Bu, bir gerçəklikdir ki, yüz illər boyu Türkiyə və Azərbaycanın qalibiyyəti ortaq sevinc, məğlubiyyəti isə kədər bəxş edib bu ölkələrin toplumlarına. Sarıqamış məğlubiyyətindən sonra təkcə Türkiyə deyil, Azərbaycan da böyük faciələrə düçar olmadımı?
Rusiyanın iki türk xalqına vurduğu zərbənin ardınca hərəkətə keçən xain ermənilər həm Türkiyə, həm də Azərbaycanda soyqırımlar həyata keçirdilər. 1914-15-ci illərdəki məşhur Sarıqamış savaşında çar Rusiyasına qarşı savaşda 40 dərəcəlik şaxtada türk ordusunun donan 12 min, döyüşdə yaralanan və həlak olan 60 min əsgər və zabitləri arasında yüzlərlə azərbaycanlı könüllü də var idi. O zaman da Rusiya Türkiyənin Birinci Dünya Müharibəsindən zəifləmiş çıxmasından istifadə edib karvanbasan quldur kimi türk ellərinə xaincəsinə hücuma keçmişdi. Faciəyə baxın ki, Sarıqamışda əsir alınan minlərlə türk ikinci vətəninə, Azərbaycana – Narginə sürgün edilmişdi…
***
Elə bu ortaq faciələr idi ki, Türkiyə və Azərbaycan xalqı növbəti dəfə Çanaqqalada bir yerdə oldu. İngilis və fransız istilaçılarına qarşı döyüşdə Türkiyə 100 minə yaxın şəhid verdi. Həlak olanlardan azı 1500 nəfərinin azərbaycanlı könüllülər olduğu tarixi faktdır.
Ancaq Türkiyə də Azərbaycana borclu qalmadı: 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinə dayaq duran, Bakını, Şamaxını, Göyçayı, Kürdəmiri, Şuşanı erməni daşnaklarından və bolşeviklərindən xilas edən, azərbaycanlıların soyqırımı nəticəsində tamamilə qırılıb məhv edilməsinə imkan verməyən Nuru Paşanın rəhbərlik etdiyi şanlı Qafqaz İslam Ordusu oldu. Nə yazıq ki, onda da ingilis fitnə-fəsadı nəticəsində iki qardaş bir-birindən ayrı salındı, general Tomsonun rəhbərliyi ilə Bakıya soxulan ingilis ordusu Türk əsgərini Azərbaycandan çıxara bildi. Türk ordusu burda qalsaydı yəqin ki, nə Zəngəzur əldən çıxacaqdı, nə Azərbaycanın müstəqilliyinə son veriləcəkdi…
Türkiyə tək qonşumuzdur ki, Azərbaycanın tarixi torpaqlarının bir qarışına da iddia etməyib. İran, Rusiya, Gürcüstan, Ermənistandan fərqli olaraq… |
Naxçıvanı da Azərbaycana qazandıran Türkiyədir, 1921-ci ilin Qars müqaviləsində Atatürk Türkiyəsi Naxçıvana qarant durmasaydı, bu bölgə də Göyçə-Zəngəzurun taleyini yaşayacaqdı.
***
Bu gün Türk ordusunun Azərbaycana yenidən qayıdışına ehtiyac var. Dünyanın növbəti dəfə bölüşdürülməsi uğrunda gedən mübarizədə Azərbaycan xilas olacaqsa, bu, qardaş Türkiyə ilə birliyin sayəsində mümkün olacaq. 1993-cü ildən, Kəlbəcərin işğalından sonra işğalçı Ermənistanın üzünə sərhədini qapayan, dünya güclərinin çeşidli oyunlarına, təhdidlərinə baxmayaraq qərarını dəyişməyən tək dövlət varsa, o da Türkiyədir. Müsəlman ölkəsi İran Ermənistanı qazla təmin edir, bu ölkəyə dəmir yolu çəkir, Rusiyanın mövqeyi bəlli, hətta Azərbaycanın sayəsində ayaqda duran Gürcüstan da ermənilərlə sıx əməkdaşlıqdadır. Bu mənada Türkiyə bizimçün çox dəyərlidir. Türk ordusundan qorxmaq lazım deyil, bu, yeganə ordudur ki, işğala yox, xilasa gəlir. Türkiyə tək qonşumuzdur ki, Azərbaycanın tarixi torpaqlarının bir qarışına da iddia etməyib. İran, Rusiya, Gürcüstan, Ermənistandan fərqli olaraq.
