Nərmin Hüseynli elə 17 yaşında qaldı, 18-ə adlaya bilmədi. Xocalı soyqırımı günü dərdinə əlac tapılacağı ümidilə Türkiyəyə aparılan gənc xanımın məkanı Saray qəbiristanlığı oldu. Çox istəyirdi yaşasın, ancaq nə ona dəstək verən, müalicəsi üçün lazım olan 150 min manatın yığılmasına təşəbbüs göstərənlərin, nə də dünyaca məşhur İstanbul Memorial Klinikasının həkimlərinin çalışmaları fayda vermədi.
Neçə müddətdir “bacımı ölməyə qoymayın” deyib kömək diləyən Mehin doğmaca bacısını, Azərbaycan isə daha bir gül balasını itirdi. Kim bilir, yaşasaydı Nərmin ölkəsi və milləti adın nələr bəxş edəcəkdi…Ancaq savadsız həkimlər ona bu şansı vermədilər. Ancaq Nərmin həkim səhlənkarlığının tək qurbanı deyil.
Azərbaycanda həkim səhlənkarlığından dünyasını dəyişənlər, sağlamlığını itirənlərin sayı günbəgün artır. Bu səhlənkarlıq nə
iqtidar tanıyır, nə müxalifət. Sadəcə imkanlı adamlar, məmurların dişi belə ağrıyan kimi ölkə xaricinə üz tuturlar deyə, həkim səhlənkarlığından xilas ola bilirlər. Hətta mən həkimlər tanıyıram ki, onlar da övladlarını Azərbaycan səhiyyəsinə etibar etməyib xaricə müayinə və müalicəyə aparırlar. Çünki səhiyyənin gerçək durumundan xəbərdardırlar.
Öz çevrənizdəki adamların xəstəxanalarda üzləşdiyi müsibətləri xatırlamağınız kifayətdir ki, səhiyyəmizin durumuna qiymət verəsiniz. Bu günlərdə iki aylıq körpənin böyrəyində “daş aşkar edən”, dərhal Türkiyəyə getmək tövsiyəsini verən özəl klinikanın həkimlərindənmi danışaq, yoxsa sancılanmış xəstədə heç nə aşkarlanmadığı üçün 7 min manatın müqabilində dərhal əməliyyat stoluna götürmək qərarı verən ağ xalatlı cəlladdanmı? Vəziyyət fəlakətlidir. Genefondumuzun qəsdindədir həkim adına ləkə gətirənlər. Onlar əsl həkimlərimizi, bu sahənin vicdanlı, fədakar insanlarının da adına xələl gətirirlər.
***
Bir müddət öncə Müsavat Partiyasının Məclis üzvü Valeh Hümmətoğlunun nəvəsi 2 yaşında dünyasını dəyişdi. Yenə həkim səhvindən! Qrip əlamətləri olan uşaq ona vurulan bir iynədən şok keçirib dünyasını dəyişdi. Özü demişkən, Valeh bəy nəvəsi ilə nəfəs alırdı, balacanın yumruğunu düyünləyib şirin-şirin “Azərbaycan” deməsi onunçün bir dünya idi. İndi baba “bütün dünyamız tar-mar oldu” deyir. Ancaq dünyası alt-üst olan təkcə bu ailədirmi? Elə bu günlərdə həkim səhlənkarlığının qurbanı olan körpəyə kömək üçün müraciətlər yayılıb, xaricdə müalicə olunması üçün böyük vəsait lazımdır.
***
Keçən ilin payızında cərrahiyə əməliyyat zamanı vəfat edən Elnarə Tofiqqızının həyat yoldaşı Anar Niftəliyev neçə müddətdir günahkarların cəzalandırılması üçün çalışır, müraciətlər edir. Ancaq bu günə qədər həyat yoldaşının ölümünə bais olanların məsuliyyətə cəlb olunmasına nail ola bilməyib. Budur, jurnalist həmkarımız həyat yoldaşının qətlində iştirakçı olanların rüşvətlə qurtulduğunu deyir, konkret adlar çəkir. Ancaq görün bu qədər ciddi ittihamlardan sonra da müvafiq qurumlar hərəkətə keçirmi? Bir insanın ölümünə bais olan həkimlər yenə də öz işindədir, başqa xəstələri əməliyyat edirlər. Buna imkan yaradanların özləri də baş verə biləcək növbəti bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqlarının fərqində deyillər.
