Təəssüf ki, bu 23 ildə Azərbaycan vətəndaşları küll halında müstəqilliyin ləzzətini dada bilmədilər. Sovet tankları ilə əhatə olunmuş meydanda yumruğunu düyünləyib istiqlal uğrunda mücadilə aparanlara müstəqillik dönəmində acı tale yaşadan “Şura hökuməti tərəfdarları” çoxlarını peşman etdi. Düzdür, başımızın üstünə ən hündür dirəkli üçrəngli bayrağımızı qaldırdıq. Ancaq bir çoxları bu bayrağı yenidən qaldıran insanların dəyərini verə bilmədi bu günlərdə.
Bu gün Azərbaycanda SSR-nin tərkibində qalıb-qalmamaqla bağlı keçirilən referendumun ildönümü tamam olur. İmperiya qılıncının dalı-qabağı kəsən günlərdə SSRİ-yə “yox” deyən istiqlalçı deputatlar bu gün məhkəmə qapılarına salınıb. Onlar müstəqilliyinə nail olduqları dövlətindən sadəcə halal pensiyalarını tələb edirlər. Moldovada, Baltikyanı ölkələrdə istiqlalçılara Milli Qəhrəman adı verilib, onlar əl üstə gəzdirilir. Bu qədər sərvəti olan, Monteneqroda ada alan ölkədə Məryəm Həsənova, Hacıbaba Əzimov, Firudin Cəlilov, İbrahim İbrahimliyə təqaüd ayrılması nə çətin iş imiş?
Budur, xəbər yayılıb ki, “Azenco” ASC-nin və Sumqayıt Texnologiyalar Parkının (STP) 8 minə yaxın işçisi yanvar-fevral aylarının maaşını ala bilmir. Görəsən kimsə maraqlanırmı ki, Sumqayıtdakı həmin 8 min işçi hökumətin elan etdiyi 7 günlük bayram tətilini necə keçirəcək, ailəsinə Novruz süfrəsini hansı pulla açacaq? “Azenco”-nin bir işçisi “Turan”a “səsimizi çıxara bilmirik, belə ki, hamı iş yerini itirməkdən qorxur”, deyib. Vaxt vardı Bakı və Sumqayıtdakı müəssisələrin işçiləri tətil elan edib azadlıq mücadiləsi aparır, sovet tanklarının qarşısına əliyalın çıxıb “A-zad-lıq” hayqırırdılar. O boyda qaniçən imperiyaya yumruq göstərən məmləkət insanı müstəqillik uğrunda hər şeyindən keçməyə hazır idi. O zaman məmurlar yalvar-yaxarla fəhləni işə çıxarırdı. İndi müstəqil ölkəsində onun halal haqqını kəsirlər, vətəndaş qorxusundan səsini çıxara bilmir…
Azərbaycanın zəhmətkeş əhalisinə 200-300 manatı da minnətlə verirlər. Ancaq elə müstəqilliyimiz dövründə bu xalqın sərvətlərini talayanların harın balaları Bakının mərkəzində 250 minlik “Galendewagen”-lə adam ovuna çıxır. Azərbaycan ona görə müstəqillik uğrunda qurbanlar verməmişdi ki, günün birində gözünü pul örtən hansısa harın çox dəyərli sənətkarımız Ağasəlim Abdullayevin ailəsini məhv etsin. Hansı ki, belələri sənətkarın tarının bir qırıq siminə belə dəyməz.
Neçə müddətdir məmurla vətəndaş arasında “Sovetski” davası gedir. Küçəyə-dalana yüz milyonlar xərcləyən hökumət nədənsə vətəndaşa gələndə 5 qəpiyindən keçmək istəmir. “Sovetski”ni sökmək hələ sovet ənənələrindən, düşüncə tərzindən uzaqlaşmaq anlamına gəlmir. “Sovetski”ni elə tərzdə sökməyə başladılar ki, insanların bir çoxu müstəqil Azərbaycanda yaşadıqlarına peşman oldu, sovet dövrünə həsəd apardı. Bu yandan da metro ticarətçilərini yarandıqlarına peşman ediblər…
Bu ölkə ona görə müstəqil olmadı ki, Nəqliyyat Nazirliyinin qoçuları istədiyi taksi sürücüsünü təpik altına salıb əzişdirsin. Srağagün də qoçunun ucbatından sürücü maşınını daş-divara çırpıb. Bu xəbəri oxuyan vətəndaş ani olaraq düşünür ki, sovet dövründə müfəttiş belə qoçuluq edə bilərdimi? Təbii ki, dərhal “buynuzsuz” qoyulardı. Mənim nəzərimdə müfəttiş qoçu ilə “Galendewagen”-li qoçunun arasında heç bir fərq yoxdur. İkisi də qanunlara tüpürən, sadə insanları əzib keçməyə hazır olandır. Ancaq gəlin görək Tbilisi prospektində qoçuluq edən müfəttişin “dux”u çatardımı “Galendewagen”-i saxlasın, sənəd-filan istəsin?
“Padşahın taxtını çevirib ağ günə çıxdıq” deyə, meydan qəhrəmanlarını, müstəqillik uğrunda mübarizləri məzəmmət edənlərin sayı artır. Bu, çox təhlükəli tendensiyadır. Özü də yeni SSRİ layihəsinin işə salındığı, ukraynalılar kimi fədakar xalqların imperiyaya qarşı savaş açdığı bir dönəmdə gör bizlər hansı hisslərlə yaşayırıq.
Sovet dövründə hansısa məmur qorxa-qorxa “Jiquli” alırdı, ancaq deyirdi “lotereyada udmuşam”. Müstəqillik bu məmurlar üçün düşərli oldu. Daha Moskvadan qorxu yoxdur, balaları “Galendewagen”-lə avtoşluq edir, adam öldürür. Müstəqil ölkəmizdə deputat oğlu qızları dovşan kimi qovub onlara 8 güllə atır, ancaq ona güldən ağır söz deyən yoxdur. İndi deyin, bu ölkədə kim daha çox müstəqildir..?