Yəqin xəbəriniz var, Azərbaycan Avropanın Qaradağında (Çernoqoriyada) – Monteneqroda 7 ulduzlu otel tikəcək. Vaxtilə bizim “Mixaylo”nun Visilin lə, Anjeliko ilə bərabər döyüşdüyü ellərdə, Adriatik dənizindəki adada SOCAR 500 milyon avroluq layihəni icra edəcək. ARDNŞ vaxtilə bu ölkədə Yuqoslaviyaya məxsus hərbi bazanın yerləşdiyi Kumbor adasını nə az-nə çox, 320 milyon dollara icarəyə götürüb.
Bu barədə yayılan rəsmi məlumatda deyilir: “Anlaşmaya görə, şirkət birinci dörd ildə adada kurort və turizmin inkişafına 52 milyon avro yatırmalıdır. İcarə razılaşmasının imzalanmasından sonrakı 8 ildə isə SOCAR tərəfindən adaya 258 milyon avro yatırılacaq. Bildirilir ki, SOCAR 45 illik icarə haqqını bəribaşdan ödəyəcək, bu zaman adadakı daşınmaz əmlakın hər kvadratmetri cəmi 1 dollardan hesablanıb. Kumbor adalarında yerləşən və hazırda boş olan hərbi bazanın ərazisi 241.695 kvadratmetrdir. Layihəni 2016-cı ildə başa çatdırmaq planlaşdırılır. İnşaat dövründə 6500, tikinti işləri tamamlandıqdan sonra isə daha 1200 iş yeri açılacaq. Tikinti layihəsinin şərtlərinə müvafiq olaraq, ARDNŞ Kumborda “Orjenski” kazarma sahəsini 90 il icarəyə götürəcək”.
13.812 kv.km ərazisi, 700 minə yaxın əhalisi olan 21 bələdiyyədən ibarət balaca bir ölkəyə Azərbaycanın bu qədər böyük vəsait yatırması maraqlı məsələdir və xeyli suallar doğurur. Bu vəsait turizm imkanları geniş olan Şimali Kipr Türk Cümhuriyyətinə yatırılsa, daha faydalı olmazdımı? Həm faydasını türklər görər, həm də daha etibarlı addım olardı. Üstəlik də Şimali Kiprin ayaqda qalmasına töhfə verilərdi.
*****
Kumbor adalarında tikiləcək oteldə işləməsi nəzərdə tutulan 6500 işçidən, yaxud tikinti işləri tamamlandıqdan sonra orda açılacaq 1200 iş yerindən 100-cə dənəsi azərbaycanlıya aid olsaydı, deyərdim, qoy tikilsin, həmvətənlərimiz də çörək qazanacaq. Özü də SOCAR-ın otel-ada layihəsi Azərbaycan neftçilərinin kütləvi ixtisarı dövrünə təsadüf edir. Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev özü də etiraf edib ki, neftçilərin ixtisarı davam edəcək. Şirkət rəhbəri ixtisarların səbəbi kimi şirkətin öz işini “müasir standartlara uyğun olaraq həyata keçirməsi” ilə izah edib və deyib bu, təbii qarşılanmalıdır. Təbii ki, təbii qarşılaya bilərdik. Amma SOCAR Azərbaycanda ixtisarları həyata keçirdiyi bu günlərdə Avropanın Qaradağına yüz milyonlarla yatırım qoyursa, burda iş yerlərini bağladığı halda Monteneqroda iş yerləri açırsa, təbiilikdən əsər-əlamət qalmır axı.
Necə olur Azərbaycana iş qurmağa gələn əcnəbi şirkətlər öz vətəndaşlarını burda işlə təmin edir, amma SOCAR yarım milyardlıq layihədə işsiz azərbaycanlıları nəzərə almır? Kəsəsi, adam belə şeyləri fikirləşdikcə təbii olmaq əvəzinə əməlli-başlı təbdən çıxır. Fakt budur ki, Azərbaycan büdcəsinin, valyuta ehtiyatlarının böyük hissəsini neft gəlirləri təşkil edir. Bu günədək Azərbaycanda 10 minə yaxın neftçi ixtisar olunub və bu rəqəmin 25 minə çatacağı gözlənilir. Yəni Rövnəq müəllim o pulların qazanılmasında tər tökmüş insanları ixtisara saldığı bu günlərdə həmin milyonları aparıb bir adaya yatırır ki, nə vaxtsa burdan gəlir götürəcək.
