Belə xəbərləri hər gün alırıq: “… rayonunda faciəvi qəza – 1 ölü”. Bəzən rəqəmlər dəyişir, 5-ə çatır. 8 olmuşluğu da olub. Klassik mütəfəkkirlərdən hansınınsa dediyi kimi, bir adamın ölümü faciə, milyonların ölümü statistikadır. Elədir. Amma bu, faciəvi statistikadır, dərininə varanda tab edilməsi mümkün deyil.
Tanımadığımız insanların ölümü bizi yalnız ötəri acındıra bilir. Xəbəri oxuyuruq, başımızı bulayırıq, təəssüf edirik, bəzən “belə də iş olarmı” deyə reaksiya veririk və… unuduruq.
10 gün sonra bizdən A.-dan Z-yə, daha dəqiqi, Ağstafadan Zərdaba qədərki rayonlarımızda baş vermiş ən müdhiş qəza haqqında soruşsalar, bəlkə də güc-bəla xatırlayarıq.
Ancaq həmin qəzada ölənlərin əzizləri bunu 10, hətta 40 il sonra da unuda bilirlərmi? Bilmirlər. Çünki onların itkisi bir ailənin, nəslin həyatına damğa vurur, talelərinin istiqamətini dəyişir.
Neçə vaxtdır, yazırıq, deyirik, qəza statistikasını dərc edirik. Bu məsələ nazirliklərin kollegiya iclaslarında müzakirə olunur, cürbəcür tədbirlər həyata keçirilir, ancaq faydası yoxdur. Faciəvi qəzaların sayı azalmır.
2012-ci ildə ölkəmizin yollarında avtomobil qəzalarında 1100-ə yaxın insan həyatını itirib, üç o qədər adam yaralanıb, xəsarət alıb, şikəst olub. 2013-cü ildə bu göstərici 100 nəfər də artıb, 1200-ə çatıb. Yenə üç o qədər də yaralı, şikəst…
Bu ilin 4 ayı ərzində yol qəzasında ölənlərin sayı artıq 300-ə yaxınlaşıb. Qarşıda hələ 8 ay var. Bu gedişlə ötənilki faciəvi statistikanın rekordu qırılacaq.
Dildə demək çox asandır – 300 nəfər. Bu üç yüz ailənin, üç yüz nəslin faciəsi deməkdir.
Srağagün elə bir faciə ilə bizim qohum-əqrəba da üzləşdi. 26 yaşlı qohumumuz İsmayıl yaşadığı Şirvan şəhərində qol qəzasında həyatını itirdi, iki körpə balası qaldı. Qızının 4, oğlunun 3 yaşı var.
Rəhmətlik özü də 11 yaşından atasız böyümüşdü. Yeniyetməliyindən işləməyə başlamışdı. Arada bir neçə il işsiz də qalmışdı. İndi-indi işindən, qazancından məmnun idi. Tay-tuşlarına nisbətən erkən, həm də sevərək, öz seçimi ilə ailə qurmuşdu. İstəkli həyat yoldaşıydı, qayğıkeş ataydı, ailəcanlı övlad idi. Kəm taleyi onu sevənlərindən ayırdı.
Yüksək sürət, bir anlıq diqqətsizlik… və iki körpənin atası, 26 yaşlı gənc artıq yoxdur.
Bütün bu detalları biləndə adam anlayır ki, bu faciəvi durum 2012-ci ildə yol qəzalarında ölən 1100-ə yaxın, 2013-də həyatını itirən 1200-ə qədər, bu il aramızdan vaxtsız gedən 300 nəfərə yaxın insanın hər birinə aiddir.
Bu qədər vaxtsız dünyasını dəyişən insanların çoxu tam günahsızdır, onların yeganə suçu naşı və ya məsuliyyətsiz sürücülərin avtomobilinin sərnişini olmalarıdır. Ən azı üçdə birində isə qəzanın səbəbkarı elə öz həyatını faciə ilə bitirən sürücülərdir.
Bizdə adətdir, danışır, danışır, axırda “qismət” deyib susurlar. Amma burada qismətlik bir iş yoxdur. Ölkəmizin yollarına çıxan maşınların iki misli qədər avtomobil İsveçrədə də var. İsveçrənin əhalisi 8 milyondur, amma orda il ərzində yol qəzalarında həlak olanların sayı 40-a çatmır.
İndi 1200-lə 40-ı müqayisə edək, fərqi görək. Anadolu türklərinin təbiri ilə desək, bu qədər can alan “trafik canavarı” (yol əzrayılı) məhz bizim regionda çalışır? Elə bu ölkənin sürücü və sərnişinlərinin taleyi kəm yazılır?
Belə şey yoxdur. Amansız təsadüflər, insanların heç cür gözlənilməyən şəraitdə yol qəzalarında həlak olması nadir hadisədir. Avtomobili yüksək sürətlə sürmək, təhlükəli manevrlər etmək artıq yol əzrayılına dəvətnamə göndərməkdir. Və o, heç bir dəvəti cavabsız qoymur. Bunu biryolluq anlamaq gərək.
Bu sətirlərin müəllifi xeyirdə-şər məclislərində tez-tez yüksək sürətlə maşın sürmək bacarıqlarından dəm vuran gənc sürücülərlə hər zaman xəbərdarlıqlar, nəsihətlər edir, amma dinləyən, nəzərə alan yoxdur.
Axırı da belə olur…
İndi durub hüzr məclisinə gedəcəm. Rəhmətlik İsmayılın 3 yaşlı oğlu Əzizi də görəcəm. Onun dünəndən bəri “atam hardadır, gəlsin, bizi öz evimizə aparsın” deyə sitəm etməsini eşitmək çox ağırdır.