Xalid Kazımlı
Bilirsiniz, Çində nəsə istehsal etmədən yaşamaq çox çətindir, Azərbaycanda isə nəsə istehsal edərək yaşamaq. Ona görə də bu gün o ölkədə diş çöpündən, sancaqdan tutmuş qırıcı təyyarələrə, sualtı qayıqlara, kosmik gəmilərə qədər dünya üzərində istehsal oluna biləcək hər şey istehsal edirlər.
Bizdə isə adi pampers belə istehsal olunmur.
Biz Çində istehsal edilən məmulatlara “kitayski mal” deyə aşağılayıcı tərzdə rişxənd edirik, öz istehsal etdiyimiz şeylər isə heç “kitayski” də deyil.
Bizdə nəinki çoxşaxəli istehsal sahələri yoxdur, heç ona təşəbbüs göstərən də ortada görünmür.
“Ölkədə əlverişli investisiya mühiti var” deyənlər düz danışmırlar. Bu ölkədə heç bir biznes mühiti yoxdur.
Biz prinsipcə, istehsala qarşıyıq. Bu ölkədə nəsə bir şey istehsal edənlər heç vaxt çox mənfəət götürə bilməzlər – əgər onun inhisarçısı deyillərsə, əmtəələrini dünya bazarındakı analoji malın qiymətindən bir neçə dəfə baha təklif etmirlərsə.
Hər şey o yana dursun, bu ölkədə hətta adi qəzet, kitab istehsal etmək olmur. Yüz cür əngəllər törədilir, təzyiqlər edilir.
Ötən ilin sonunda qəzetlərin başına gətirilən oyunları gördünüz. Camaatın az-çox qəzet-kitab aldığı məkanları – metrostansiya tunellərindəki piştaxtaları yığışdırdılar. Köhnə qəzetsatanlar indi oyuncaqlar, alt paltarları, kəmər, portmanat kimi şeylər satırlar.
Srağagün isə ölkənin ən məhsuldar nəşriyyatı “Qanun”a külli miqdarda (150 min manat) cərimə kəsiblər.
Sanki bu nəşriyyat kitab yox, “Buqatti” markalı avtomobil istehsal edirmiş və gəliri aşıb-daşırmış.
Hələ bir baxaq, görək, “Qanun” nəşriyyatı öz işçilərinin – yazıçıların, tərcüməçilərin, redaktorların, korrektorların, dizaynerlərin maaş və qonorarlarının çatdırıb verə bilirmi ki, dövlətə də heç nədən 150 min manat versin?
Ölkədə cəmi bir neçə min oxucu var. Onlar da nəşr olunmuş kitabları seçmə üsulu ilə alırlar. Yəni bir oxucu istehsal edilmiş hər 10 kitabdan 3-nü alır. Nəşriyyat rəhbərliyi tez-tez yarmarkalar, təqdimatlar, imza günləri keçirir ki, kitabçılıq sektoru çökməsin, 99,99 faizi kitab oxumayan (tələbələr xaric) ölkə kitabsız, 3-5 yaradıcı adam işsiz qalmasın.
Amma buna fikir verməsinlər, adi bir nəşriyyatın kitablarla qalaqlı ofisinə bir bölük əməliyyatçı hücum etsin, zorakı müsadirələr həyata keçirsin, daha sonra isə müəssisənin bir ildə qazanacağı (hələ o da işlər rəvan getsə) vəsaiti cərimə adıyla əlindən almaq istəsin.
Belə bir ədalət varmı?
Nə olsun ki, seçkilərdə hansısa prezidentliyə namizəd məhz bu nəşriyyatda seçki bukleti, təbliğat materialları çap etdirib? Nəşriyyat ona görə nə qazanmışdı? 3-5 manat. İndi o 3-5 manatın əvəzini 150 min manat verməklə ödəməlidirmi?
Sonra da biznes sahəsinə dövlət qayğısından, dövlət himayəsindən danışırlar.
Amma o tərəfdə yüksək mənsəbli dövlət məmurlarının qeyri-rəsmi şəkildə sahib olduqları otellərdən, şadlıq saraylarından, supermarketlərdən o qədər vergi alınmır. Hamısı vergidən milyonlarla manat həcmində vəsait yayındırır. Bir ara hətta yüksək mənfəətlə işləyən obyektlərin elektrik, qaz, su və sair kommunal xərclərə görə borclu olduqları müəssisələrə ödəniş etmədikləri də məlum olmuşdu.
Xırda ticarətçilərin, “xaltura” edənlərin, gündə 5-10 manat pul qazananların dərisinin soyulduğu bir ölkədə hər gün milyonlar qazanan məmur-oliqarxlara üz görməklə nə əlverişli biznes mühitindən danışmaq olar, nə də sağlam rəqabətdən.
Bu xasiyyət və vərdişlərlə bizi ümummilli fəlakətdən qurtaran amil karbohidrogen ehtiyatlarıdır. Onlar olmasa çoxdan dərələrdən həşarat yığıb yeyən Zimbabve camaatının gününə düşərdik.
Hamı da çox gözəl anlayır ki, neft-qaz azalan, tükənən sərvətlərdir. Bununla belə, ölkəyə xaricdən idxal olunan məmulatların yerli istehsalına girişən yoxdur. Çünki tamahkar məmurların, rüşvətxor müfəttişlərin, xərac tələb edən müftəxorların üzündən məhsulun maya dəyəri şişdikcə şişir.
Budur, xəbər sızıb ki, “Qanun”a 150 min manatlıq cərimənin müəyyən məbləğdə rüşvət müqabilində azaldılmasının mümkün olduğu barədə eyhamlar edilib. Ancaq nəşriyyatda nə cərimə verməyə pul var, nə də rüşvət verməyə.
Hökumətin dediyi olsa və müəyyən miqdarda vəsait “Qanun”dan çıxsa, bunun əvəzini kitabı daha baha alan oxucular ödəyəcək. Onda demək olmayacaq ki, kitablar niyə bahadır. Çünki kitabların niyə baha olduğu ortadadır. Yerli istehsaldır, ona görə.