Putinin 9 may qələbəsini təkcə 11 min hərbçinin, silah arsenalının nümayiş etdirildiyi Qızıl Meydanda qeyd eləmədi. O, eyni gündə həm də iki ay əvvəl ilhaq etdiyi Krım yarımadasına gəlib qalibiyyətini Ukrayna ərazisində bayram eləməklə dünyaya meydan oxudu.
Gözlənildiyi kimi ABŞ Krımı zəbtinin ardınca Putinin bu bölgəyə səfərinə təpki verdi. Ağ Evin mətbuat katibi dərhal bəyan edib ki, Putinin səfəri regiondakı gərginliyi daha da artıracaq. Rəsmi Vaşinqton Rusiyanın davranışlarını qarabaqara izləyir, zəif də olsa, reaksiyalar verir. Təbii ki, təcavüz qəbulolunmazdır və dərhal cavabını almalıdır.
Ancaq 9 mayı qəsb olunan torpaqda qeyd edən təkcə Putin deyildi. Rusiyanın Qafqazdakı köləsi Ermənistanın cani prezidenti Sərkisyan Azərbaycanda, 22 il əvvəl işğal olunan Şuşada bayram elədi. Di gəl Amerikadan bir reaksiya görmədik. Hansı ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi nəsə deməyə borclu idi.
Erməni caniləri belə nümayişkaranə davranışları ilə növbəti dəfə həm də Amerikanın həmsədrliyinə, BMT qətnamələrinə, sülh təşəbbüslərə tüpürdü. Rusiya ordusunun Ukrayna sərhədlərindən çəkilmədiyini isbatlayan faktları vaxtaşırı gündəmə gətirən ABŞ sanki Ermənistan ordusunun Qarabağda at oynatmasından, ildə bir neçə dəfə Ağdamda hərbi təlimlər keçirməsindən bixəbərdir. Bu, nə siyasətdir…
Şübhə yox ki, Sərkisyanın saymazyana Şuşaya gəlişində tək Rusiyadan himayə olunması yox, Amerikanın davranışları da özsözünü dedi. Bu da sübut:
Erməni prezident Şuşaya gəlmədən bir gün əvvəl ABŞ-ın Kaliforniya ştatının yerli assambleyası Dağlıq Qarabağın “müstəqilliyini” tanıdı. Bu, adi bir sənəd deyil, bəşəri cinayətə bəraət qazandırmaq, beynəlxalq hüququn üzünə lomba ilə tüpürməkdir. Təsəvvür edin, Azərbaycanözünün bir parçası olan Şuşanın erməni rus qoşunları tərəfindən işğalının növbəti ildönümündə Amerikadan heç olmasa təskinlik üçün quru bir bəyanat gözlədiyi halda, işğala haqq qazandıran qətnaməyə tuş gəlir. Bu, ABŞ-ın ermənilərə hədiyyəsi oldu. Bəs, hanı ədalət. Heç olmasa Rusiya kimi birdəfəlik bəyan etsinlər ki, Qarabağ məsələsində daim Ermənistanın yanında olacaqlar, biz də işimizi bilək.
ABŞ-ın ikili standartlarını Azərbaycan Qarabağda antiterror əməliyyatlarını uğurla davam etdirdiyi 1992-ci ildə “9o” ilə görmüşük və indiyəcən yadımızdadır. Ancaq heç olmasa bu gün Krımın ilhaqına sərgilədiyi münasibəti Vaşinqton göstəri naminə də olsa, Qarabağ məsələsinə münasibətdə təkrarlamalıdır. Koliforniyada ermənilərin sayının üstünlük təşkil etməsi faktı ABŞ dövlətini heç də sığortalamır.
Son günlər mətbuat Ağ Evin yeni Qarabağ siyasətindən yazırdı. Bu imiş yeni siyasət…Məntiqi nəticəsi də göz önündə. Bu ikili standartların nəticəsidir ki, Ermənistanın Müdafiə naziri Seyran Ohanyan gəlib Azərbaycan torpağında hədə bəyanatı verir. O, “Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun heç biri Azərbaycan tərəfinə verilməyəcək” deməklə həm də dünya güclərinin vasitəçilik təşəbbüslərinə tüpürdü. “Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun heç biri Azərbaycan tərəfinə verilməyəcək”. Bu da Ohanyanın dediyidir. Açıq şəkildə deyib ki, gedin tullanmağınızın dalınca. Daha adama, dövlətə neçə dəfə deyərlər ki, torpaqları qaytarmıram, vəssalam. Ancaq nə yazıq ki, biz bundan sonra da həmsədrlərin mənasız səfərlərini, danışıqlarını, tvitterləmələrini izləyib sülh danışıqları haqda nağıllarla başımızı qatacağıq.
****
Rəsmi Bakının Koliforniya ştatının qərarına etirazını gördük. Bəs Ermənistan prezidentinin Şuşaya çapıb gəlməsini niyə sükutla qarşıladı bizim Xarici İşlər Nazirliyi. ABŞ-ın hansısa yanlışına operativ reaksiya verən nazirlik niyə dünyaya haray çəkmədi ki, soruşsunlar Sərkisyanın Qarabağda nə ölümü var!
Hansı ki, Azərbaycan ordusu dərhal hərəkətə keçə, təyyarələr havaya qalxa, dövlətin bütün strukturları dünyanı silkələyəcək fəaliyyət göstərə bilərdi Sərkisyanın Şuşa səfərinin qarşılığında. Demirəm ki, savaş qərarı verilməliydi. Heç olmasa bu yolla dünyaya bir daha xatırladardıq ki, biz Şuşadan əl çəkəsi deyilik. Heç olmasa düşməni narahat edərdik. Niyə kadr yerdəyişməsinə başı qarışan ordu rəhbərliyindən səs çıxmadı, XİN susdu, parlament üzvlərinin başı isə şoumenlərlə futbol yarışına qarışmışdı. Bəs biz Sərkisyanın oturduğu kabineti izləyirdik, nə oldu…
Erməni son sözünü dedi, özü də Şuşada, Azərbaycanın ürəyinin başında. Elə Amerikanın da mövqeyi bəlli oldu. Sayca beşinci ştatı Qarabağı müstəqil subyekt kimi tanıdı. Rusiyanın da mövqeyi bəlli. İndi söz bizim olmalıdır. Biz aydınlaşdırmalıyıq ki, Qarabağı geri almaq istəyirik, ya yox…
****
…Sərkisyan “Şuşanın azadlığı günü”nü burnumuzun ucunda qeyd edərkən Bakının “Torqovı”sında “Georgiyev lenti” paylanırdı. Bakı buna da susdu. Vəfa Quluzadə yerində deyib ki, ““Georgiyev lenti” 1945-ci il ikinci dünya müharibəsində qələbənin rəmzi yox, Krımın işğalı rəmzidir”. Bu, həm də Qarabağın ilhaqının rəmzi sayıla bilər…Bizsə nəinki susduq, hətta o lenti döşünə taxıb nümayiş etdirənlərimiz də az olmadı. Bu həm də Qarabağsız, ətraf rayonun ilhaqı ilə barışmağımızın nümayişi idi…