“Özbək, türkmən, uyğur, tatar, azər bir boydur Qaraqalpaq, qırğız, qazax – bunlar bir soydur…”
Bütün türklərin himni olan və sevə-sevə dinlədiyimiz Ana yurd marşını yəqin Siyavuş Novruzov da az eşitməyib. Bu, elə bir marşdır ki, onu dinləyəndə qanının cuşa gəlməsi üçün yetər ki, damarından türk qanı axsın, torpağına ayaq basdığın məmləkətə, onun insanlarına qəlbində sevgin olsun. İqtidar və ya müxalifətdə olmağın burda önəmi yoxdur…
Bu mənada Siyavuş Novruzovun Krıma getmək istəyərkən Mahaçqalada saxlanılan və geri qaytarılan Müsavatın başqan müavinlərinə qarşı həqarətli fikirlərini oxuyanda çox təəssüf etdim. Düzdü, Siyavuş bəyin müxalif düşərgəyə ünvanlı sərt fikirlərinə artıq az qala adət etmişik. Daxili məsələlərdə sərt polemikaların olması bəlkə də anlaşılandır. Ancaq bu məsələdə hakim partiya nümayəndəsinin müxalifətçiləri aşağılaması heç yerinə düşmədi və bəlkə artıq özü də bunun fərqindədir. Çoxları üçün bu fikirlər qəribə görünə bilər, ancaq mən cənab Novruzovu türkçü mövqeli deputat kimi tanıyıram. Onun vaxtaşırı Güney Azərbaycan, dünya türkləri ilə bağlı sağlam mövqeləri ilə rastlaşmışam, hətta fars şovinizminin xidmətçisi olan iranlı deputatla Güney mövzusunda apardığı polemikanı da unutmamışam. Bu mənada deputatın Krım türklərinə, qardaş tatarlara mənəvi dəstək üçün yola rəvan olan Arif Hacılı ilə Gülağa Aslanlının mövqeyini aşağılamağa çalışması elə Siyavuş bəyin türkçülüklə bağlı ənənəvi mövqeyini alt-üst elədi. Biz bir soyuqsa, ağır günlərimizdə də bir-birimizə dəstək olmalıyıq, bəlkə belə deyil?
Siyavuş Novruzov deyib ki, Müsavat müavinlərinin Krıma səfərləri baş tutsa belə, həmin proseslərə milçəyin “vızıltısı” qədər təsir etmək gücü yoxdur. Kim deyir ki, başqan müavinləri Krıma çatan kimi rus qoşunu Ukraynanı tərk edəcəkdi? Söhbət proseslərə həlledici təsir etməkdən getmir. Heç bu gün Amerika boyda dövlət şovinist Putini durdura bilmir, o ki, qaldı iki müavin. Lakin bir mənəvi borc məsələsi var. Bu proseslərdə Azərbaycan adının Ukrayna ilə, Krım tatarları ilə yanaşı çəkilməsi bizim özümüz üçün də çox lazımdır. Təkcə ona görə yox ki, sivil dünyada “imzamız imzalar içində” olsun. Həm də ona görə ki, biz GUAM-ın üzvüyük, Krım tatarları qardaşımız, Ukrayna xalqı müttəfiqimizdir, üstəlik Krımdan sonra Putinin hədəfində nəinki Qarabağ, həm də Azərbaycanın qalan 80 faizlik ərazisi olacaq. Düzdür, ehtiyatlı davranmalıyıq, ancaq susmaq çıxış yolu deyil. Jirinovski “Qarabağı Rusiyaya qataq” təklifini ağılsızlıqdan vermir. O, Putinin sabah demək istədiklərini əvvəlcədən ictimailəşdirir, “rus ayısı”nın hansı iştahda olmasının anonsunu verir. Odur ki, biz sabah Rusiyanın qarşısında tək-tənha qalmamaq üçün bu gün də işğala qarşı etiraza qalxan xalqlar və dövlətlərlə birgə olmalıyıq.
