Rusiyanın Ukraynaya yönəlik isterikasını, təhdidlərini, təxribatçı addımlarını, qana susamışlığını, ədalətsiz davranışlarını müşahidə edirsən və mat qalırsan: bu ağılla, bu iddia ilə dünyanın ən qüdrətli dövlətini necə idarə edirlər?
Əlbəttə, mütləq kimlərsə tapılacaq ki, deyəcəklər: elə bur cür idarə ediblər ki, bu gün Rusiya ərazisinə görə dünyanın ən böyük dövlətidir.
Burası həqiqətdir. Rusiya tarixən qonşuluğunda yerləşən zəif, azsaylı xalqlara, kiçik dövlətlərə qarşı işğalçılıq siyasəti yeridərək, onların torpağını ilhaq edərək, özlərini tədrici assimilyasiyaya uğradaraq bu böyüklükdə əraziyə sahiblənib.
Lenin əbəs yerə Rusiyanı “xalqlar həbsxanası” adlandırmamışdı.
Rusiyanın Çingiz xandan əxz edilmə, Pyotrdan qalma “daha çox ərazi zəbt eləmək, dünya nəhəngi olmaq” siyasəti hələ də davam edir.
Bu dövlətin Ukraynanın başına gətirdiyi oyunlar isə artıq heç bir dəftər-kitaba, o cümlədən beynəlxalq konvensiyalara sığacaq iş deyil.
Ancaq, baxaq görək, Yer üzünün ən azman dövləti ən xoşbəxt, ən firavan, ən qüdrətli dövlət ola bilibmi? Olmayıb. Çünki bu, qonşuları boğmaq, hamıyla düşmənçilik etmək yolu ilə mümkün deyil.
Ukraynanın Rusiyanın vassalı olmaqdan imtina etməsi hələ onun bu dövlətə qarşı olması demək deyildi. Rəsmi Kiyev Avrointeqrasiya yolu seçsə də, slavyan qardaşlığı faktorunu əsas götürərək heç vaxt Rusiyaya qarşı düşmənçilik etməyəcək, düşmənçilik edənlərə qoşulmayacaq, hətta lazımi anda onlara kontr qoyacaqdı.
Ancaq Rusiya öz hərəkətləri ilə 46 milyonluq əhalisi olan bir dövləti özünə düşmən hala gətirməkdə, bütün Avropa ilə münasibətini kəskinləşdirməkdə, region dövlətlərinə də, özünə də böyük problemlər yaratmaqdadır.
Bu, Napoleon və Hitler kimi qaniçənləri ram etmiş qoca Avropadır. O, dovşanı arabayla tutmağı, aqressora qarşı effektiv ittifaqlar yaradaraq, onu təkləməyi, çökdürməyi bacarır.
Əgər Rusiyanın Ukraynaya qarşı hərbi-siyasi təcavüzü Avropa ağalığı iddiasıdırsa, bunun iflasla nəticələnməsi qaçılmazdır.
Zatən, Rusiya bütün Avropanı özündən, özünün karbohidrogen resurslarından asılı vəziyyətə salmaq üçün illərdir çalışır, Avropanın enerjidaşıyıcılarla təmin edəcək bütün layihələri vurur, bu sahəni öz inhisarında saxlamaq üçün əlindən gələn hər şeyi edir.
SSRİ dövründə Rusiya bütün dünya üçün təhlükə idi, Vyetnamdan, Kambocadan tutmuş ta Kuba və Nikaraquaya qədər böyük bir arealda ortalığı qarışdırır, inkişaf etməkdə olan üçüncü sinif ölkələrdə “marksist inqilabları” (əslində dövlət çevrilişləri) törədirdi.
İndi Rusiya Avropa üçün təhlükədir. SSRİ-nin dağılmasından keçən bu 23 ildə Kreml öz imperiya ambisiyasını bir an da olsun boğmayıb. Sadəcə, Moskva zəif olduğu vaxtlarda öz aqressiyasını istədiyi kimi nümayiş etdirə bilmirdi. Bununla belə, Kreml SSRİ-dən ayrılmış keçmiş müttəfiq respublikalara “sırf müstəqillik sevdası”na düşməməyi tez-tez başa salır, bu ölkələri özünün “arxa bağça”sı saydığını isə dünya birliyindən gizlətmirdi.
Hazırda bu dövlət Qərbin Ukraynadakı inqilabi hərəkətləri dəstəkləməsini, rusyanlı prezident Viktor Yanukoviçin istefaya göndərilməsini “arxa bağça”sına təcavüz sayır və hesab edir ki, bağçasının çəpərlərini möhkəmləndirməli və onu özü, həm də daha yaxşı qorumalıdır.
Dünya birliyi isə şokdadır: yəni 21-ci əsrin bu vədəsində, dövlətlərarası münasibətləri tənzimləyən saziş və konvensiyalara riayət olunmasına nəzarətin güclü olduğu bir vaxtda BMT üzvü olan bir dövlət bu təşkilatın üzvü olan başqa bir dövlətə qarşı necə hərbi aqressiyaya əl ata bilər?
Hazırda ABŞ və bütün Avropa bunu anlamağa çalışır. Çin, Venesuela və digər totalitarizm, avtoritarizm, despotizmin yuvası olan ölkələr isə təbii ki, Rusiyaya qahmar çıxırlar. Çünki qafa qafaya yaxındır, onlar bir qəlibdən çıxma rejimlərə malikdirlər, həmişə haqsızın, zorakının yanında yer alarlar.
Bəs Ukrayna xalqı və dövləti bu yeni situasiyada nə edəcək? Güman ki, müharibə olmayacaq, hərbi eskalasiya müşahidə olunmayacaq. Amma Avropada soyuq müharibə başlayacaq və Ukrayna xalqı Kremlə nifrətlə baxa-baxa, dirçəlməyə çalışan neo-imperiyanın yüz fel ilə boğulmasına tamaşa edəcəklər.