Kim deyər, hökumətimiz “Sovetski”ni niyə sökməkdə israrlıdır..? Bu yerdə dəyərli oxucu deyər ki, necə yəni niyə, dəfələrlə deyilib ki, köhnə evlərin yerində paytaxt sakinlərinin istirahəti üçün park salınacaq. Hər halda rəsmilər belə deyirlər. Ancaq dövlətin iri vəsaitləri hesabına istirahət parkı tikməyi planlaşdıran məmurlar məntiqlə paytaxtda hər ağacın üstündə əsməlidirlər.
Ancaq son günlər “ağac qətliamı” ilə bağlı gələn xəbərlər bunun əksini deyir. Bir şəhərdə ki, Botanika bağında ağaclar kütləvi şəkildə məhv edilə, buna nə rəsmi, nə qeyri-rəsmi səviyyədə adekvat təpki olmaya, başqa nədən danışmaq olar? Söhbət Milli Elmlər Akademiyasının balansında olan bağdan, Azərbaycanın sərvətləri sırasına daxil olan məkandan gedir.
Milli Məclisin son iclasında “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna dəyişikliklər edildi. Demə, deputatlar təbiət ərazilərinin mühafizəsindən danışarkən parlamentdən bir neçə yüz metr yuxarıda qanunsuz silahsız dəstə Nəbatət bağında ağacların atasını yandırırmış. Bu bağ 1934 ttp://az.wikipedia.org/wiki/1934-cü ildə Aaeui ttp://az.wikipedia.org/wiki/Bak%C4%B1ın dağlıq hissəsində, təqribən 100 hektar ərazidə salınıb. İndiyədək bir hissəsi salamat qalıb, onu da məhv edirlər. İnternetdə axtarış verib Braziliyadakı və Berlindəki botanika bağlarına baxdım və bizimki ilə müqayisə etdim. Təkcə fotolar fərqin böyük olduğunu göstərir. Hansı alman, yaxud braziliyalı gedib Botanika bağından bir ağac kəsməyə cəsarət edərdi? Yaxud cəsarət etsə, ictimaiyyət buna bizdəki kimi laqeyd qalardımı?
Adam heyrətlənir, necə oldu ki, 80-ci illərin sonlarında Topxanada bir armud ağacının kəsilməsinə etiraz olaraq ayağa qalxan bu xalq bu gün yaşıllıq muzeyinin, Nəbatət bağının məhvinə də laqeyddir..? Sanitariya-gigiyena normalarına görə, şəhərətrafı ərazilərdə istirahət etmək üçün adambaşına 750-1000 kvadratmetr, şəhər daxilində isə 25-30 kvadratmetrdən az olmayan yaşıllıq lazımdır. 70-ci illərdə hər bakılıya 6,2 kv.m yaşıllıq zolağı düşübsə, 80-ci illərdə bu rəqəm 45 kv.m-ə çatıb. Kiyevdə isə hər sakinə 270 kv.m yaşıllıq düşür. Yaşıllıq təkcə gözəllik demək deyil, həm də sağlamlıqdır. Əhali arasında sağalmaz xəstəliklərin geniş yayılmasının əsas səbəbi elə paytaxtdakı ekoloji fəlakət deyilmi? Görünən budur ki, bir zümrə böyük qazanc naminə milləti kütləvi şəkildə xərçəngə mübtəla etməkdədir. Elə bu günlərdə məşhurlarımızdan neçəsi bu dəhşətli mərəzlə üz-üzədir. SOS siqnalı çalınmalıdır. Ağacları kəsənlər elə ömrümüzə balta çalanlardır, unutmayaq…
Bakı dünyanın ən çirkli şəhərlərindəndir. Yaşıllığın sürətlə məhvi, oksigen ehtiyatının tükənməsi buna gətirməli idi. Bu yaxınlarda akademik Nizami Süleymanov demişdi ki, hər ay avtomobillərdən təkcə Bakıya 2 milyon ton, hər gün isə 70 min ton zəhər atılır. Bu da atmosferə saatda təqribən 3 min ton, dəqiqə isə 50 ton (!) zəhərli tullantının atılmasıdır.
Ancaq nə olsun, kim bu xəbərdarlığa reaksiya verdi? Məlumata görə, bu il Azərbaycanda avtomobillər 2 milyon ton yanacaq yandıracaq. Bu isə atmosferə ən azı 35-36 mln. ton çirkli hava buraxılması deməkdir. Hökumət zənn edirsə ki, Avro-4-ə keçidlə fəlakətin qarşısını alacaq, bu, real görünmür. Nə qədər ki, biz olan-qalan yaşıllıqları da məhv edəcəyik, təmiz hava bizə haram olacaq.
Normal ölkələrin vətəndaşları şənbə-bazar günləri şəhərlərdən kənara, sakit guşələrə çəkilib istirahət edir, yaxud parklara toplaşırlar. Statistikaya görə, istirahət günləri Sankt-Peterburqdan 1, Moskvadan isə 2 milyondan çox insan şəhər kənarına yollanır. İstanbulun Çamlıca adlı məkanında minlərlə insanın elə çəmənlikdə ailəvi istirahət etməsini heyranlıqla seyr eləmişdim. Bizdə hanı belə məkanlar? Park adı ilə yerə mərmər döşəyirlər ki, bu da əlavə radiasiya mənbəyidir. Harda qazon varsa, orda gəzmək az qala dövləti cinayət sayılır. Sovet dövründə Bakının 2 min hektardan artıq ərazisində yaşıllıq zolağı salınmışdı. Bu gün həmin əraziləri indi pulluların villaları “bəzəyir”.
Keçən il xəbər yayılmışdı ki, Bakıda yeni Botanika bağı salınacaq. Hətta Türkiyən şirkəti bağın layihəsini hazırladığını, 16 450 kv.metrlik sahə üçün 15 milyon avro vəsaitin ayrıldığını açıqlamışdı. Yaşı az qala bir əsrə çatan bağı məhv edirlər ki, milyonları xərcləyib yeni bağ salsınlar.
…Xəzər sahilində yerləşən şəhərdə böyük bir meşə massivini qırıb yerində…göl düzəltmədilərmi? Hansı ki, neçə illərdir Bakıdakı gölləri qurutmaq üçün milyonlar xərcləyirdilər…