Kimlərsə iddia edir ki, bu şou Leyla Yunusun özünə lazım idi. Deyək ki, belədir. Onda buna şərait yaratmaq kimə lazım imiş? Son vaxtlar beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini möhkəmləndirən addımları müşahidə etməkdəydik. Xüsusilə də prezidentin Praqada Sərkisyana sərt cavabı iki qardaş ölkədə rəğbətlə qarşılanmışdısa da, ermənilər üçün xeyli gözlənilməz olmuşdu. Sarsıdıcı zərbədən nokauta düşən erməni hakimiyyəti o qədər gərginlik içindəydi ki, hətta bu arada Ramil Səfərovla bağlı ölüm fitvasını xatırladıb ictimai fikri yayındırmağa çalışdı. Leyla və Arif Yunuslarla bağlı baş verənlər isə düşmənin işinə yaradı. İndi hay-küy salmağa başlayacaqlar ki, baxın, bu ölkədə insan haqlarına münasibət budur.
Leyla Yunusdan xoşumuz gəlməyə, onun mövqeyini bölüşməyə bilərik. Necə ki, mənim də xoşum gəlməyən anlar olub. Məsələn, iki il öncə, elə bu vaxtlarda Bakıda keçirilən “Avronest” Parlament Assambleyasının toplantısında Leyla Yunusun çıxışını heç bəyənməmişdim. Ona görə yox ki, ofisinin əlindən alınmasından, mülkiyyət hüququnun pozulmasından danışmışdı. Əsas ona görə ki, Leyla Yunus danışarkən tədbirin Ermənistandan olan iştirakçıları məmnun-məmnun qımışırdılar. O sözləri Bakıda eşitmək ermənilərə çox xoş idi. Ancaq bu dəfə də birilərinin Leyla Yunusla bağlı addımları da ermənilərin ürəyinə yağ kimi yayıldı.
****
Bu vəziyyət bizə heç lazım deyildi. Əvvəla, Leyla Yunusun erməni məsələsi ilə əlaqəli təhdid olunması Azərbaycanın milli və dövlət maraqlarının əleyhinə işləyə bilər. İllərdir Bakıdakı erməniləri nümunə gətirib nə qədər tolerant olduğumuzu dünyanın gözünə soxuruq. İndi necə olur, Bakıdakı 30 min erməni ilə öyünənlər Leyla Yunusu sinirə bilmir, “o, ermənidir” deyib ittiham edir? Biz ermənilərə vaxtaşırı çağırış edirik ki, gəlin, bir yerdə yaşayaq. Bəs onda Qarabağdakı ermənilər bu “erməni ovu”nu necə başa düşəcək, bu, onları ürkütməyəcəkmi, əllərinə bəhanə verməyəcəkmi?
İkincisi, Leyla Yunusla bağlı olaylar məhz onda baş verdi ki, Bakıda 57 ölkədən gəlmiş 200-ə yaxın tanınmış ictimai və siyasi xadimin iştirakı ilə II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilirdi. Azərbaycanın torpaq bütünlüyü ilə bağlı mövqeyi dəstəkləndiyi halda Leyla və Arif Yunus ətrafında bu cür rezonans doğuran hadisənin yaradılmasında məqsəd nə idi? Yəqin ki, həmin iştirakçılar da Hava Limanında baş verənlərdən xəbərsiz qalmayıb. Böyük əziyyətlər bahasına Azərbaycanın tanıdıldığı günlərdə bu sürpriz kimə lazım imiş görən…
Yeri gəlmişkən, Moldova Ombudsmanı Aureliya Qriqoriu da bu tədbirdə idi və onunla görüşdüyümə görə xeyli məmnun oldum. Aurelya xanım İrəvanda Azərbaycan həqiqətlərini açıq bəyan etdiyi üçün bizim sevimlimizə çevrilib. Yəni bircə addımına görə. Axı bizim vətəndaşlardan da İrəvanda düz sözü erməninin gözünün içinə deyənlər az olmayıb. Məgər doğrudanmı Yunusların bu məmləkət üçün təqdir olunası bir işi yoxdur.
****
May ayndan Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi təhvil alacaq. Gələn il Azərbaycan ilk dəfə Avropa Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Bu tualet söhbəti çox yerdə baş qaxıncı ola bilər. Üstəlik, mayın ortasında Azərbaycana səfər edəcək Fransa prezidenti Olland Leyla Yunusa “Fransanın Fəxri Legionu Ordeni Kavaleri” mükafatını təqdim edəcəkdi…
Yazını tamamlayarkən… ABŞ Dövlət Departamentinin rəsmisi Tom Malinowski bildirib ki, “Leyla Yunusun başına gələnləri həyəcanla izləyir və istər formal, istərsə də qeyri-formal ünsiyyətləri zamanı öz münasibətlərini Azərbaycan hökumətinin diqqətinə çatdıracaqlar”.
Budur, başlandı…