Və ya Azərbaycanı fikirdə işğal etmək planı
Televiziyalardan birinin həftəlik xəbərlər proqramında yarım saat papaqdan danışdılar. Sən demə bizim bu günümüzə düşməyimizin səbəbi Novruzda qapılara papaq atmağımız imiş. Hansı ki, olsa-olsa uşaqlar “çeçenka” dediyimiz çin istehsalı olan köhnə baş geyimini qapı dalına tullayıb pay gözləyirlər. Buna görə “vaveyla, papaq əldən getdi” deyib haray qopartmaq gülməli deyilmi?
A kişilər, bizim o boyda qəbir yerimiz, pirimiz, cənnətməkan torpağımız, Qarabağımız, həm də papağımız düşmənin ayaqları altındadır, bundan danışmırıq, ancaq “çeçenka”nın namusunun hayındayıq. Başımıza mövzumu qəhətdir? Qoy bu kimi “problemlər”dən başqaları, heç olmasa torpaq dərdi olmayanlar danışsın.
Ancaq gəlin görək dərdimiz təkcə Qarabağdırmı? Politoloq Vəfa Quluzadənin Azərbaycandakı “beşinci kolon”la bağlı Musavat.com-dakı xəbərdarlığı əsl mənzərəni ortaya çıxartdı. Bunu şərhlər bölümündə SSRİ tərəfdarları ilə əleyhdarları arasındakı “soyuq müharibə” də sübut edir. Əgər bu şərhçilər arasında Azərbaycan vətəndaşı olan bir neçə nəfər belə “qırmızı ordu”nun geri qayıtmasını istəyirsə, bu, böyük təhlükədən xəbər verir. Rus işğalının qayıtmasını arzulayanlar elə erməni işğalına bəraət verilməsinə bənzər mövqedir. Bəs necə? Azərbaycanı param-parça edən, Demokratik Cümhuriyyətimizi süquta uğradan, 1990-cı il qırğınını, Xocalı qoyqırımını törədən ordunun təkrar Azərbaycana qaytarılmasını istəmək elə dövlətə və millətə xəyanətdir.
Düzdür, Azərbaycanda inciyən, küsən, rüşvət, korrupsiya girdabında əzab çəkən, müstəqilliyin bəhrəsini görənlərin qapısı önündə boynunu bükən, əsassız həbs olunan, haqsızlıqdan ürəyi partlayan çox oldu. Ancaq bunların heç biri rusun dövrünə qayıtmaq arzusuna düşməyə əsas vermir. O halda and yerimiz olan şəhidliklərimiz də öz dəyərini itirəcək. İndiyəcən müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda qurban gedənlərlə fəxr etmirdikmi? Rusun ağuşuna tələsənlər ondan sonra nə ilə qürrələnəcək?
Başa düşüləndir, Rusiyada hər yeni doğulan uşağa görə verilən məvacib, açılan bank hesabı, çoxuşaqlı ailələrə mənzil verilməsi Azərbaycanda çoxlarının gözünü qamaşdırır. Elə bu günlərdə bir məclisdə “sovet vaxtı 8-10 uşağı elə uşaqpulu ilə saxlayırdıq, indi sənin müstəqil ölkəndə nə verirlər!” deyə, ittihamına tuş gəldim. Sanki o dövrdə Azərbaycan insanı süd içib cənnətdən çıxıbmış. Kimsə xatırlamır ki, həmin rusun zamanında kəndli qorxusundan artıq iki inək saxlaya bilmirdi, qız-gəlinlərimiz Keçici Qırmızı Bayraq üçün tarlalarda zülm çəkirdi.
Görünən budur ki, gizli bir qüvvə Azərbaycanda sovet nostaljisi aşılayır, türk birliyinin yaranmasına müqavimət göstərir. Bəlkə də elə belələri Vəfa müəllim demişkən, Rusiya səfirliyinin qeydiyyatında olanlardır. Gizli təbliğatı təkcə üzərinə “SSSR” yazılmış mayka geyinənlər aparmır. Azərbaycanda rus dilinin geniş yayılmasını qanunauyğun hal sayan, rus məktəblərini inkişaf etdirməklə hətta Rusiya rəsmilərini heyrətləndirənlərimiz nədənsə türkcəyə gələndə ehtiyatlı davranırlar. “Bir millət, iki dövlət” dedik, ancaq Türkiyə türkcəsini “əcnəbi dil” kateqoriyasına aid edib türk filmlərini dublyaj etdirdik, türk təhsilinin olduğunu ünvanlara şübhə toxumları səpdik. Daha nəzərə almadıq ki, illik qəbullarda yerli təhsil müəssisələrimizin şagirdləri 150-200 balı güclə topladığı halda, həmin özəl məktəblərin şagirdləri yüksək balla tələbə adını qazanıb.
Bu ölkənin başkəndini xilas edən Nuru Paşaya abidə qoymaq üçün 1 sot yer tapılmadı, amma Rusiyanın hegemonluğuna “hə” dediyi üçün özü də fəlakətli tale yaşamış Nərimanov Bakının yüksəkliyindən hələ də bizə əl edir. Bu illərdə Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulmadı, soyadlardakı “-ov”, “-yev” buxovundan imtina üçün qəti addım atılmadı, dilimizin, millətimizin əsl adı özünə qaytarılmadı. Zahirən mənasız görünə biləcək bu məsələlər həll edilsəydi, indiki qədər sovet nostaljisi ilə yaşayan insanlarımız olmazdı.
Sərkisyan asqıranda da Rusiyadan məsləhət alır. İndiki anda Azərbaycan və Türkiyə arasında ikitərəfli əlaqələrin ən yüksək səviyyədə olmasına çox böyük ehtiyac var. Ancaq bu iki qardaş dövlət bir yerdə olmalı ikən görünən budur ki, onların arasının vurulması istiqamətində növbəti planlar işə salınıb. Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə ünvanlı ittihamlar heç təsadüfə bənzəmir. Azərbaycan və Türkiyənin qardaşlıq nümunəsi olan Çanaqqala savaşı bəzi güc mərkəzlərinə heç sərf eləmir, bu, şübhəsizdir. Deyəsən, masa üzərində yeni bir Çaldıran savaşı planı var axı. Türk əsrində türkləri bir-birinə qarşı qoymaqdan gözəl nə ola bilər onlar üçün. Nurçulardan çox danışdıq axı deyəsən, bəlkə bir az da… rusçulardan bəhs edək. Müxtəlif təşkilatların, mərkəzlərin fəaliyyəti, insanlar arasında təbliğatı sayəsində Rusiya hələ ki, Azərbaycanı fikirdə işğal etməkdədir, nağıllarla, xoşbəxt sabah, yaxşı güzəran, yüksək pensiya, təqaüd vəd etməklə – əsl təhlükə budur. Qapı dalına papaq atmaq bunun yanında nədir ki…
P.S. Bu yazının tezisləri fikrimdə dolanırkən Torqovıdan keçirdim. Fikrimi bir gəncin telefon danışığı dağıtdı: “Odnostoronnı yol var ha, davay, orda vstretimsya”.