Ötən gün də yazmışdım, Gürcüstanda olarkən həmsöhbət olduğumuz hər iki nəfərdən biri “sizin neft-qazınız var” deyirdi. Enerji ehtiyaclarını ödədiyimiz gürcü qonşularımız belə paxıllıqlarını gizlədə bilmir sözarası. Onu da eşitdik ki, Ermənistan erməniləri Azərbaycan qazının hətta Gürcüstanın ucqar kəndlərinədək gedib çıxmasını görəndə dəli olmaq həddinə çatırlar.
Ac-yalavac vəziyyətdə olan, hətta indiki halda Borçalıdakı soydaşlarımızın qapısında günəmuzd işləyən ermənilər Azərbaycanın neft-qazından, dənizindən ötrü yanıb-yaxılır, boğulurlar – “dənizdən-dənizə Ermənistan” xülyası ilə. Görünən budur ki, Allah Azərbaycana lütf eləyib, ona sərvətlər verib.
Ancaq nə yazıq ki, biz bu sərvətlərin içərisində yaşaya bilmirik, boğulub ölürük.
Statistika çox şeyi deyir. Təkcə 2012-ci ildə Azərbaycanda 51 nəfər suda batıb. İl ərzində Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan su hövzələrində batmaq təhlükəsi ilə üzləşən 231 nəfər və nəzarət olunmayan ərazilərdə 113 nəfər olmaqla, 344 nəfər xilas edilib. Bu, Nazirlər Kabinetinin rəsmi hesabatında göstərilir. Keçən il də elə buna yaxın itkilər qeydə alınıb. Elə də böyük ərazisi olmayan bir ölkənin vətəndaşları hələ çayda, dənizdə çimə bilmir, boğulur. Fəlakət budur.
Normal halda Kür, Araz, Tərtərçay, Arpaçay, Viləşçay kimi irili-xırdalı 8500-dən artıq çayları olan ölkənin vətəndaşları ən azı su ilə davranmaq qaydalarına yiyələnməli idi. Cəmi 500 km qət etmək yetərlidir ki, ölkənin bu başından o başına gedib çatasan. Amma Azərbaycandakı çayların ümumi uzunluğu 33 665 km-dir.
Yəni çimmək istəyən üçün problem yoxdur. Üstəlik də Xaçmazdan Astaraya qədər Xəzər dənizi var. Yetərdi ki, məktəblilərin üzgüçülüyə cəlb olunması istiqamətində sistemli şəkildə iş aparılaydı. Bəlkə TQDK üzgüçülük üzrə əlavə qəbul elan etsin? Üzgüçülük həm də ən gözəl idman növüdür, Azərbaycanda az qala epidemiya kimi yayılan onurğa xəstəlikləri, duzlaşma və sairin əsas dərmanı da üzməkdir. Ancaq biz küll halında üzə bilmirik. Yay-qışı dənizdə, hovuzda üzən rəhmətlik Sirus Təbrizli də dəfələrlə bu barədə yanğı ilə danışırdı.
Ancaq nə olsun? Ondan sonra batanların sayı daha da artdı. Suda boğulanların sırasına baxırsan, hər kateqoriyalı insan var: məktəbli, tələbə, fəhlə, balıqçı, hətta hərbçi, FHN-in əməkdaşı! (Sonuncu mayın 2-də Kürün Şəmkir hissəsində batdı-E.P.) 2006-2012-ci illərdə çimərlik mövsümlərində boğulub ölənlərin 79 nəfəri uşaqlardır. Hələ şükür ki, batan uşaqların 471-i xilas edilib.
Burada valideyn məsuliyyətsizliyi də kifayət qədər rol oynayır. Uşağa su ilə elementar davranış qaydaları öyrədilsə, belə faciələr baş verməz. Məktəblərdə bədən tərbiyəsi dərsləri, rayonlardakı olimpiya kompleksləri nə üçündür? Bəlkə, nəhayət, Xəzərin qumlu sahillərinin hasarlarını söküb dənizi insanların ixtiyarına verilsin, üzgüçülük üzrə xüsusi təmrinlər həyata keçirilsin, camaatın balaları qadağan olunmuş yerlərdə çimib məhv olmasınlar…
Azərbaycanın digər sərvətindən – qazdan boğulanlarımızın statistikası isə dəhşət saçır. Keçən ilin payızında Astarada ana və 3 oğlu bir gündə qazdan boğulub öldü. Təkcə son bir ildə 300-dən çox adam dəm qazından zəhərlənib. Düzdür, yol kənarlarına, avtobuslara “Qazla ehtiyatlı olun, heç nə yarıda qalmasın” elanları vurulub, ancaq bununla iş bitmir. Belə hadisələr ən çox payız-qış mövsümündə baş verir. Olmazmı ki, hər mövsüm başlamazdan öncə bütün ölkə üzrə dəqiq monitorinqlər keçirilsin, kimin qaz sobası, mamam qızdırıcısı, hamamının özü standartlara uyğun gəlmirsə, hava təmizləyicisi yoxdursa, problemin aradan qaldırılması istiqamətində təcili və təxirəsalınmaz addımlar atılsın? Lap bu işlər dövlət vəsaiti hesabına da görülə bilər.
Madridin “Atletiko”una bircə il xərclədiyimiz 20 milyonun yarısı da bəs edər. Axı arada insanlarımız məhv olur. Keçən il bir neçə hərbçi itirdik dəm qazından, Qarabağda döyüşəsi adamı, bir neçə ziyalımız boğulub öldü. Dövlət vətəndaşa böyük vəsaitlər xərcləyir ki, o, yaşasın, dövlətə, millətə fayda versin. Bu mənada vətəndaş və dövlətin qarşılıqlı məsuliyyəti, öhdəliyi olmalıdır. Odur ki, imkan vermək olmaz ki, insanlarımız ucuz ölümə, dəm qazı terroruna yem olsun. Qışda dəm qazından, yayda sudan boğulanlar arasında kim bilir bu məmləkətə fayda verəcək nə qədər insanımız vardı. Heç olmasa bundan sonrakıları qoruyaq…