Arazın o tayında qurulan toy büsatdan çəkilən bir videoya baxdım, ruhum coşdu, qanım qaynadı. Şəbüstər şəhərinin Nadarlı kəndində keçirilən toy kadrlarını izləyəndə bir anlıq düşündüm ki, düşmənlər nə qədər zalım da olsa, min cür fitnə-fəsad qursalar da, bizə zaval yoxdur, günün birində uğurlu sonluğa yetişəcəyik.
Salmas şəhərindən olan sənətçi Abbas Nikrəvan böyük sənətkarımız Zeynəb Xanlarovanın repertuarından olan “Yaşa Azərbaycan” mahnısını iştirakçılarla bərabər oxuyur həmin toyda. Sadə məsələ deyil, Güneydə Azərbaycanın bütövlüyünə çağırış himni oxunur, uşaqlı-böyüklü, coşqu ilə, yumruqları düyünləyərək…
Bəli, Güneyin bu günlərdə səsi daha ucadan eşidilir. Toyda, yasda, futbol meydançasında, hər yerdə “Yaşasın Azərbaycan” hayqırır böyük bir toplum. Qürurvericidir…
Düzdür, tarix boyu Azərbaycana böyük yaralar vurulub. Ancaq bu qədər faciələrə rəğmən Dədə Qorqud demişkən, qırılmadıq, məhv olmadıq, artıq, çoxaldıq. Nə yazıq ki, biz toplum olaraq pessimizmə çox qapılırıq, bəzən əlimizi hər şeydən üzmüş kimi oluruq. Bəlkə elə cəmiyyətdəki stress, əsəb, kriminalların bir səbəbi də budur. Qara geyimə üstünlük verən məmləkətin əhalisinin böyük hissəsi qaraqabaq insanlardan ibarətdir. Bunu görmək üçün elə avtobusda, metroda, küçədə, hətta toy-büsatda adamların üzünə baxmaq kifayətdir. Düzdür, itkilərimiz çox olub, təkcə yaxın bir əsrdə böyük ziyalı ordusu, torpaq, daha nələr-nələr itirmişik, qələbə tamarzısıyıq.
Qazandıqlarımız da az olmayıb axı. Bu gün Güneydəki qardaşlarımızın tamarzısında olduğu dövlətimizi qurmuşuq, bayrağımızı qaldırmışıq. Düzdür, bu bayrağın altında çox haqsızlıqlar oldu və davam edir. Lakin daxildə baş verənlər heç kimə rus əsgərinin qabağına duz-çörəklə getməyə haqq vermir. Bunun bir adı var, xəyanət! Bu gün türk qardaşlarımızın vətəni olan Krımın işğalına haqq qazandıranlar da bu xəyanət yolunun yolçularıdır. Azərbaycan cəmiyyətinin bütöv mövqe sərgiləməsi bizi xilas edən əsas faktor ola bilər. Bizi parçalasalar, üz-üzə qoysalar, yenə başımızın üstündə hökm edəcəklər. Necə ki, Cavad xanın hayqırtısını eşitməyib rus çarına pənah aparan xanlarımızın böyük səhvlərinin acı-nəticələrini bütöv millət çəkdi.
***
Türkiyəli professor Ümit Özdağın bir statusunu oxudum. “İrana, Güney Azərbaycana getdim, kitab sərgisində təmiz türkcə ilə danışan birinə “siz Azərimisiniz” deyə, soruşduğum zaman “vallah biz özümüzə türk deyirik, bizə bir Quzey Azərbaycanda, bir də siz türkiyəlilər “azəri” deyirsiniz. Nədən deyirsiniz, onu da anlamırıq” dedi”.