***
Həkim səhlənkarlığının qurbanlarından daha biri yaşamaq uğrunda mübarizə aparır. Qarabağ müharibəsi veteranı, Kəlbəcərdən olan məcburi köçkün, jurnalist Müslüm Məmmədovun vəziyyəti ağırdır. Bir neçə xəstəlikdən əziyyət çəkən jurnalist kompleks müalicə olunmasa, həyatını itirə bilər.
Lent.az-da bu barədə materialı oxudum. Jurnalist həmkarımızın iki körpə balasını atalarının yatağı başında görmək çox ağrılı səhnəydi. Məsələ bundadır ki, Müslümü də bu duruma həkimlər salıb. 1991-1994-cü illərdə Kəlbəcər və Ağdərə uğrunda gedən döyüşlərdən, 10 günlük erməni mühasirəsindən sağ çıxan Müslüm bəzi savadsız həkimlərin əlindən yarımcan çıxıb. 2011-ci ildə dişlərini müalicə etdirərkən jurnalisti Hepatit C virusuna yoluxdurublar. 1 il İranda müalicə alsa da xeyri olmayıb. İndi ona Türkiyə, ya da Almaniyada müalicə olunmağı məsləhət görüblər. Tehrandan gələn tanışım deyir bu gün İran xəstəxanaları Azərbaycandan gedən Hepatit C daşıyıcıları ilə doludur. Vəziyyət bu qədər fəlakətlidir.
Faciənin miqyasını bilmək istəyənlər, “həkim səhlənkarlığı” yazıb Google-də axtarış versin. Mən axtardım, təkcə bu söz birləşməsinə aid 20 min 200 məlumat çıxdı. Ucqar kəndlərdə bineyi-qədimdən qoca nənələr, savadsız qadınlar mamaçalıq edər, hər evə 8-10 uşaq bəxş eləyərdilər. Ancaq bu gün ən müasir avadanlıqlarla təchiz olunan ölkə xəstəxanaları, doğum evlərində qara kabus dolaşır, vaxtaşırı ana və ya uşaq ölümləri barədə xəbərlər gəlir. Hansı ki, bu ünvanlarda bir uşağın dünyaya gətirilməsinə orta hesabla 1000 manat qiymət oxunur. “Nə baş” verir sualına isə cavab axtaran ciddi qurumlar yoxdur.
***
Yazının əvvəlində Xocalı soyqırımını xatırlatmışdım. Xocalıda həlak olanların sayından çoxdur həkim səhlənkarlığının qurbanı olanlarımız, gəlin görək bunun fərqindəyikmi? Heç bir günahı olmayan məsum körpələrin, hətta ana bətnində ikən tələf edilən çocuqların, Nərminin, onun yaşıdlarının qatilləri də ən ciddi cəzalara layiq görülməlidir. Daha çox qazanmaq naminə xəstədə “ağır xəstəliklər tapan”, heç bir problemi olmayan adamları əlbir olduğu həkimin üstünə göndərib ona da pul qazandıran ağ xalatlı cani ilə erməni cinayətkarın arasında nə fərq var? Biri Qarabağın işğalı üçün cinayət törədib, o biri bizim Qarabağı qaytaracaq vətəndaşlarımızın, Vətənə əsgər doğacaq xanımlarımızın canını alıb və almaqdadır.
…Bu yazını yazanda televiziyada özəl klinikalardan birinin şıdırğı reklamı gedirdi. Təzə qurban istəyirdi ağ xalatlı birisi…