Türkiyədə olarkən şənbə-bazar fürsətindən istifadə edib yolu qət etmək bahasına da olsa, Antalyaya baş çəkdik, turizm üçün ideal şəraiti olan bu bölgəni bir neçə saatlığa gördük. Ancaq axırda necə deyərlər, bir peşmançılıq olmasaydı…
Avtobusumuzun geri dönməyinə iki saat qalmış baxdım ki, fotoaparatımı itirmişəm. Yaddaşında da neçə-neçə dəyərli kadrlar. Mənə təsir edən həm də o idi ki, az öncə Suriyadan qaçsın düşmüş ata-oğulun fəlakətli həyat hekayətini dinləyəndən sonra bir foto çəkmişdim: 10 yaşlı uşağın sözlə ifadə edilə bilməyəcək ümidsiz baxışları vardı fotoda. Antalyanın Çarşı bazarı tərəfdən yerləşdiyimiz otelə qədər bir neçə km-lik məsafəni – elə tramvay yolu ilə paralel şəkildə – piyada gəlmişdik, zövqü-səfanı dadmaq üçün. Fotoaparat da həmin küçədə necə olmuşdusa, düşüb itmişdi. İndi təsəvvür edin, insanların qaynaşdığı bir mərkəzi küçədə fotoaparat itə. Şübhəsiz ki, tapılacağına heç ümid qalmamışdı. Ancaq dostların da bu barədə dediklərinə yeganə cavabım oldu ki, “deyirlər halal mal itməz, bəlkə bir sınayaq”.
QAT sədrinin müavini İlqar Əli ilə bərabər həmin küçəni bir də dolandıq və ümid azaldı. İlqar bəyin bələdiyyə polisinə getmək təklifi də oldu: “Müraciət edək, tapılarsa, sonra xəbər edərlər”. Lakin bu təklifi bit türk qardaşımıza deyəndə o, ümidimizi qırdı: “Boş verin, tapılmaz”.
Bundan sonra otelə döndük. Vaxt da azalırdı. Artıq 1 saatdan sonra Ankaraya qayıtmalıydıq. Ancaq bu vaxtı da qənimət bilib eyni trayektoriyanı təkrar dolaşmaq istədim. Bu zaman Qazax bəy yol yoldaşım oldu. O qədər uzun məsafədə, yüzlərlə adamın, xeyli dükan-bazarın, digər obyektlərin olduğu küçə boyu cəmi üç nəfərdən soruşdum, üçüncüsü… fotoaparatdan xəbər dedi. Sonradan adının Ələddin olduğunu öyrəndiyim dondurmasatan “arkadaş, bir abla foto makinasını bulduğunu dedi və onu mənə vermək istədi, ”qarşıda bələdiyyə polisi var, apar ora ver” dedim” söylədi.
Bu xəbər bizimçün də gözlənilməz idi. Vaxtı itirmədən 500 metrlikdə bələdiyyə polisinin yerləşdiyi ünvana tələsdik. Hava qaraldığından qapıları bağlı gördük. Ancaq kənarda növbətçi varmış. Yaxınlaşıb məqsədimizi dedik. Əlavə sorğu-suala tutmadan dərhal ratsiya ilə “hamıya, hamıya, hamıya” məzmunlu foto makinası itməsi mesajını verdi. Dərhal da “yaxınlaşsınlar, buradadır” cavabı gəldi. Təqribən 100 metrlikdəki polis bölməsinə yaxınlaşanda bir neçə polis bizi qarşıladı. Birisi uzaqdan “makinada bunun fotosu var” deyə, məni nişan verdi. Çox səmimi görüşdülər, əlavə sorğu-sual da olmadı. Bir polis isə “Elçibəyin fotosunu gördüm” deyərək güldü. Məlum oldu ki, gənc polis Elçibəyi yaxşı tanıyır.
Dərhal fotoaparatı gətirdilər, minnətdarlıq etdik və birgə şəkil də çəkdirdik. Aparatı polisə təqdim edən naməlum xanıma təşəkkür etmək mümkün olmadı. Polis zabiti bildirdi ki, ailəsi ilə gəzməyə çıxan xanımmış və heç adını da deməyib, fotoaparatı təqdim edərək gedib. Antalya Böyükşəhər Bələdiyyəsinin özəl mühafizə bölüyünün bu xeyirxah insanlarının adlarını xatırladım: Mehmet Kuzu, Seçkin Koca Kaya, Sertan Altay, Eren Günal, Adem Demirkıran.
Bəlkə də bəzi dostlarımızın dediyi kimi, bu, elə də şok olay deyil. Minlərlə insanın dolaşdığı ünvanda bir əşyanın halal bir insana rast gəlməsindən də söhbət getmir. Söhbət Türkiyə vətəndaşının prosedur qaydalara nə qədər dəqiqliklə əməl etməsindən gedir. Xanım tapdığını sahibinə qaytarmaq istəyir, hətta dondurmasatan da ünvanı dəqiq göstərir – bələdiyyə polisi. Polisin insani münasibəti də göz önündə. Burada Azərbaycan üçün bir nümunə də var – bələdiyyə nümunəsi… Sadə vətəndaşın əmanətə xəyanət etməməsi nümunəsini görən bir qardaşımız isə “demək hələ insanlıq ölməmiş” söylədi… Tam haqlı idi.