Atalar deyib əvvəl evin içi, sonra çölü. Yəni Azərbaycanın özündə turizmin inkişafı üçün böyük potensial olduğu halda bu pulları Azərbaycanın bölgələrinə, Naxçıvana, Tərtərə, Gədəbəyə, lap elə bizim Qaradağa yatırmaq, sabah ordan da rahat gəlir götürmək olardı. “Təbii səbəblərdən” ixtisar olunmuş neftçilərin işlə təmin olunması üçün SOCAR ölkəmizə yatırım qoysaydı günahmı olardı? Bunun üçün kifayət qədər əsaslar da var. İşsizlərin sayı ən azı keçmiş neftçilərə görə artıb, turizm üçün imkanlar var, qarşıdan Avropa Yay Oyunları gəlir və turistlərin sayının artacağı gözləniləndir. Elə isə niyə Azərbaycan neftinin pulları Azərbaycana deyil, xarici ölkələrə yatırılır? Bəlkə bizim məmurların özləri də bu ölkəyə yatırım qoymağa etibar etmir, ona görə?
Sabah Çernoqoriyada əhalinin 40 faizinə yaxınını təşkil edən serblərin yenə bir hoqqa çıxaracağı halda qoyulan yatırımın taleyi necə olacaq, heç kəsə məlum deyil. Xatırlayırsınızsa, ABŞ-ın “NCH Capital” şirkəti tenderdə SOCAR-a uduzmasını həzm edə bilmir və tenderin nəticələrinin etibarsız sayılması üçün Monteneqronun Ali Məhkəməsinə müraciət etmişdi. Hansı ki, Amerika şirkəti Monteneqro hökumətinə SOCAR-dan daha çox – ərazinin hər kvadratmetrinə 2 avro, üstəlik də, gəlirin 5.1 faizini təklif edirdi. Günün birində ABŞ Monteneqroda inqilabi situasiya yaradarsa və yeni hakimiyyət ordakı bütün layihələri qanunsuz sayarsa, Azərbaycan xalqının pullarını kim qaytaracaq?
*****
2014-cü ilin 2 ayında Azərbaycanda 63 nəfər (!) intihar edib – bir çoxu da sosial problemlər ucbatından. Bu gün tələbələr təhsil haqqını ödəyə bilmir, pensiyaçının təqaüdü dərmanına belə çatmır, müəllimin gözü şagirdin, həkimin nəzəri xəstənin cibinə dikilib. Ancaq SOCAR aldığı adaya görə Monteneqroya 45 ilin icarə haqqını avans olaraq qabaqcadan ödəyir. Pulumuz bu qədərmi çoxdur dənizin ortasında ada alırıq? Bəlkə SOCAR Qarabağı almaq üçün də layihələrə başlasın…
Avropanın Qaradağından – Çernoqoriyasından yazdım, Bakının Qaradağ rayonunda, Lökbatanda baş verən hadisə yadıma düşdü. Ötən həftə bu rayonda 115 nəfər qazdan zəhərləndi, 1 nəfər dünyasını dəyişdi. Dedilər qaz sızmasını bildirən odorant maddəsini qazın tərkibinə çox qatıblar deyə, bu hadisə baş verib. Qəribədir vallah, Azərbaycandakı Qaradağın camaatına verilən qaza odorant maddəsini çox qatıb onların həyatını zəhərə döndərirlər, Avropadakı Qaradağın əhalisi üçün isə 7 ulduzlu dəbdəbəli otel tikmək üçün yüz milyonları sərf edirlər. Nə olar bizim qaradağlılara da normal insan kimi yanaşın da. 7 ulduzlu otel istəmirlər, heç olmasa daxmalarına verdiyiniz qazın odorantını az eləyin…