Dövlət olaraq bizim bəxtimiz ilk növbədə onda gətirməyib ki, sac altına qoyulan daşlar kimi bir-birinə söykənmiş üç böyük dövlətin – Rusiya, Türkiyə və İranın arasındayıq. Bunlar imperiya ambisiyalı dövlətlərdir və tarix boyu kiçik xalqları, qonşu dövlətləri əsarət altında saxlayıblar.
Gürcüstan, Azərbaycan, Ermənistan isə bu “sac daşları”nın arasında kösöv duran yerdədir. Ona görə də biz – Cənubi Qafqaz dövlətləri həmişə böyük qonşularımızın təsirini hiss edirik. Və heç də həmişə bu təsir müsbət yüklü olmur, əsasən mənfi səciyyəli olur.
Əlbəttə, bu üç dövlət demokratik prinsiplərə, bəşəri dəyərlərə, beynəlxalq konvensiyalara hərfbəhərf riayət edən hakimiyyətlərə malik olsaydılar, Qafqazın kiçik dövlətləri də onlara baxıb düzlənərdilər.
Təəssüf ki, adı çəkilən dövlətlər Avropa standartlarına uyğun dövlət idarəetməsindən uzaqdırlar, bu xüsusda özlərinin xeyli problemləri var – birində (İran) açıq totalitarizmdir, biri (Rusiya) avtoritar rejimə malikdir, üçüncüsü (Türkiyə) isə son on ildə demokratiyadan avtoritarizmə doğru xeyli yol qət edib.
Hazırda hər üç dövlət yasaqlar dövlətidir. Hər gün onlarda nəyinsə məhdudlaşdırıldığı, nəyinsə yasaqlandığı barədə xəbərlər gəlir. İran zatən çoxsaylı yasaqlarına görə bir addım öndəydi, Türkiyəni idarə edən Ərdoğan güruhu artıq tam sürətlə ona çatmaqdadır. Rusiya isə yenidən xarici siyasətində təzyiqə, zora üstünlük verir və təkpartiyalı sistemə keçib (digər partiyaların seçib-seçilmək hüququ formal xarakter daşıyır).
Belə bir şəraitdə ayrıca götürülmüş bir ölkədə sırf xalqın iradəsi ilə formalaşan hakimiyyət institutları bərqərar etmək, özünü Danimarka, Hollandiya kimi aparmaq gerçəkdən də çox çətindir. Qonşular qoymayacaqlar, daima bu ölkəyə nəsə bir yabançı ideologiya, quruluş ixrac edəcəklər.
Məsələn, Gürcüstan demokratik dövlət olmağa, öz hakimiyyətini özü seçməyə, müstəqil siyasət yeritməyə qalxdı, nəticəsi nə oldu? Ölkənin bir hissəsini zor gücünə əlindən aldılar, paytaxtına qədər tank sürdülər. Hələ bu dövlətdə iki partlamayan mina da var və Rusiya onları da aktivləşdirməyə çalışır. Borçalı türkləri Moskvanın fitnəsinə uymasa da, Cavaxetiya erməniləri artıq separatizm yolundadırlar və bir gün ciddi problem yaradacaqlar.
Son aylarda Ukraynanın başına gələnləri də gördük. Ukrayna xalqı üç ay boyunca davam edən gərgin meydan mübarizəsinin nəticəsi olaraq, yalançı, talançı, oğru iqtidar komandasını hakimiyyətdən uzaqlaşdırdı, dövlət başına yeni qüvvələri gətirməyə, müstəqil siyasət yeritməyə çalışdı və dərhal Krımı itirdi. Rusiya patavalı siyasəti ilə öz slavyan qardaşına belə güzəştə getmədi, onun ayrılıb özünə Avropa yurd-yuva qurmaq istəməsinə tablaşmadı.
Regiondakı kiçik dövlətlərin demokratikləşməsi böyük dövlətlərin vecinə deyil. Onlar yalnız bir şey umurlar – sözsüz itaət.
Konkret özümüzdən götürək. Bizə ən yaxın ölkə olan qardaş Türkiyənin rəhbərləri heç vaxt Azərbaycanın demokratik ölkə olub-olmamasına önəm verməyiblər. Onlar hesab ediblər ki, hakimiyyətdə kim olur-olsun, öz xalqı ilə necə davranır-davransın, təki bu ölkənin Türkiyəyə münasibəti dostcasına olsun, enerji resurslarını ona ucuz versin, başqa güzəştlər nəzərdə tutsun.
İrana görə isə Azərbaycanda hakimiyyətdə olan qüvvə öz xalqını istədiyi kimi əzə bilər, amma şiələrə üstünlük verməlidir, cənubdakı milli-vətənpərvər qüvvələrə heç bir dəstək, hətta ümid də verməməlidir, mümkün qədər Qərblə düşmən olmalıdır, Avropaya inteqrasiyadan çəkinməlidir və sair və ilaxır.
Rusiyanın Azərbaycana yönəlik siyasəti də göz önündədir. Bu dövlət hələ 1993-cü ildən etibarən Azərbaycanda vətənpərvər qüvvələrin hakimiyyətə gəlməsi variantını tamamilə istisna edib. Son seçkiyə qədər Azərbaycanda keçirilən prezident və parlament seçkilərinin ssenarisini Moskvadan gələn emissar-texnoloqlar və generallar tərtib edir, mövcud rejimə “yol xəritəsi” təqdim edirdilər. Ona görə də Azərbaycandakı seçkilərin keçirilmə üsulu, qaydası və nəticələri eynilə Rusiyadakı seçkilərin bənzəri olurdu. Hazırda Kremlin Əliyev iqtidarına münasibəti bir qədər dəyişmiş kimi görünür, amma bu, o demək deyil ki, Moskva burada demokratiya dərdi çəkir. Xeyr, Kreml sadəcə bir avtoritar lideri digəri (məsələn, Abbasov soyadlı biri) ilə əvəz etməyin nə dərəcədə faydalı və real olacağını götür-qoy edir.
Regionun kiçik dövlətlərinə münasibətdə böyüklərin açıq-gizli rəqabəti də var. Onlar buranı daima nəzarətdə saxlayırlar. Əgər Rusiya buranın daha öz “arxa bağça”sı olmadığını elan etsə, İran dərhal “mənim əzəli, tarixi ərazim” deyə hərəkətə keçəcək. Hərbi gücə önəm verməyən Türkiyə isə onsuz da bu regiona iqtisadi rıçaqlarla yanaşır, burada yeni bazarlar axtarır və tapır.
Beləliklə, Cənubi Qafqaz ölkələrinin demokratikləşməsi, inkişafı, rifahı xeyli dərəcədə öz böyük qonşularından asılıdır. Elə buna görədir ki, bu dövlətlərdə siyasi dəyişikliklər olanda bu, həmin dövlətlərlə yanaşı, kiçik qonşuların əhalisini də həyəcanlandırır. Hamı sövq-təbii olaraq hiss edir ki, böyük qonşudakı müsbət dəyişikliklər onların da həyatına müsbət təsir edəcək. Yaxud da əksinə.
Bir sözlə, qonşunun demokratik ölkə olmasını istə ki, özün də ola biləsən…