Krım tatarlarının lideri Mustafa Cəmilovun Azərbaycan hakimiyyətinə kömək üçün müraciəti elə bu günlərdə oldu. Rəsmi Bakının ehtiyatlı davranışı anlaşılandır. Ancaq ictimai-siyasi təşkilatların Krıma dəstəyinin ələ salınması nəyə lazım?
Azərbaycanın aparıcı partiyasının rəhbərliyinin Krıma getmək cəhdinin özü tatar qardaşlarımıza dəstək deməkdir. Bir anlıq göz önünə gətirin, yarım milyona yaxın türk yarımadada, öz yurdunda rus əsgəri ilə üz-üzədir, onlara azacıq dəstək olmayaqmı? Krıma getmək cəhdi təkcə Arif Hacılı, Gülağa Aslanlının, ya Müsavatın yox, bütövlükdə Azərbaycanın aktivinə yazılacaq. Sabah elə vəziyyət yarana bilər ki, Azərbaycan və Ukrayna hakimiyyətləri bağlı qapılar arxasında olsa belə bu faktı dəstək jesti kimi xatırlaya bilər. Ancaq hakim partiya rəsmisinin bu səfər cəhdini erməni kəşfiyyatı ilə əlaqələndirmək acı təəssüf doğurur. İttiham etmək olar, ancaq yerində, qədərində.
***
Çox qəribə vəziyyətdir. 1991-ci ildə SSRİ-nin saxlanmasına “yox” deyənlərdən biri olan Arif Hacılı bu gün həm SSRİ-ni bərpa etmək istəyən Rusiyanın “qara siyahısında”dır, həm də öz ölkəsində sərt tənqid olunur. Putinin Mustafa Cəmilova dediyinə diqqət etdinizmi? Rusiya prezidenti açıq-aşkar SSRİ-ni diriltməklə bağlı niyyətini tam açıqlayıb. Deyib ki, 1991-ci ildə Ukraynanın müstəqilliyini elan etməsi SSRİ-dən çıxmaq prosedurlarına uyğun olmayıb. Bəhanəyə baxın. Lap Krılovun “Qurd və Quzu” təmsilindəki situasiyadır. Sadəcə Qurd rolunda Ayıdır, müstəqil dövlətlərə “fərqi yoxdur, arxı lillədibsiniz, ya yox, mən SSRİ-ni bərpa edəcəyəm” xəbərdarlığını edir…
Təhlükəlisi budur ki, eyni bəhanələr Azərbaycan üçün də ola bilər. İmperiya xəyallarına qərq olmuş Putinin məntiqi ilə Azərbaycan da SSRİ-dən “düzgün çıxmayıb”. “Əsası” da var. 1991-ci il mart ayının 7-də Azərbaycan Respublikası Ali Soveti xalqın iradəsinə zidd olaraq “SSRİ-nin saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında” qərar qəbul etdi. Məhz bu qərardan sonra martın 17-də Naxçıvan və bir sıra digər yerlədə referendumun ümumiyyətlə keçirilməməsinə və əhalinin iştirak etməməsinə baxmayaraq, səsvermənin nəticələri saxtalaşdırıldı və bəyan olundu ki, Azərbaycan əhalisinin əksəriyyəti SSRİ-nin saxlanmasına “hə” deyir. Putin günün birində bu məsələni qaldıra və “Azərbaycan da SSRİ-nin tərkibindən düzgün çıxmayıb” deyə bilər. Yaxud deyər ki, Ali Sovetin 360 deputatından cəmi 43-ünün iradəsi nəzərə alınıb və proseslər Azərbaycanın SSRİ-nin tərkibindən “qeyri-qanuni” çıxmasına səbəb olub. Bəlkə deməz? Ötən il Putin hərbi gəmilərin müşayiəti ilə Pyotrsayağı Bakıya elə-belə gəlməmişdi. Sadəcə mesaj verirdi. Dağıstandakı rus qoşunlarının sayını artırılması da təsadüf deyildi. Sadəcə araya Ukrayna girdi…