Bu yaxınlarda möhtərəm cənab prezidenti jurnalistlərin dostu elan etdilər. Mətbuat Şurası, ya da “Ruh” jurnalistlər təşkilatı sorğu keçiribmiş, ona əsasən cənab prezident (hər dəfə dövlət başçısından yazarkən mütləq “cənab” sözü olmalıdır, qanunvericiliyin tələblərindən biridir, əməl etməyənləri Kürdəxanıya salırlar, ancaq ən yaxşısı “möhtərəm cənab” yazmaq və bunu yazarkən ayaq üstə durmaqdır – qeyd edim ki, hər bir jurnalistin başı üzərində gizli kamera vardır, “möhtərəm cənab prezident” yazarkən ayağa durmayanları qeydə alır) jurnalistlərin dostu elan edilmişdir.
Yeri gəlmişkən, bu “Ruh” təşkilatının adı olduqca məzmunludur, çağdaş dövrümüzün ictimai-siyasi inkişaf dinamikasına uyğundur. Ruh – kimsə öləndən sonra ondan uçub gedən bir şeydir. İndi bizdə də jurnalistika ölüb, ruhu qalıbdır. Sevimli şairim Cabir Novruz demişkən, qoy millətdə ruh yaşasın! (Bezib “Sən artıq bunu neçənci yazıda sitat verirsən?” deyən oxucunun gözündən öpürəm. Bizi belə diqqətli oxucular yaşadır).
Mövzumuza gələndə, mövzumuz gördüyünüz kimi, dostluq, qardaşlıq mövzusudur. Yox, yanlışlıq olmasın, burada Müsavat və AXCP arasında əbədi dostluq münasibətlərindən bəhs etmək fikrim yoxdur. O artıq dərsliklərə salınır, dünya xalqları arasında misilsiz örnək kimi öyrədilir. Misal üçün, Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertləri İsrail-Fələstin münaqişəsi bölgəsində, canım sənə desin, Qəzza sektorunda ərəbləri və yəhudiləri hər şənbə bir araya toplayır, onlara deyirlər: “Bax, cəbhəçilər və müsavatçılar kimi mehriban olun, dünya fanidir, niyə dalaşırsınız?”
Yaxud Avropa Birliyində hər hansı iqtisadi, siyasi problem yarananda Strasburqda əsas tezis bilirsinizmi necə olur? Belə: “Əgər dünyada İsa Qəmbər və Əli Kərimli qardaşlığı varsa, biz niyə bu problemi həll edə bilmirik? Dünya yaxşılıq dünyasıdır. Yolumuz Rəsulzadə-Elçibəy yoludur. Bütün yollar Ramanıya aparır. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ta keçib, o sitatı yenə yazaq: Qoy millətdə ruh yaşasın!”
Dost, ümumiyyətlə, nədir? Bu söz necə yaranıbdır? Yazım, onu da biləsiniz. Dost – Dəmir, Od, Su və Torpaq sözlərinin baş hərflərindən yaranmışdır. Mənası isə budur ki, dəmir kimi möhkəm, od kimi istiqanlı, su kimi təmiz, torpaq kimi əbədi olan münasibətlərə dostluq deyilir. Dostluq gərək təmənnasız olsun. Ortada qəzet köşkü, KİVDF yardımı varsa, bunun özü dostluğu möhkəmləndirir.
Sözümün canı nədir? Prezident jurnalistlərin dostudur. Bunu yadda saxlayın, ya da bir qırağa yazın, qalsın. Başqa yöndən, təzəlikcə Bakı Dövlət Universiteti müğənni Alim Qasımovu “BDU-nun dostu” elan elədi. Düzü, Alim müəllim BDU-nun konkret hansı toyunda, konsertində oxuyub, bəlkə hüquq fakültəsində dərs deyir – bunlar haqda heç bir məlumatımız yoxdur. Heç qurdalamaq da lazım deyil. Əsas odur dostluq olsun. Həmişə günəş olsun, həmişə sülh olsun, həmişə olum mən! Çünki mən olmasam qəzetdə nə oxuyarsınız?!
İkincisi, – düzdür, birincisi nə idi, heç bilinmir, ancaq yola verin getsin – Alim Qasımov benzin bahalaşmazdan öncəki prezident seçkilərində möhtərəm cənab prezident Əliyevə səs vermək üçün reklama çəkilmişdi. Yəni, o da prezidentin dostudur.
Nəticə olaraq belə gözəl dairə yaranır: prezident jurnalistlərin, Alim Qasımov prezidentin dostudur, BDU isə Alim müəllimin. Deməli jurnalistlər Alim müəllimin dostudur, çünki dostunun dostu mənim də dostumdur – belə müdrik afyorizm vardır. Eyni zamanda, jurnalistlər BDU-nun da dostu olur. Mən jurnalist sayılıram, Həsrət adında bir dostum var, indi Rusiyanın Çelyabinsk şəhərində qarpız satır. Mən BDU ilə dost olduğum üçün Həsrət də avtomatik Alim Qasımovun dostu çıxır. Halbuki Həsrəti doğrayasan muğamata qulaq asmaz.
Doğrudan da iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.