Bir həftəlik Gürcüstan səfərindən sonra döndüyüm doğma vətəndə davamlı olaraq qara xəbərləri eşitmək çox ağrılıdır. Adam bir anlıq düşünür, axı, biz niyə belə yüklənmişik, bu məmləkətə nə olub, nədən bu kökə düşmüşük?
Budur, Xəzər rayonunda gənc qız özünü binadan atıb, Xaçmazda iki məktəblinin asılmış vəziyyətdə meyitləri tapılıb, Masallıda 3 uşaq anası ərini bıçaqlayıb öldürüb. Gürcüstanda davamlı şəkildə belə hadisələrin şahidi olmazsan. Çünki bizdəki kimi gərginlik yoxdur. Bizdə hakimiyyət cəmiyyəti sıxır, cəmiyyətin ayrı-ayrı fərdləri də zəhərini evdə ailə-uşağına, dost-tanışına tökür. Nəticəsi də bəlli. Ancaq cəmiyyətin özündə də qüsurlar kifayət qədərdir. Yalnız hakimiyyətlik deyil.
Sınıq körpünü o yana keçdinsə, tamam başqa aura ilə əhatə olunursan. Axı, biz qafqazlıyıq, əsrlərdir bir-birimizlə qonşu kimi aşamışıq, get-gəlimiz çox olub, bir imperiyanın şinelindən çıxmışıq, ikimizin də torpaq itkisi var. Elə isə nədən bu qədər kəskin fərq var cəmiyyətlərimizdə, ölkələrimizdə? Məntiqlə zəngin enerji ehtiyatlarına malik Azərbaycan bütün sahələrdə region ölkələrini ötüb keçməliydi.
Gürcülər hər sözbaşı “bizdə neft yoxdur” deyə bizim neftimizə həsəd aparır. Baxmayaraq ki, artıq Gürcüstanda da neft yataqları ilə bağlı kəşfiyyat işlərinə başlanılıb. Ancaq Azərbaycanın sayəsində ayaqda olan bir məmləkət insanı bir çox sahələrdə bizdən irəlidədir, bax, adamı yandıran budur.
Olmazmı biz də Bakını heç olmasa Tiflis qədər təmiz saxlayaq, əlimizə keçəni küçəyə tolazlamayaq? Olmazmı avtobuslar normal qaydada dayanacaqlarda saxlasın, siqnallarla əsəblərimizi qazmasın, sürücülər qabağa keçmək uğrunda əlbəyaxa dava eləməsin? Bunlar hələ məişət səviyyəsində məsələlərdir. Bir kənardan özümüzə, öz cəmiyyətimizə baxaq, görək nə gündəyik?
Tiflisin hətta mərkəzi Rustaveli küçəsinin yeraltı keçidi belə itin günündədir, köhnədən qalma, təmirsiz-filansız. Amma bir gürcü ağlına gətirmir ki, keçidi qoyub yolun ağına düşüb küçəni o taya adlasın. Bakıda milyonlar hesabına keçidlər tikilib, ancaq ölümləri çoxu elə keçidlərə yaxın yerlərdə olur. Nə uşağın qədrini bilirik, nə böyüyün. Bizdə keçidin yanında polislər dayanıb yolu qanunsuz keçənləri 20 manatdan cərimələyir. Tiflisdə bunu görməzsən.
Gürcülər anlayır ki, keçid tikilibsə, onların həyatını qorumaq üçündür. Sanki bizdən fərqli olaraq gürcü cəmiyyəti həyatına dəyər verir, yaşamaq istəyir. Ona görədir ki, kiminlə rastlaşırsan üzündən bizdəki kimi zəqqum tökülmür, pozitiv enerji var çöhrəsində, deyir, gülür, mədəni istirahət edir. Ən bərkgedən küçədə dombranı qoltuğuna vurub çalıb-oynayan gənclərlə rastlaşırdıq. Biri yaxınlaşıb “ə, sürüşün burdan” demirdi. Əksinə, adamlar belə səhnələrdən zövq alır, alqışlayırdı bu gəncləri.
Kitab-qəzet köşklərini görəndə də köks ötürdüm. Bizdə anası ağlar qalan köşkləri xatırladım. Bizim köhnədənqalma ədəbiyyat nümunələrinə də rast gəldim Tiflisin kitab köşklərində: “1956-cı ilin nəşri olan ”Koroğlu” dastanı kimi. Ancaq kimsə onlara yaxınlaşıb “yığışdırın bu zir-zibili, şəhərin görünüşünü korlayırsınız” demir. Bizdə bir yerə toplaşıb kitab oxuyan gənclərin başına açılan oyunları xatırladım, köks ötürdüm…
Qarabağ Azadlıq Təşkilatının xətti ilə xeyli görüşlər keçirdik, Borçalı yaylalarından Batumadək. Olurdu ki, yüzlərlə adam toplaşırdı ətrafımıza.
Məktəblərdə, universitetlərdə, rayon mərkəzlərində, küçədə. Yalnız birisində polis maşını yaxınlaşdı, kənardan müşahidə etdi və getdi. Adamlar danışarkən qorxmurlar ki, başlarına oyun aça bilərlər. Hətta azərbaycanlılar Gürcüstan hökumətini “yaş yuyub, quru sərirdi”. Bu, cəmiyyətin azadlığının göstəricisidir.
Avtobusda kart sistemidir, sürücü sakitcə maşını hərəkətə gətirib insanları mənzil başına çatdırır. Bizdəki kimi “Bayıl, ”Dvadçatıy” qışqıran, siqaret tüstülədib şit mahnılara “xod” verənlər yox. Gürcülər tibbi sığortadan illərdir bəhrələnir bizdən fərqli olaraq. Tiflisin tarixi abidələrini qaşıyıb ağartmaq, yüz illik ağaclarını kəsib yerində “budka” qoymaq kiminsə ağlına gəlmir, bizdən fərqli olaraq. Gürcü istehsalı olan bir çox məhsullar brenddir, bizdə isə “Halal”ın belə nə gündə olduğunu hamı gördü.
Elementar problemlərimiz həllini tapmadıqca nəinki Avropa, hətta Gürcüstan da bizə yuxarıdan aşağı baxacaq, qazımızı yandıra-yandıra. Bir özümüzə baxaq, qiymət verək. Yoxsa kimsə bizi dəyərləndirməyəcək. Neftin qiyməti kəlləçarxa qalxsa da…