Təəssüf doğuran haldır. Bu illərdə hətta erməni bizə türk dedi, hətta Türkiyə və Azərbaycan türklərinə belə fərq qoymadan, ancaq biz özümüz, türklər olaraq yabançı adlar qoyduq özümüzə. Güneydə 40 milyon illərdir ki, “Haray, haray mən türkəm” deyir, Türkiyədən getmiş professor isə “siz azerimisinizmi” soruşur. Bəlkə də nəhayət, türk adına əslində həqarət olan bu ifadəyə son vermək, millətimizin adını doğru-dürüst demələri üçün Türkiyə prezidentinə, baş nazirinə, Böyük Millət Məclisinə müraciət ünvanlamağa ehtiyac var. Görün hansı durum yaratmışıq ki, başdanxarab Jirinovski də azəri ifadəsinə görə bizi ələ salır.
Nəhayət, bizi bölən hər şeylərdən, soyadlarımızdakı rus sonluqlarından tutmuş türk kimliyimizə xələl gətirən bütün nəsnələrdən imtina etməliyik. Birdəfəlik anlayaq ki, bizi yalnız özümüz, milli kimliyimiz xilas edəcək. Şimal təhlükəsi qarşısında bizim durumumuz iddia olunduğu qədər də fəna deyil. Azərbaycan əhalisinin mütləq əksəriyyəti bu məmləkətin tarixi sahibləridir. Krımla bağlı ssenarilər ona görə belə asan reallaşdı ki, bölgədə rus vətəndaşlar üstünlük təşkil edirdi. Bu gün Moldova, hətta Qazaxıstandakı narahatlıqlar da bu faktordan qaynaqlanır. Azərbaycanın bu mənada bəxti gətirib, Zabelinin Putinə dəstək çağırışına səs verən rusların sayı çox deyil.
Azərbaycanın indiyə qədər yetirincə dəyər vermədiyimiz bir üstünlüyü var: ölkə sərhədləri boyunca dövlətimizi əhatə edən, Dərbənddə, Borçalıda, Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımızı nəzərdə tuturam. Bir yanda da Naxçıvanla qapısı olan 70 milyonluq qardaş Türkiyə. Bu gün bir tərəfdə dünyanın ləng də olsa, təzyiqləri ilə üzbəüz qalan, təkcə Krım olaylarından bəri 170 milyard itirmiş Rusiya, onun 2 milyonluq bədbəxt forpostu Ermənistan, o biri yanda sayı dünya çapında önəmi artmaqda olan Azərbaycan, onu üzük qaşı kimi əhatələmiş Azərbaycan türkləri var. Tarixi ədalətsizliklər səbəbindən qonşu dövlətlərin vətəndaşı kimi yaşamağa məhkum olunmuş soydaşlarımıza, “bufer zona”dakı türklərə daha çox önəm verməliyik ki, Azərbaycana kənar müdaxilələri əngəlləməkdə bizə yardımçı olsunlar. Rus əsgəri Krımda heç nə etmədi, nə etdisə, rus çoxluğu etdi. Bizim bu gün çox güclü silahımız var. Bu silah say etibarilə böyük millətlər sırasında yer almağımızdır, ən azı torpağımızı işğalda saxlayan düşməndən dəfələrlə üstün olmağımızdır.
Əhali faktoru sadə məsələ deyil. Erməni ümid edir ki, Suriyadan gələnləri Qarabağda məskunlaşdıracaq və bu torpaqları birdəfəlik zəbt edəcək. Bizim isə əhali faktoru adlı problemimiz yoxdur, yetər ki, kəmiyyəti keyfiyyətli işə çevirək. Günün birində Güney türkü ayağa qalxıb Mehri qapısını qapasa, Ermənistan həmən boğulacaq. Bu an hər an yetişə bilər. Ermənilər özləri də bu təhlükəni anlayır. Gəlin özümüzə təlqin edək ki, biz böyükük, biz qalib gələcəyik. O taylı-bu taylı Azərbaycanda, Borçalısında, Dərbəndində üst-üstə 50 milyon doğması yaşayan bir məmləkətin məğlub olmağa haqqı yoxdur…