Bu günlərdə “Yeni Müsavat”ın Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan hərbi birləşmələrindən ibarət “Turan ordusu”nu yaratması barədə müzakirələr gedir. Belə bir hərbi birləşmə yaradılmaması çox pis bir hal olardı. Bu gün dünya yenidən qaynayır, 100 il əvvəl olduğu kimi yenə Rusiya dünyaya ağalıq eşqinə düşüb, nə olsun ki, başındakı çar yox, prezidentdir. Eyni siyasətdir. Krım türklərinin yenidən deportasiya olunması təhlükəsi qapını kəsib. Güney Azərbaycandakı 40 milyon türk “mən türkəm” deyib bağırır, ana dilində məktəb istəyir, bu ərazilərdə kürdləşmə siyasəti yürüdülür, Çindəki uyğurlar, İraqdakı türkmənlər də tarixin acı dönəmini yaşayır. Azərbaycanın beşdə biri işğalda. Elə Türkiyəni də hər an bölməyə hazır güclər marıtda yatıb.
Türk dövlətlərinin başqa heç bir prezidenti Putinə Nazarbayevdən yaxın olmayacaq ki. Budur, Rusiya Qazaxıstanın da bir hissəsini qoparmağı planlayır. Deməli, 12-cı “qızıl ordu” hər an qapını kəsdirə birlər. Bu mənada Türk dünyasının birliyi istiqamətində nə mümkünsə edilməlidir.
Bu gün Türkiyə və Azərbaycanın konfederativ əsasda birləşmək qərarı verməsi ən doğru seçim olardı |
Bu gün Türkiyə və Azərbaycanın konfederativ əsasda birləşmək qərarı verməsi ən doğru seçim olardı. Yetər ki, hər iki ölkədə ümumxalq referendumu keçirilsin. Azərbaycanda Rusiyanın “beşinci kolonu” hərəkətə keçdiyi bir məqamda türkçülər, türkiyəçilərin, Türkiyədə də azərbaycançıların önə çıxması lazım. Azərbaycanı Gömrük İttifaqına qoşacaqlarsa, bu, müstəqilliyimizin itirilməsi olacaq. Ancaq Türkiyə ilə istənilən birlik bizə təhlükəli deyil. Putin işğal planını Krımdakı referendumun arxasında gizlətməyə çalışır və açıq-aşkar postsovet məkanını zəbt etmək niyyətindədir. Belə təhlükə qarşısında qardaş türk dövləti ilə bir çətir altında hansısa şəkildə birləşmək yeganə xilas formuludur.
***
…1920-ci ilin 27 aprelində 11-cı Qızıl Ordunun Azərbaycandan keçərək Anadoluya gedəcəyini iddia edirdilər. Cümhuriyyət qurucuları hakimiyyəti kommunistlərə bir şərtlə təhvil verdilər ki, Azərbaycanın müstəqilliyinə xələl gəlməyəcək. Burada da Türkiyə amili
öz sözünü dedi. Azərbaycan hökuməti rus ordusuna yol verməsəydi, “baxın, bu da sizin qardaşınız” deyə, tənə edəcəkdi bədxahlar. Ancaq işğalçı ordu Anadoluya getmədi, Bakıda qaldı.
Bununla belə Türkiyə Azərbaycanın xidmətlərini unutmadı, 70 ildən sonra yenidən ucalan bayrağımızı tanıyan ilk dövlət yenə də Türkiyə oldu. Bizi bir-birimizə təkcə kəmərlər bağlamır. Bu, bir tale məsələsidir…
Bakıdakı Türk Şəhidliyində yüzlərlə osmanlı türkünün adı həkk olunub daş kitabələrə. Türkiyədən gələn əksər ziyarətçilər Bakıya gəldiyi zaman həmin şəhidliyi də ziyarətə yollanır. Təəssüf yox, qürur hissi keçirirlər ki, onlar ikinci Vətən – Azərbaycan uğrunda şəhid olub. Azərbaycandan Çanaqqala abidəsini ziyarətə gedənlər də eyni hisslər keçirir. Bir Millətin nəhayət, Bir Dövlətdə birləşməsi zamanıdır…