun bir hissəsini tapdıq, ancaq sonra “itirdik”. Qazaxa qədər yamaqlı, darısqal, çala-çuxurlu yolların hər km-i qan-qadadır. Qarşıdan gələn maşın darısqallıqdan az qalır adamın üstünə çıxsın. Bu illər ərzində heç olmasa ölkə yollarını genişləndirmək, normal hala gətirmək olardı axı. Heç olmasa yollara bolluca ağ xətt çəkmək olardı, çoxmu çətindir?
Gözünü Azərbaycanın əlinə dikən Gürcüstanın özündə belə yol təsərrüfatı bəzi hallarda bizimkindən üstün haldadır. Təsəvvür edin, düz Gürcüstan-Ermənistan sərhədində yerləşən Sadaxlı kəndindəki yolla bağlı soruşanda soydaşlarımız “bu yol 10 il olar çəkilib, indiyədək təmir olunmayıb” dedilər. Gün ərzində minlərlə avtomobil, yük maşını gedir-gəlir, ancaq yol illərdir olduğu kimi qalıb. Bizdə isə kilometri 25-30 milyona çəkilən yolu hər kvartalda təmirə dayandırırlar. Gürcüstanda Batumacan getdik, təmir gördüyümüz tək yol Marneulda oldu. Nə tıxac vardı, nə də sürücülərin söyüş-qırğını. Sürücülər sadəcə maşın sürürlər, sərnişinin anasını ağlatmırlar…
Gürcüstan-Türkiyə sərhədini, Sarp Buraxılış Məntəqəsini adlayandan sonra isə tamam ayrı mənzərənin şahidi olursan. Avtobusla bu yolları seyr edənlər fikrimi təsdiqləyər. Burada yol cənnəti var, hər şey ideal səviyyədə. Asfalt örtüyü yerində, yol nişanları göz oxşayır, ağ xətlər sanki indicə çəkilib. Hətta yol kənarı ilə çəkilən kanallar da göz oxşayır, yağış və qrunt suları bizdəki kimi yolda gölməçələr yaratmır, axıb gedir bu navalçalarla. İstənilən nabələd adam şəxsi avtomobili ilə yola çıxsın, addımbaşı yol nişanları onu mənzilbaşına çatdıracaq. Bizdə isə adam yolda az qala kor kimi qalır, “işıq gələn, ya it hürən tərəfə gedək” dilemması daim bizi təqib edir.
Türkiyənin yol təsərrüfatında isə paytaxt Ankara, yaxud 18,5 milyonluq İstanbulla kiçik İzmit, yaxud Sakarya yolunda hər hansı fərq görmədim. Sanki ölkənin bələdiyyələri yol təsərrüfatını abadlaşdırmaq üçün yarışa çıxıblar, bizimkilərdən fərqli olaraq…
Həm Gürcüstan, həm də Türkiyədə yolboyu göz işlədikcə ürəkaçan mənzərələrə tamaşaçı olursan. Azərbaycanın da dənizi, meşəsi, gözəl istirahət məkanları var. Ancaq yol kənarlarının yağmalanması, 2-3 metrlik hasarlar yol gedənləri o ləzzəti almaqdan məhrum edir.
Nə Gürcüstanın Batumunda, nə də Türkiyənin içərilərinə doğru irəlilədikcə Qara dəniz boyu bir yerdə hasar, dəniz kənarının yağmalanmasını görməzsən. Burada dəniz istənilən insan üçün əlçatandır. Kiminsə ağlının ucundan keçməz ki, yol kənarındakı ağacları kəsib yerində kafe, restoran tiksin, yaxşı para qazansın. Burada kimsə əlindəki zibili bizdəki kimi maşının pəncərəsindən yol kənarına tullamaz.
Səfər boyu 5-6 min km-lik yol qət etdik, bir yerdə polis maşınımızı saxlayıb irad tutmadı. Çünki sürücü bütün qaydalara əməl edir, dərhal kəmərini taxır, telefonda danışmağı özünə yasaqlayır, ağlının ucundan da keçmir ki, sükan arxasında siqaret yandırsın. Yolboyu hər kəs bir-birinə hörmət edir, kimsə digərinin yoluna girmir. Sürücülər piyadalara sayğılı davranır, ayaqlarını zolaqlı xəttə uzadan kimi dayanırlar. Piyadalar da özlərinə hörmət edir, canlarını qoruyur, keçidlərdən keçir, bizdən fərqli olaraq…
O qədər yol qət etdik, nadir hallarda siqnal səsi eşitdik.
Bizdə siqnal səsindən adam dəli olur. İstanbula doğru pullu-sürətli yollarda da mən hər hansı bir qəza, ya yersiz hərəkət görmədim. Hər kəs öz yolu ilə gedir. Çünki buralarda yol, yolçuluq bir mədəniyyət məsələsidir. Biz niyə mədəni olmuruq – yol çəkəndə, yol gedəndə, yol keçəndə?.. Axı mədəniyyət yoldan başlanır. Bəlkə bir az mədəni olaq. Demokratiyadan öncə bizə bu lazımdır. Bəlkə də bu, demokratiyaya gedən yol olacaq elə…